“Ölkəmizin Konstitusiyasında qeyd olunan Rusiya Federasiyasının subyektinə çevrilmiş ərazilər(Ukraynanın 4 vilayətinin tam ərazisi-red.) Rusiyanın ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz və müzakirə olunmayan faktdır”.
“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Bununla da Peskov Donald Trampın son bəyanatına münasibət bildirib və göstərib ki, Rusiya Ukraynanı işğal planından vaz çəkmək fikrində deyil. Belə ki, bundan öncə Tramp Ukraynaya mümkün qədər çox ərazini qaytarmağa kömək edəcəyini demişdi. Peskov isə əksinə, Rusiyanın hələ Ukraynanın nəzarətində olan məlum suveren ərazilərini də istədiyini bildirib və daha əvvəl Sergey Lavrovun bəyan etdiyi işğalçı tezisləri təkrarlayıb.
Bununla yanaşı, Peskov yenə Trampla bağlı müsbət fikirlər səsləndirib: “Bizim gördüyümüz odur ki, Prezident Tramp özü danışır və başqalarını da dinləməyə hazırdır. Bu, çox vacibdir və bu, indiki Vaşinqton administrasiyasını əvvəlki administrasiyadan əsaslı şəkildə fərqləndirir”.
Eyni zamanda, Peskov Ukraynadakı müharibə ilə bağlı vəziyyəti “çox mürəkkəb” adlandırıb və qeyd edib ki, Kreml “asan və sürətli” həll gözləmir.
“AzPolitika.info”


Şərhlər