İran İslam Respublikası İsrailin onun ərazisinə qarşı mümkün hücumlarına cavab olaraq Birləşmiş Millətlər Təşkilatına (BMT) və dünya ictimaiyyətinə sərt çağırış edib. Rəsmi Tehran beynəlxalq ictimaiyyəti sionist rejimin "açıq və cinayətkar təcavüzü"nə qarşı dərhal və konkret addımlar atmağa səsləyib.

"AzPolitika" xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi teleqram hesabında yazıb.

O. qeyd edib ki, İsrailin İrana qarşı hücumları BMT Nizamnaməsinin dördüncü maddəsinin ikinci bəndinin pozulmasıdır

Bildirilib ki, bu hücuma cavab vermək BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İranın qanuni haqqıdır: “İran Silahlı Qüvvələri bütün gücü ilə və özlərinin müəyyən etdiyi üsulla İranın varlığını müdafiə etməkdə tərəddüd etməyəcəklər. İran sülhün pozulmasının və sülhə təhdidlərin qarşısını almaq məqsədi daşıyan BMT-nin təsisçi üzvü kimi, Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin pozulmasına qarşı təcili tədbirlər görmək vəzifəsini vurğulayır və bu Şuranın sədri və üzvlərindən bu məsələdə təcili addımlar atmalarını tələb edir”.

İran həmçinin bütün BMT üzvlərini, xüsusilə region dövlətlərini, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri, eləcə də Qoşulmama Hərəkatının iştirakçılarını sionist rejimin bu təhlükəli avantürasına qarşı birlikdə və təcili addım atmağa çağırıb.

Rəsmi Tehran bu təcavüzü yalnız İrana qarşı deyil, bütün bölgə və qlobal təhlükəsizlik sisteminə qarşı yönəlmiş bir təhdid kimi qiymətləndirir.

İran Xarici İşlər Nazirliyi həmçinin BMT Baş katibindən bu məsələdə təcili tədbirlər görməsini tələb edib: “BMT-nin bütün üzv dövlətlərindən, xüsusilə region və İslam ölkələrindən, Qoşulmama Hərəkatının üzvlərindən və beynəlxalq sülh və təhlükəsizliyə dair narahatlıq keçirən bütün dövlətlərdən bu hücumu dərhal pisləmələri və mübarizə aparmaq üçün təcili və kollektiv tədbirlər görmələri gözlənilir. İsrailin İrana qarşı hücumunun təhlükəli və geniş miqyaslı nəticələrinin məsuliyyəti bu rejimin və onun dəstəkçilərinin üzərinə düşəcək”

Bəyanatda qeyd olunub ki, İsrailin bu təcavüzkar hərəkətlərinin təhlükəli və uzunmüddətli nəticələrinin məsuliyyəti birbaşa Tel-Əvivin və onun tərəfdarlarının üzərinə düşəcək.

"AzPolitika.info"