Azərbaycanda son aylarda kiberdələduzluq halları sistemli və təhlükəli bir səviyyəyə çatıb. Daxili İşlər Nazirliyi (DİN) demək olar ki, hər gün vətəndaşların bank kartlarından kütləvi şəkildə vəsait oğurlandığı barədə rəsmi məlumatlar yayır. Rəqəmlər narahatedicidir: gündəlik itkilər 25–30 min manat civarında dəyişir. Bu isə artıq fərdi hallar deyil, sistemli, məqsədyönlü və ağıllı şəkildə təşkil olunan cinayət şəbəkələrinin fəaliyyətindən xəbər verir.
Son illərdə Azərbaycanda kiber təhlükəsizlik sahəsində ciddi irəliləyişlər olub: maarifləndirmə kampaniyaları genişlənib, kibermütəxəssislərin sayı artıb, müvafiq texnoloji infrastruktur müasirləşdirilib və nəhayət, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Həmçinin bu qurumla banklar arasında fırıldaqçılığa qarşı sistemlər də tətbiq olunub.
Bütün bu tədbirlərə baxmayaraq, kibercinayətkarlıq azalmır – əksinə, daha hədəfli və effektiv formalar alır. Gündəlik kütləvi oğurluq hallarının fonunda ortaya əsaslı bir sual çıxır: niyə sistem işləmir və bu cinayətlər niyə qarşısıalınmaz sürətlə artır?
Məlumatlar haradan sızır?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, bu vəziyyətin səbəbləri texnologiyadan daha çox insan amili ilə bağlıdır. Yəni texniki sistemlər deyil, həmin sistemlərə çıxışı olan şəxslər məsələni təhlükəli istiqamətə yönəldə bilərlər: “Müşahidələr göstərir ki, dələduzlar təsadüfi deyil, çox vaxt “yağlı müştəri”ləri – yəni dövriyyəsi olan, kartında vəsait olan şəxsləri hədəfə alır. Bu isə məlumat sızıntısı ehtimalını ciddi şəkildə gündəmə gətirir. Əgər məqsədyönlü şəkildə belə hədəfləmə aparılırsa, bu, artıq tək-tək bank əməkdaşlarının şəxsi marağı ilə deyil, daha yüksək səviyyəli və sistemli məlumat ötürməsi ilə əlaqədar ola bilər. Fırıldaqçılar, çox güman ki, bank və ya mobil operatorların müştəri bazasına çıxışı olan şəxslərlə əməkdaşlıq edirlər. Məhz bu baxımdan məsələ hüquqi və institusional səviyyədə araşdırılmalıdır”.

Risklər haqqında danışan mütəxəssis onları belə sıralayıb:
“-Dövlətin rəqəmsal maliyyə sisteminə inam zəifləyə bilər;
-Vətəndaşlar kartda pul saxlamaqdan çəkinə bilər;
-Nəqdsiz ödəniş sisteminə mənfi təsir göstərə bilər;
-Rəqəmsal transformasiya prosesləri ləngiyə bilər”.
O.Gündüz vurğulayıb ki, bu kimi hallar eyni zamanda Azərbaycanın maliyyə sabitliyinə, şəffaflıq səviyyəsinə və vətəndaşların bank sisteminə olan etimadına ciddi zərbə vurur.
AİF prezidenti problemin aradan qaldırlması ilə bağlı tövsiyyələrini də açıqlayıb. O, hesab edir ki, ilk növbədə fərdi məlumatların qorunması haqqında qanunvericilik sərtləşdirilməlidir.
Ekspertin sözlərinə görə, hazırkı normativ baza bu halların qarşısını almaqda zəif qalır.
“Hüquqi mexanizmlər kiberməlumatların sızdırılmasına görə ciddi sanksiyalar nəzərdə tutmalıdır. Bank və mobil operatorlarda daxili yoxlamalar artırılmalıdır. Müştəri bazasına çıxışı olan əməkdaşlara dair mütəmadi və müstəqil təhlükəsizlik auditi aparılmalıdır. Məsuliyyət zənciri genişləndirilməlidir”, - mütəxəssis vurğulayıb.
AİF prezidenti qeyd edir ki, hazırda əksər hallarda məsuliyyət istifadəçinin üzərinə düşür.
“Halbuki, məlumatların qorunması bank və operatorların birbaşa vəzifəsidir”, - o qeyd edib.
Osman Gündüz onu da vurğulayır ki, kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq gücləndirilməlidir: ”Bu cinayətlərin çoxu ölkəxarici mərkəzlərdən idarə olunduğu üçün transsərhəd əməkdaşlıq həyati vacibdir”.
Mütəxəssis hesab edir ki, əgər dövlət və aidiyyəti qurumlar bu məsələyə strateji və hüquqi yanaşma ortaya qoymazsa, problem daha da dərinləşəcək. Onun sözlərinə görə, hər gün açıqlanan statistika təkcə vətəndaşların deyil, həm də dövlətin rəqəmsal gələcəyinin təhlükə qarşısında olduğunu göstərir.
“Bu səbəbdən, kibercinayətkarlıqla mübarizə yalnız texniki məsələ deyil – burada hüquqi, təşkilati və etik məsələlər birgə həll edilməlidir. Əks təqdirdə, bank kartı olan hər kəs hədəfdədir”, - O.Gündüz vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Banka müraciət etdim ki, kartla kredit götürmək hissəsini bağlayın. Dedilər ki, icazə yoxdur........Belə çıxır ki, Banklar özləri bu kimi hallara şərait yaradır
Bəlkə, yüksək sürətli, SƏMƏRƏLİ uzaq Gedən elektron Hökuməti-internet-sünilikdən imtina edib, yalnız hesab qurğusu kimi istifadə edək. Hesablaşmaların hamısını da nağd-natural aparaq!?
Azərbaycanda banklarda kart əməliyyatları bankların əmantləri qoruya bilmədiklərinə görə ləğv olunmalıdır.Banklar etibarızlıqlarını belə hallarla ortaya çıxardılar.
Bu problemin qarşıını almaq,cinayətkarları zərərizləşirmək əvəzinə vətəndaşlara xəbərdarlıqlar yazmağın məramı nədir?Niyə banklar vətəndaşların əmanətini qurumaq əvəzinə işlərini belə boş
xəbərdarlıqlarla bitmiş heab edir?Bə vətənaşa dəyən ziyanı kim ödəməliir?Məgər banklaaar buna cavabdeh deyil?Cavabdeh deyilə onda niyə əmanət qəbul edir.Vətəndaş kimə inanmalıdır ? DİN özünü kənara çəkir,vətəndaşların üzərinə atır.Banklar özlərini kənara çəkir.Bə nə etməli ki,vətəndaşın malı oğurlanmaın?Kim.hankı qurum bunun qabağını almalıdır?Niyə bu problem həllini yapmır?7
Siz "KapitalBank" -ın verdiyi "Birkart"-a baxın, kartın üzərində elə bir üzündə bütün məlumatlar yerləşdirilib, nömrəsi, istifadə müddəti, kodu ....sonra da deyirlər ki. əlavə məlumatı heç kimə verməyin, belə çıxır ki, ümumiyyətlə kartdan istifadə etmək lazım deyil, keçmək lazımdı pulu sandıqda saxlamaq variantına..