Menu

Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb - Orqan transplantasiyası şirkəti ifşa edildi

17.04.2025, 11:14
Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb - Orqan transplantasiyası şirkəti ifşa edildi

Keniyanın Eldoret şəhərində yerləşən "Mediheal" xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alır.

“AzPolitika” “Teleqraf”a istinadən xəbər verir ki, bu fakt Almaniyanın aparıcı media qurumları – “Der Spiegel”, ZDF və “Deutsche Welle”nin birgə apardığı araşdırma nəticəsində üzə çıxıb.

Araşdırmaya əsasən, Almaniya və İsraildən gələn, böyrək köçürülməsini gözləyən imkanlı pasiyentlər üçün donorlar əsasən Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilir. Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə “yaxın qohum” kimi göstərilir və onlardan böyrək götürülür.

Ən narahatedici məqamlardan biri odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün əməliyyatın risklərindən xəbərsiz şəkildə sənədlərə imza atırlar.

Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində, bir neçə ölkəni əhatə edən, milyonlarla dollar gəlir gətirən beynəlxalq cinayətkar şəbəkənin fəaliyyətinin nəticəsidir.

Araşdırmada qeyd olunur ki, Almaniyada donor çatışmazlığı səbəbilə transplantasiya gözləyənlərin sayı 10.000 nəfəri ötür və bu prosesin gözləmə müddəti 8-10 ilə qədər uzana bilər. Bu səbəbdən bəzi pasiyentlər çıxış yolunu ölkə xaricində, qeyri-qanuni yollarla böyrək əldə etməkdə görürlər. 

Məsələn, Almaniyanın Guntzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fischer-Kugler üçün donor 24 yaşlı Azərbaycan vətəndaşı olub. Rəsmi sənədlərdə əməliyyatın “tamamilə təmənnasız” olduğu göstərilsə də, pasiyent “MedLead” agentliyinə 100.000–200.000 ABŞ dolları məbləğində pul ödədiyini etiraf edib.

Araşdırmada adı keçən “Mediheal” xəstəxanasının qurucusu və rəhbəri, Hindistan əsilli keçmiş deputat Svarup Mişra hazırda dövlətə məxsus Kenya “BioVax” vaksin institutunun rəhbəridir və Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrdə ölkəni təmsil edir. Onun barəsində orqan alveri ilə bağlı dəfələrlə ittihamlar səsləndirilsə də, Mişra jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

Hazırda isə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən cəlb olunan donorlar əməliyyatlardan sonra ciddi sağlamlıq problemləri və psixoloji travmalarla üzləşirlər.

Şərhlər

Türk 2025-04-18 21:47:29

Xalqı nə günə salıblarsa insanlar canlarını satırlar

Elşən 2025-04-17 15:23:28

Nə etsin xalqı bu günə salıblar ki böyrəyini satırlar ailəsinin yanında nə qədər pulsuz işsiz qalsınlar xalq dirənib məmurlar xalqa divan tutur şikayətlərə baxan yoxdur şikayətlər ünvana çatmır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol