Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Azərbaycanla sülh sazişi imzalamaq niyyətində olmadığını nümayiş etdirib. O, Bakının Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı tələblərini yerinə yetirməkdən yayınaraq, növbəti dəfə ənənəvi fikirlərini təkrarlayıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını "unudan" Paşinyan, sülh sazişi ilə Minsk Qrupunun ləğvinə dair ATƏT-ə birgə müraciətin eyni vaxtda imzalanmasını təklif edib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan bu fikirləri aprelin 15-də Ermənistan parlamentində çıxışı zamanı səsləndirib.
Azərbaycanın legitim tələblərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirən Paşinyan bu dəfə iddia edib ki, Minsk Qrupunun ləğvindən əvvəl Azərbaycanın münaqişəni Ermənistan ərazisinə keçirməyəcəyinə dair əminlik əldə etmək istəyir.
“Azərbaycan sazişin imzalanmasını rəsmi olaraq iki məsələ ilə əlaqələndirir. Bunlardan biri ATƏT-in Minsk Qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu, Ermənistan üçün anlaşılan gündəmdir. Əgər biz ‘Dağlıq Qarabağ münaqişəsi’ ilə bağlı səhifəni bağlayırıqsa, münaqişə ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var? Lakin ATƏT-in Minsk Qrupunun, ən azı de-fakto, daha geniş konteksti var və biz əmin olmaq istəyirik ki, Azərbaycan Minsk Qrupunun buraxılmasını, Azərbaycan-Ermənistan münaqişəsinin Azərbaycanın ərazisində bitməsi və onun Ermənistanın suveren ərazisinə keçməsi kimi görmür,” – Paşinyan iddia edib.
Qeyd edək ki, rəsmi Bakı sülh sazişinin imzalanması üçün ilkin şərtlərdən biri kimi ATƏT-in Minsk Qrupunun buraxılmasını irəli sürüb.
Paşinyan dəfələrlə bu "ölü" strukturun ləğvinə hazır olduğunu bildirsə də, konkret addım atmaqdan yayınıb. İndi isə iddia edir ki, İrəvan sülh sazişi və Minsk Qrupu strukturlarının ləğvinə dair ATƏT-ə birgə müraciətin eyni vaxtda imzalanmasını təklif edir.
Lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsində yenə də qeyri-ciddi yanaşma nümayiş etdirib.
Əsl erməni həyasızlığı nümunəsi göstərən Paşinyan, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi haqda isə belə deyib: “Yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının mətninin rəsmi şərhini verə bilər. Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarında göstərilir ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir.”
Belə görünür ki, Paşinyan sülh sazişindan qaçmaq üçün hər dəfə yeni "ideyalar" kəşf edir. Ancaq nə vaxta qədər?
“AzPolitika.info”


Şərhlər
Kremlin 10 Noyabr 2020 razılğından sonrakı birgə mükalimə, etiraf və zəmanət əvəzinə izafi mesajlar rəsmi İrəvan və tərəfdarlarına 4cü ildir ki, haqqdan qaçıran siyasi şıltaqlıq şansı verməkdədir? Sərhəddini 33 illik işğalçıya hasarlamalı dövlət, çooxdan şərt, prinsip və nizam normaları BMT Nizamında təsbit edilmiş Sülhü təklif edir... Əks tərəf həmin prinsipləri və məsuliyyətini hamıdan dəqiq faktlarla daha yaxşı bilir!?