Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) bəyanat yayaraq Paşinyan hakimiyyətinin Azərbaycanla imzalamaq istədiyi sülh sazişinə qarşı çıxıb. Nəinki qarşı çıxıb, elə iddialar səsləndiriblər ki, sanki daşnaklar son 4 ildə Ermənistanda yaşamayıblar...
Bəyanatda razılaşdırılan sülh layihəsi “güc təhdidi altında Azərbaycanla əldə olunan razılaşmalar və yeni güzəştlər” adlandırılır və bu sənədin davamlı sülh prosesi ilə heç bir əlaqəsi olmadığı iddia olunur.
Bəyanatda iddia edilir ki, Azərbaycanla sazişlər və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir, Azərbaycan silahlı qüvvələrinin “Ermənistan ərazilərindən” çıxarılmasını təmin etmir. Eyni zamanda daşnaklar sülh sazişinin “artsax”-la bağlı ermənilərin gözləntilərinə də cavabn vermədiyini iddia edirlər.
“Üstəlik, Azərbaycanda saxlanılan ermənilərin qaytarılması məsələsini də həll etmir” – deyə, bəyanatda bildirilir.

Daşnaklar vurğulayırlar ki, danışıqların nəticəsi olaraq ortaya çıxan sənəd mahiyyət etibarilə Azərbaycanın tələblərinin qeyd-şərtsiz təsdiqini nəzərdə tutur:
“Ermənistandan dəhliz verilməsi tələbi, Konstitusiyanın dəyişdirilməsi, azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycana-red.) köçürülməsi, Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan şəxslərin ekstradisiyası, Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsi, Ermənistan sərhədinin demilitarizasiyası və ATƏT-in Minsk Qrupunun ləğvi kimi davamlı yeni ilkin şərtlər Ermənistanın hüquqi müdafiəsinə birbaşa zərbə vurur” – deyə, daşnaklar iddia edir.
Eyni zamanda Azərbaycan əleyhinə bir sıra cəfəng iddialar səsləndirilir və daşınakların belə bir sənədi qəbul etməyəcəkləri bildirilir.
Xatırladaq ki, daha əvvəl eks-prezident, kriminal ünsür Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası da daşınaklarla eyni məzmunlu bəyanat verib və Paşinyanı “milli maraqlara xəyantə etməkdə” ittiham etmişdi. Keçmiş prezident, uşaq qatili Robert Koçraynaın rəhbərlərindən biri olduğu müxalif “Ermənistan” bloku da eyni mövqedən çıxış edir.

Bu bəyanatlar, habelə parlamentdə təmsil olunan siyasi müxalifətin, kilsənin, bir sıra ictimai təşkilatların Azərbaycanın təklif etdiyi sülh prinsiplərinə qarşı bədnam münasibəti Ermənistanın həqiqi sülhə hazır olmadığını nümayiş etdirir. Bakının məqsədi budur ki, təkcə Nikol Paşinyan hakimiyyəti deyil, erməni cəmiyyətində çoxluq iki ölkə arasında, eləcə də regionda sülhün alternativinin olmadığı reallığı qəbul etsin.
İndiki halda isə erməni cəmiyyəti buna hazır görünmür. Belə ki, Paşinyanın razılaşmaq istədiyi alayarımçıq sazişin tərəfdarları Ermənistanda azlıqdadır. İrəvan “real Ermənistan” şüarını hələ də mənfur “erməni xəstəliyinə” yoluxmuş cəmiyyətə aşılaya bilməyib. Ermənistanda 44 günlük müharibədən dərs çıxarmayanların, Azərbaycana qarşı qisasçılıq hissi ilə alışıb-yananların sayı yenidən artır. Bu kütləni isə regionu qan gölünə çevirmək istəyən, xarici qüvvələrin alində alət olan terror qruplaşmaları idarə edir.

Daşnakların bəyanatında yer alan tezislər əslində Ermənistanda Azərbaycana qarşı revanşa cəhd edən qüvvələrin niyyətlərini və hakimiyyəti ələ keçirəcəkləri təqdirdə fəaliyyət istiqamətlərini ehtiva edir. Bura Qarabağa qarşı saxta iddiaların yenidən ortaya atılması, Azərbaycanın dövlət sərhədlərində təxribatların, hücumların vüsət alması, erməni lobbisi və onların havadarları vasitəsi ilə beynəlxalq miqyasda anti-Azərbaycan kampaniyasının başlanması, nəticə etibarı ilə “Minsk qrupu formatı”nın yenidən regiona qayıtmasına şərait yaratmaq cəhdlıri daxildir.
Azərbaycan Ermənistandakı daxili əhval-ruhiyyəni, qüvvələr balansını, onların qarşılıqlı və xarici əlaqələrini diqqətlə isləyir və perspektivi qiymətləndirir. Burada Ermənistanın yenidən silahlanması, ona yardım edən qüvvələrin regiondakı maraqları, Azərbaycana qarşı mümkün təzyiq imkanları araşdırılır.
Rəsmi Bakının Ermənistanla sülh prosesində tutduğu mövqe, qoyduğu şərtlər bu reallıqların nəzərə alınması, neytrallaşdırılması ilə birbaşa əlaqəlidir. Bu gün hansısa yarımçıq sənədə imza atılması heç bir sülh vəd etmir. Regionda təhlükəsizliyə, qarşılıqlı etimadın tədriciən bərpa olunmasına xidmət edəcək sülhə əvvəlcə Ermənistan cəmiyyəti razılaşmalıdır. Erməni cəmiyyəti mövcud reallıqları anlamalı, öz imkanları ilə Azərbaycanın əlindəki siyasi, hərbi, diplomatik gücün nisbətini düzgün qiymətləndirməlidir. Əks halda Ermənistanın bir dövlət olaraq mövcudluğu ciddi təhlükə altına düşə bilər.

İndiki dünyada özündən qat-qat güclü olan qonşusunun ərazisnə göz dikmək, onun qanuni maraqlarına qarşı çıxış etmək başını edam kötüyünün üzərinə qoymağa bənzəyir. Revanşist qüvvələr dərk etməlidirlər ki, hazırda 4 il əvvəlki şərtlər mövcud deyil. Bu da növbəti təxribatlardan sonra Ermənistanı Azərbaycanın əlindən alacaq kənar güclərin regionda olmayacağı anlamına gəlir. Yaxşı-yaxşı düşünmək zamanıdır, bu zaman isə sürətlə azalır...
E.Rüstəmli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.


Şərhlər
Ermənistan hökuməti Erməni İnqlabi Federasiyasının yozma etiraz bəyanatına yaxın-anlayış göstərməlidir. Hər birindən rəsmi-yazılı-imzalı təsdiqla Azərbaycan Silahlı qüvvələrinin Ermənistanın hansı ərazilərində təsdiqləyən izahatlarını toplamalı deyilmi? Yekun nəticə sərhədlərin açılması və ya hasarlanması qərarını dəqiqləşdirər!
Sonuncu qəpiyimizi də biryerə qoyub təpədən-dırnağa qədər silahlanmalı və erməni məsələsinə biryolluq, bəşəriyyəti heyrətə gətirəcək bir tərzdə son qoymalıyıq. Biz türk milləti olaradaq əsrlər boyu erməni-erməni kəlməsni eşiməkdən zara-zinhara gəlmişik. Bu millət bizi rahat yaşamağa qoymur.
Bildiyimiz kimi, Rusiya-Ukrayna münaqişəsində “böyük qardaş” Koreya döyüşçülərini müharibəyə cəlb edib, kifayət qədər əcnəbi döyüşçülər də Rusiya tərəfdən döyüşür. Kim zəmanət verər ki, Ermənistanda Fransadan, İrandan, Afrika cəngəlliklərindən, elə Rusiyanın özündən Ermənistan tərəfdən bizə qarşı vuruşmayacaqlar? Bu dəfə müharibə olsa vəzifədə olanların övladlarımı Vətəni qoruyacaqlar? Bu yaxınlarda şəhərlərdən birinin səfərbərlik xidmətində oldum. Hətta sıravi vətəndaşlarımız öz övlarları üçün müxtəlif xəstəlik icad etməyə çalışırdılar. Qeydiyyata düşməli çağırışçıların hərbi həkim komissiyasından keçirilməsi də formaı xarakter daşıyır (bunu sözgəlişi yazdım). Qızışıb eyforiyyada olmayaq. Düşməni zəif görüb arxayınlaşmamalıyıq (ALLAH uzaq eləsin, gözləmədiyimiz, ağlımıza gəlməyən yerdən elə zəbə alarıq ki, bu bizə bir dərs olar), çünki bir xalq olaraq biz xumarlanıb qış yuxusuna gedirik, oyananda da iş işdən keçmiş olur.