ABŞ Prezidenti Donald Trampın çılğın və optimist bəyanatlarına rəğmən, Rusiya Ukrayna ilə bağlı irticaçı mövqeyini qətiyyən dəyişmir. Ortada hələ ki, “danışıqlara hazırlıq danışıqları”ndan başqa heç nə yoxdur. Gələcək danışıqların isə “danışıq xatirinə danışıq” olacağı ehtimalı getdikcə çoxalır…
“Vladimir Putinin və onun yaxın ətrafının bəyanatları göstərir ki, Putin maksimalist ərazi ambisiyalarını qoruyur və ərazi güzəştlərinə getməyəcək”.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.
Amerikalı analitiklərinin qeyd etdiyi kimi, Putin ABŞ-nin təklif etdiyi danışıqlar şərtlərini rədd edir və davamlı olaraq Ukraynadan öz ərazilərindən imtina etməsini tələb edir. İnstitut xatırladır ki, Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin idarə heyətinə yeni müraciətində “Rusiyanın Donbassda əməliyyatları intensivləşdirəcəyini” bəyan edib. Həmçinin, fevralın 27-də Kremlin sözçüsü Dmitri Peskov da Donbass və “Novorossiya”nın Rusiyanın “ayrılmaz hissəsi” olduğunu bəyan edib.
Analitiklər xatırladırlar ki, Putin daha əvvəl qondarma “Novorossiya”nı Ukraynanın bütün şərqi və cənubu (Xarkov, Dnepropetrovsk, Odessa və Nikolayev vilayətləri daxil olmaqla) kimi müəyyənləşdirmişdi: “Rusiya Federasiyasının qondarma “Novorossiya” regionunun Rusiyanın bir hissəsi olması ilə bağlı yeni bəyanatları Putinin maksimalist ərazi ambisiyalarını saxladığını və ərazi güzəştlərinə getmək istəmədiyini göstərir”.
Hesabatda qeyd edilir ki, ruslar Xarkov vilayətinin və Nikolayev vilayətindəki Kinburn ərazisinin kiçik bir hissəsini işğal edib, həmçinin Dnepropetrovsk vilayətinin sərhədinə doğru irəliləməyə çalışırlar. Qeyd olunur ki, Kreml Ukraynadan daha da geniş ərazilərdən imtina etməsini tələb etmək üçün sözügedən ərazilərin işğalından bəhanə kimi istifadə edə bilər.
ISW hesabatında deyilir: "Putin kompromis tələb edən xoşməramlı danışıqlarda maraqlı deyil və orta və uzunmüddətli perspektivdə hərbi məqsədlərinə nail ola biləcəyinə inanır".
Lakin İnstitutun analitikləri ABŞ Dövlət katibi Marko Rubionun “Rusiya onların yerinə yetirilməyəcəyini bilə-bilə maksimalist tələblər irəli sürərsə, ABŞ Putinin danışıqlara ciddi olmadığını başa düşəcək” fikrini də xatırladıblar.
Həmçinin, ABŞ Prezidenti Donald Tramp da Putinin sülh danışıqlarında güzəştə getməli olacağını qeyd edib və deyib ki, ABŞ “əlbəttə ki, mümkün qədər çox (Ukrayna ərazisini) geri almağa çalışacaq”.
Bütün bu baş verənlər olduqca bulanıq və qeyri-müəyyən mənzərə yaradır. Trampın son qarmaqarışıq, sonradan elə özü tərəfindən təkzib edilən bəyanatları ABŞ Prezidentinin sözünün ciddi çəkisinin olmadığını və fikrini bir anda dəyişə biləcəyini deməyə əsas verir. Bu isə mənzərəni bir qədər də mürəkkəbləşdirir və gələcəklə bağlı hər hansı məntiqli proqnoz verməyi mümkünsüz edir.
Qeyd edək ki, son olaraq Böyük Britaniya Baş naziri Kir Starmerlə görüşü zamanı Tramp Ukrayna münaqişəsinin ya tezliklə başa çatacağını, ya da heç zaman bitməyəcəyini bəyan edib. Təəssüf ki, getdikcə ikinci variant daha inandırıcı görünür. Çünki ABŞ-dən Tramp administrasiyasının gəlişilə əvvəlkindən fərqli olaraq, Ukraynanın maraqlarına zidd məqamların yer aldığı güzəştli mövqe sərgiləndiyi halda, Kreml maksimalist mövqe və tələblərindən əl çəkmir.
Tərəflərin bir-birilə uzlaşan yeganə cəhəti isə hər ikisinin başında həyatının son çağlarını yaşayan qeyri-adekvat, raeallıqdan uzaq, təkəbbürlü, iddialı “mrazmatiklərin” durmasıdır…
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər