“Neft Emalı Zavodu (NEZ) - sənaye obyektləri içərisində ətraf mühitə təsir dərəcəsinə görə ən yüksək risk dərəcəsinə malikdir”.
“AzPolitika” bildirir ki, bunu bu gün H.Əliyev adına Neft Emalı Zavodunda baş verən yanğının fəsadları haqda danışan neft-qaz sahəsi üzrə mütəxəssis İlham Şaban bildirib.
“Məsələ heç də neftin emalı zamanı məşəl yanması nəticəsində əmələ gələn və digər qazların ətraf mühitə təsiri ilə məhdudlaşmır. Rusiya - Ukrayna müharibəsi bütün çılpaqlığı ilə NEZ üçün hansı risklərin olduğunu nümayiş etdirdi - yəni belə obyekt bomba effektli bir fəlakət mənbəyidir”, - ekspert vurğulayıb.

İ.Şaban xatırladır ki, 2015-ci ildə Azərbaycan hökuməti 1953-cü ildən istismarda olan bir zavodun Qaradağ rayonu ərazisinə köçürülərək tam yenidən tikintisini "modernizasiya və təmir" işləri ilə əvəzləmişdi. Hökumət bu qərarı verərkən nəyi əsas gətirdiyi ictimailəşdirmədi: “Halbuki, 2008-ci ilin mayında Prezident Nazirlər Kabinetinə tapşırıq vermişdi ki, Bakı şəhərində istismar edilən 2 neft emalı zavodunun şəhərdən kənar ərazidə müasir standartlara cavab verməklə tikintisini həyata keçirsin. Hazırda 2025-ci ildir, amma Prezidentin tapşırığına əməl edilməyib. Nəinki əməl edilməyib, heç modernizasiya işləri də tam başa çatdırılmayıb. Nazirlər Kabineti və şəxsən Baş nazir hər ilin mart ayında, Novruz tətillərindən öncə Milli Məclisdə ötən ilin yekunları ilə bağlı hesabat verir. Mən bircə dəfə də eşitməmişəm ki, hökumət bəyan etsin ki, "neft emalı zavodunun modernizasiyasına nə qədər vəsait xərclənib, ötən il bu istiqamətdə nə işlər görülüb, modernizasiya işləri neçə faiz tamamlanıb və sonda bu iş nə qədər kapital qoyuluşu hesabına yekunlaşmalıdır".
İqtisadçının sözlərinə görə, Dövlət Statistika Komitəsinin "2024-cü ildə sənaye hesabatı" bülletenində göstərilib ki, ötən il Azərbaycanda Avro-5 keyfiyyət parametrində Aİ-95 markalı benzin istehsal edilməyib: “Edilməyibsə, onda məntiqi sual yaranır: modernizasiya dayanıb, ya da... martın 3-də isə Milli Məclisdə müzakirələr zamanı Nazirlər Kabinetinin nümayəndəsi təəccüb doğuran bir fikir söyləyib: NEZ-in Bakıdan köçürülməsi məsələsinə baxılır. 10 il modernizasiya edəndən sonramı bu məsələyə baxılır?”
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər