Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüş başa çatıb.
APA xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti danışıqlar zalını tərk edib.

Məsləhətləşmələrin iki saata yaxın davam etdiyi bildirilir. Görüşlə bağlı hələ ki, əlavə məlumat verilməyib. Nümayəndə heyətində Umerovdan başqa, prezident aparatı rəhbərinin müavini Pavel Palisa da iştirak edib.
ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts olub.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya ilə ABŞ nümayəndə heyətləri arasında görüş olacaq. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. Görüş zamanı Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi müzakirə olunacağı bildirilir.
***
Ər-Riyadda Ukrayna təmsilçilərinin ABŞ komandası ilə görüşü başlayıb.
Bu barədə Ukraynanın Müdafiə naziri Rustem Umerov məlumat verib. O qeyd edib ki, masada xüsusilə enerji obyektlərinin və infrastrukturun təhlükəsizliyinə dair təkliflər var.
"Biz Ər-Riyadda Amerika komandası ilə görüşə başladıq. Biz Ukrayna Prezidentinin ölkəmizə layiqli sülh gətirmək və təhlükəsizliyi təmin etmək tapşırığını yerinə yetiririk. Masada, xüsusilə enerji obyektlərinin və infrastrukturun təhlükəsizliyi ilə bağlı təkliflər var", - nazir deyib.
Umerov qeyd edib ki, bu gün tərəflər bir sıra mürəkkəb texniki məsələlər üzərində işləyəcəklər. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinə energetika mütəxəssisləri, eləcə də dəniz və hava komponentlərinin hərbi nümayəndələri daxildir.

Şərhlər