Menu

“CƏRİMƏ İQTİSADİYYATI” VƏ BAHALAŞMA İLƏ HARA GEDİRİK? - Dövlət qurumları qiymət artımı və cərimə yarışına girib, vətəndaş isə...

04.06.2025, 20:45
“CƏRİMƏ İQTİSADİYYATI” VƏ BAHALAŞMA İLƏ HARA GEDİRİK? - Dövlət qurumları qiymət artımı və cərimə yarışına girib, vətəndaş isə...

Azərbaycanda ərzaq və gündəlik tələbat mallarının qiyməti artır, əhalinin gəlirləri isə bahalaşma faizləri ilə ayaqlaşa bilmir.

2025-ci ildə hökumətin və Mərkəzi Bankın 5.8 faizlik inflyasiya gözləntisi mövcud qiymət artımlarının kölgəsində qalıb. Bu ilin əvvəlində maaşlar və pensiyalar 10 faiz civarında artırılsa da, əhalinin aztəminatlı hissəsi hələ də gözlənti içərisindədir. Çünki müavinətlərin və digər sosial ödənişlərin artırılması barədə qərar hələ də verilməyib. Bununla bağlı Nazirlər Kabinetinə verilən 3 aylıq müddət martın 20-də başa çatıb. Gözlənilirdi ki, Milli Məclisin yaz sessiyasının sonunda hökumət büdcəyə yenidən baxacaq, artımlarla bağlı qərar da o zaman veriləcək. Amma sessiya bitdi, qərardan isə səs-soraq yoxdur.

Maraqlıdır, digər dövlət qurumları sanki ölkədə bahalaşmanı, hökumətin artımlarla bağlı qərarları çətinliklə verdiyini görmək istəmir. Bir ucdan yeni tarifləri, cərimələri vətəndaşların onsuz da boş olan kisəsinə yükləməyə çalışır.

Ötən il Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi internetin qiymətini 40 faiz bahalaşdırdı, nəticədə əhalinin xüsusi ilə aztəminatlı hissəsinin sosial durumu nəzərə alınmadı. Medianın yazdıqlarına, ekspertlərin narazılığına əhəmiyyət verilmədi. Antiinhisar qurumları isə həmişə olduğu kimi inhisarçı qurumun tərəfini tutaraq bu qərarı mübahisələndirmədi.

Bu günlərdə Dövlət Vergi Xidməti vətəndaşlara alış-verişdən qaytarılan ƏDV-lərin qarşısını kəsmək üçün qanunda nəzərdə tutulmayan qayda tətbiq etdi. Bundan sonra hər vətəndaş yalnız özünün aldığı malların ƏDV-sini geri ala biləcək. İldə 10 milyard manatdan çox vergi toplayan xidmətin vətəndaşın cibinə gedən beş-on qəpiyə göz dikib, onu da dartıb əlindən almağa çalışması heyrət və təəssüf doğurur...

Hazırda sosial şəbəkələrdə vətəndaşlar mobil rabitə və internet qiymətlərinin bahalaşdırılmasından narazılıq edirlər. Amma vəziyyət dəyişməyib, həmişə olduğu kimi vətəndaşların mənafeyini düşünən, narazılığını bölüşən qurum tapılmır.

Bu zaman haqlı sual çıxır: əgər ölkədə dövlət qurumları, inhisarçı şirkətlər daim öz maraqlarından çıxış edərək qiymətləri, tarifləri, cərimələri artırırsa, buna nəzarət etməli olan qurumlarsa ya susursa, ya da açıq şəkildə bu qərarlara haqq qazandırısa, vətəndaşın mənafeyini kim qorumalıdır?

Əlbəttə, sual ritorikdir, Azərbaycanda 3 hakimiyyət qolundan ikisinin vəzifəsi həm də icra hakimiyyətinə nəzarəti təmin etməkdir ki, bu da Konstitusiyada təsbit olunub. Təəssüf ki, biz əksini görürük: adətən cərimələrin əksəriyyəti məhz qanunverici hakimiyyətin vasitəsi ilə tətbiq olunur. Deputatların mütləq əksəriyyəti vətəndaşların sosial vəziyyətini pisləşdirən qanunlara, qərarlara səs verirlər. Əslində, xalq tərəfindən seçilən deputatlar hökumət qurumlarının təkliflərini sorğulamalı, araşdırmalı, yalnız hansısa qurumların maraqlarını ifadə edən məsələləri rədd etməlidir. Amma Milli Məclisdə nadir hallarda bir-iki deputat tərəfindən narazılıq ifadə olunur, onu da öz həmkarları susdurub həmin qurumunun istəyini təmin edirlər. Bu, tamamilə anormaldır...

Məhkəmlərə gəlidkdə, bu instituta cəmiyyətdə inam lazımi səviyyədə olmadığından, hansısa dövlət qurumunun qərarını məhkəmədə sorğulamaq vətəndaşın ağlına da gəlmir. Məsələn, internet tariflərinin bahalaşdırılması. Bu sahəyə nəzarət edən qurumların birləşdirilərək, antiinhisar qanunvericiliyinə zidd olaraq dövlət monopoliyasının yaradılması bilavasitə məhkəmə predmetidir. Hansısa vətəndaş, ictimai təşkilat məhkəməyə baş vura bilər. Amma Azərbaycanda belə perspektivsiz işə heç kim baş qoşmağa həvəs göstərmir.


Ümumiyyətlə, vətəndaş öz mənafeyinə zidd hesab etdiyi istənilən qanunla, qərarla bağlı məhkəməyə üz tutmaq hüququna malikdir. Lakin Azərbaycan məhkəmələrinin mövcud vəziyyətinə görə kimsə o instansiyalarda haqqa, ədalətə çatacağına inanmır.

Beləliklə, mənzərə ürəkaçan deyil. İnhisarçı dövlət qurumları, monopolist şirkətlər hüquqi meydanı, necə deyərlər, “ələ keçirərək” at oynadırlar. Onların qılıncının dalı da, qabağı da kəsir.

Bu gedişat ölkə iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir: qiymətlərin sürətli bahalaşması, idxaldan asılılığın artması, neft gəlirlərinin azalması hökumət qurumlarını düşündürməlidir. Əhalinin hesabına ayaqda durmaq, varlanmaq dövrünü qapadıb vətəndaşı ayaq üstə saxlamaq haqqında düşünmək lazımdır. Çünki bu dövlətin dayağı, azad, hüquqlu, işgüzar vətəndaşdır.

E.Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Eli-yəi 2025-06-13 20:21:14

Sən neft pulu görmüsən?Opullar sənə aid olmadığını hələ bilməmisən? Çox heyf! Sən cərimələri düşün.Bunu hamı hiss edir.Amma büdcəyə daxil olmur.Bəs hara gedir?

Vətəndaş 2025-06-12 19:58:11

...Allah Aərbaycan xaqına yardım etsin.

işsiz 2025-06-08 23:29:45

Cəhənnəmə gedirikş Neçə ki yatırıq bu yol davam edəcək

rr 2025-06-05 19:35:24

bizde cerimeler , fantastikdi !!!!

Bəhrami 2025-06-05 13:14:54

Müəllif və AzPolitika diqqəti ciddiləşən iqtisadi duruma yönəlməyə çalışıblar. Vergidən formalaşan özəl Bazarın Baş göstərişə, Sorğulara uyğunluğunu isə İqtisadi elmimlz, hökumət və Məsləhətli məclisimiz daha peşəkar təsvir və təhlil edə bilərlər? Müstəqil gündəlik taxıl-dən çörəyimiz, ağartı-digər azuqəmiz hələlik idxaldan asılıdır. Sadə postulat isə *nə əkib-becərmisən, ən yaxşı halda onu biçə-yığa bilərsən?dir!

Oxucu 2025-06-05 11:02:07

Bədbəxt televiziya kanalları! Yorulmadınızmı pafoslu,bəh-bəhli,gəlişi gözəl sözlərdən.Adam sizə baxanda iyrənir.

miri 2025-06-05 05:43:01

Bütün yollar Romaya gedir

Təqaüdçü 2025-06-05 00:34:35

Ölkə iqtisadiyyatı ,dövlət məlumatları yaan üzərində qurulanda neçə olmalıdır ki?YLninflyasiya faiz.yalan bahaaşa nəzərə alıb maaş və pensiyaları 6-8 faiz artım edəndə 45-80 faiz bahaaşma ilə insan necə yaşasın.Guya hakimiyyət bunu görmür və ya bilmir? Çox gəzəl bilir.Xalqıdüşünən hakimiyyət görünmür!

TARİX 2025-06-04 23:49:37

İSTEİSTEHSAALI,XİDMƏTLƏRİİI ARTIRMAQDAN DEYİL,QİYMƏT ARTIMINDAN,NGƏLİRLƏRİİ ARTIRMAQ YOLUNU TUTMAQLA İQTİSADİYYATIMIZI FƏLAKƏTƏ SÜRÜMƏKDİR

Eli 2025-06-04 19:41:29

Ne qeder ki,ölke itisadiyyatı istehsalatda 1 gün de işlemeyen ölje iqtisadiytatını nezeriyye idare etmekde olan şexslər terefinden idare olunur veziyyet bundan da pşs olacaq .Neft fondunun pulları göye sovrulacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol