Menu

“Üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirdilər” - Prezident İlham Əliyev

10.04.2025, 11:04
“Üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirdilər” - Prezident İlham Əliyev

“Adsız kredit kartları və nağd pullar sabitliyi pozmaq üçün buraya gətirilirdi”

“Zəmanət yoxdur ki, onlar bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq fikrinə düşməyəcəklər...”

“Əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilə, necə deyərlər, texnoloji proseslə edilmirdi. Amma müxtəlif çox sadə alətlər vasitəsilə edilirdi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar idi”.

“AzPolitika” bildirir ki, bunu Prezident İlham Əliyev dünən ADA Universitetində təşkil olunan "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Belarusdan olan ekspert Anatoli Boyaşovun “Azərbaycanda seçki suverenliyinin düsturu nədir? Həmçinin Siz seçkilərə müdaxilə texnologiyalarında dəyişiklikləri müşahidə edirsinizmi?” sualını cavablandırarkən deyib.

Dövlət başçısı davam edib: “İkincisi, Qərb mediasında anti-Azərbaycan təbliğatı, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Beləliklə, çox sadə idi. Bir az sadəlövh olduğumuz vaxtlarda hətta ağlımıza gətirə bilməzdik ki, üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirlər. Həmin vaxtda biz faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdik. Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik. Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsait nağdlaşdırıldığını aşkar etdik. Sonra biz o pulun bir hissəsini müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”ni və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq. Beləliklə, bütün bunları yaşamışıq.

2005-ci ildə buradakı narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu. Bunu hamımız xatırlayırıq, heç vaxt unutmuruq.”.

Prezident vurğulayıb ki, indi bunu etmək daha çətindir: “Çünki birincisi, biz maliyyə sisteminə tam nəzarət edirik. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir. Amma təəssüf ki, bəzi Qərb təşkilatları hələ çox “yaradıcıdırlar”. Beləliklə, onlar müxtəlif kuryerlər vasitəsilə buraya pul daşımağın yeni yollarını tapıblar. Onlar bu pulu, əsasən, Gürcüstan vasitəsilə gətirirdilər. Gürcüstan deyəndə, pulun Gürcüstan tərəfindən ayrıldığını söyləmək istəmirəm. Bu, Gürcüstanda hələ də fəaliyyət göstərən Qərb qeyri-hökumət təşkilatlarındandır - xaricilərin nəzarətində olan Gürcüstan bankları vasitəsilə. Adsız kredit kartları və nağd pullar sabitliyi pozmaq üçün buraya gətirilir. Amma bunun izinə düşəndə, hüquq-mühafizə orqanlarımız həmin pul qaçaqmalçılarını məsuliyyətə cəlb edəndə bizi ittiham etməyə başlayırlar ki, guya biz bəzi qeyri-demokratik işlər görürük. Azərbaycanda vəziyyət belə idi”.

Ölkə başçısı bunların bitəcyinə ümidvar olduğunu deyib.

“Çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər”, - İlham Əliyev vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol