Məlum olduğu kimi, sabahdan etibarən Azərbaycanda Ramazan ayı başlayır. Müsəlman ölkəsi olan Azərbaycanda da hər il Ramazan ayı böyük ruh yüksəkliyi ilə qarşılanır. Məscidlərdə təravih namazları qılınır, ailələr və dostlar iftar süfrələrində bir araya gəlir, xeyriyyə təşkilatları və fərdi şəxslər ehtiyacı olan insanlara yardım edir, qida paylanışları təşkil olunur. Müsəlman dünyasının ən müqəddəs və mənəvi dəyəri yüksək olan bu ayda milyonlarla insan oruc tutur, ibadətlərini artırır və xeyirxah əməllərlə məşğul olur.
Ramazan ayı həm də İslamın beş əsas şərtindən biri olan oruc ibadətinin yerinə yetirildiyi aydır. Məhz bu ayda Quranın ilk ayələri nazil edilmiş və müsəlmanlara oruc tutmaq vacib buyurulmuşdur.
Ramazan orucu sübh azanından günbatanadək yemək, içmək və digər orucu pozan əməllərdən çəkinməyi əhatə edir. Bu, yalnız fiziki bir imtahan deyil, eyni zamanda mənəvi saflığa, səbir və nəfsin tərbiyəsinə yönəlmiş ibadətdir.
Azərbaycanda Ramazan təqvimi üzrə bəzi əsas vaxtlar belədir:
- İlk oruc günü - 1 mart;
- Ramazan Bayramı - 30 və 31 mart.

Qeyd edək ki, Ramazan yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında böyük coşğu ilə qeyd edilir. Müsəlman ölkələrində hökumətlər xüsusi tədbirlər görür, iş saatları tənzimlənir və ictimai məkanlarda oruc tutanlara uyğun şərait yaradılır. Hazırda dünya üzrə təxminən 2 milyarddan çox müsəlman var və onların böyük bir hissəsi Ramazan ayında oruc tutur. Dünyanın müxtəlif bölgələrində Ramazan ayında oruc tutanların sayı ilbəil artır. Oruc, sadəcə bir ibadət olmaqla qalmır, həm də dünya miqyasında ən böyük sosial, mədəni və dini hadisələrdən birinə çevrilir.

Bu barədə Heydər Məscidinin imamı, ilahiyyatçı Rüfət Qarayev “AzPolitika”-ya şərhində bildirib ki, Ramazan ayı 11 ayın sultanı hesab olunur:“Allah Rəsulunun hədislərinə baxan zaman da görürük ki, orada bu ayın mahiyyəti və əhəmiyyəti insanların diqqətinə çatdırılır. Bu ayda tutduğumuz oruclar bizi təqva sahibi (İslamda Allahın əmr və qadağalarına riayət etmək-red.) edərək Allaha yaxınlaşıdırmış olur. Ramazan ayının orucu hərkəs üçün vacibdir. İstisna şəxslərə - səfərdə olanlar, xəstələr, fiziki olaraq taqəti olmayanlara bu ayda oruc tutmaq tövsiyyə olunmur. Təbii ki, insanlar öz rəylərinə uyğun deyil, həkim tövsiyyəsinə əsasən oruc tutmaya bilərlər. Tutmadıqları günlərin müqabilində Ramazan ayı bitdikdən sonra əgər səhhətləri imkan verərsə, oruc tuta bilərlər. Ramazan ayı müddətində isə həmin oruc tutmadıqları günlərə görə, məsələn, 30 günün müqabilində 30 yoxsul şəxsi doydura bilərlər”.
İlahiyyatçı qeyd edir ki, Ramazan ayında əsas məsələlərdən biri də niyyət etməkdir:“Biz Ramazan ayının ilk gecəsində niyyət edirik. Bunu dildə və ya düşüncə də etmək olar. Xüsusi olaraq müstəhəbdir ki, bu gecə qüsul alaq, rəbbimizə yönələk, rəbbimizdən güc və qüvvət istəyək ki, Allah da bizə bu ayın orucunu tam və kamil şəkildə tutmağı nəsib etsin. Önəmli olan orucu batil edən şeylərdən çəkinməkdir. Gün ərzində yemək, içmək, orucu pozan şeylərdən uzaq olmaq lazımdır. Dilimizə, gözümüzə, qulağmıza sahib olaq, qəlbimizi Allahın nuru ilə nurlandırmağa çalışaq. Elə bu ayın mahiyyəti və əhəmiyyəti də bizi Allaha yaxınlaşdırmaq üçündür”.
Ramazan ayı, həm də yalnız oruc tutmaqla bitməyən, insanları bir araya gətirən, mənəvi yüksəlişə səbəb olan və cəmiyyətin birliyini gücləndirən müqəddəs bir aydır. Unutmamaq lazımdır ki, Ramazan ayı insanın içindəki zənginliyi, səbrini və şəfqətini artırması ilə yanaşı həm də bir cəmiyyətin ehtiyacı olanlara yardım etməsini təşviq edən bir dönəmdir. Azərbaycanda və bütün dünyada bu müqəddəs ayın xeyirli və bərəkətli keçməsini arzu edirik!
Ramazan ayınız mübarək olsun!
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanmışdır.


Şərhlər