OLİQARXLAR ARASINDA YENİ MÜHARİBƏ - Nazirin oğlu “Lans”ı ələ keçirir

Azərbaycanlı oliqarx Hafiz Məmmədovun səhmlərinin üçdə ikisinin sahibi olduğu fransız futbol klubu “Lans” ətrafında qalmaqal daha da böyüyüb, hətta dramatik xarakter alıb. Virtualaz.org saytı xəbər vermişdi ki, H.Məmmədovun klubun transfer büdcəsini doldurmaq üçün ödəməli olduğu 2.5 milyon avronu onun əvəzindən borc kimi nüfuzlu nazirlərdən birinə bağlı olan digər azərbaycanlı olqarx ödəyib. Fransanın peşəkar klubların büdcələrinə nəzarət üzrə komissiyası DSNJ-yə təqdim edilmiş müqaviləyə əsasən dekabrın 31-nə qədər H.Məmmədov həmin 2.5 milyon avronu oliqarxa qaytara bilməsə “Lans”ın səhmlərinin üçdə ikisini ona verməli olacaq.

Lakin  redaksiyamıza Fransadakı qaynaqlardan məlum olmuşdu ki, H.Məmmədov klubun onun əlindən bu cür alınması ilə razı deyil və həmin müqaviləyə imza atmaqdan imtina edib. Nəticədə müqaviləni H.Məmmədovun adından saxta imza atmaqla DSNJ-yə təqdim ediblər.

Saytımız  H.Məmmədovun ötən il 20 milyon avroya aldığı “Lans” klubunu onun əlindən cəmi 2.5 milyon avroya almağa hazırlaşan bu oliqarxın kimliyi barədə dəqiqləşdirilməmiş məlumata malik idi. Ancaq belə məlum olur ki, həmin oliqarxın kimliyi əslində Fransa mediasına açıqlanıb. Söhbət Məmmədov soyadlı digər oliqarxdan-nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holding”in prezidenti Anar Məmmədovdan gedir.

Fransa nəşrləri A.Məmmədovu “Lans”ın faktiki yeni sahibi kimi təqdim edir və H.Məmmədovun 2.5 milyon avronu qaytara bilməyəcəyini nəzərə alaraq yanvarın 1-dən onun səhmlərinin mülkiyyət hüququnun nazir oğluna keçəcəyini yazır. “Le Parisien”, Goal.com, “L Equipe” və digər çoxsaylı Fransa nəşrlərinin, idman saytlarının yazdıqlarına görə “Lans” prezidenti Jerve Martel H.Məmmədovun əvəzindən 2.5 milyon avronu klubun büdcəsinə köçürən investorun Anar Əliyev olduğunu keçirdiyi mətbuat konfransında açıqlayıb.

Xatırladaq ki, saytımıza daxil olan məlumatda 2.5 milyon avronun ödənilməsinə dair müqavilənin tərəflərinin Jerve Martel, “Point to Point” adlı offşor şirkət və Hafiz Məmmədov olduğu (onun adından sənədə atılmış imzanın saxta olduğu bildirilir) göstərilirdi. Anar Məmmədovun adı müqavilədə yer almırdı. Ancaq Jerve Martel açıqlayıb ki, həmin offşor şirkət Anar Məmmədova bağlıdır, yəni pulu ödəyən odur. Şərtə görə dekabrın 31-nə qədər H.Məmmədov həmin məbləği qaytarmasa “Lans”ın sahibi Məmmədov soyadlı digər oliqarx olacaq. J.Martel onu da deyib ki, H.Məmmədovun həmin pulu ödəmək imkanı yoxdur və bu səbəbdən ehtimal var ki, klubun yeni səhmdarı A.Məmmədov olacaq. “Lans” prezidenti hətta deyib ki, A.Məmmədov klubun yeni mövsüm üçün büdcəsinə lazım olan 20-25 milyon avronu verəcəyini vəd edib.

Bu, təkcə “Lans” üçün deyil, Martelin özü üçün də xilas kəməridir. Tanınmış fransalı idman jurnalisti Antuan Plaser haqqin.az-a bildirib ki, Mertel xirtdəyinə qədər borcun içindədir. Onun borcları 4 milyon avronu keçir. Jurnalistin sözlərinə görə, “Lans”da danışırlar ki, Mertel özünün şəxsi maliyyə problemlərini Azərbaycanın nəqliyyat naziri və onun oğlunun hesabına həll etməyə çalışır.

“Lans”ın internet saytı lensois.com isə artıq klubun səhmlərinin H.Məmmədovdan A.Məmmədova keçməsinə azarkeşlərin reaksiyasını öyrənmək üçün sorğu keçirir. Fransa nəşrləri yazır ki, 33 yaşlı A.Məmmədov biznesin geniş sahələrində fəaliyyət göstərən oliqarxdır və H.Məmmədovla qohum deyil. Azərbaycanda “Məmmədov” geniş yayılmış familiyadır.

Saytımıza o da məlum olub ki, H.Məmmədovun imzasının saxta olduğu barədə məlumatı fransalı jurnalistlər də araşdırır və DSNJ-dən bu iddiaya cavab almağa çalışırlar.

Həmçinin saytımıza məlum olub ki, “Lans”a münasibətdə nəqliyyat naziri Ziya Məmmədovla onun keçmiş biznes partnyoru Hafiz Məmmədov arasında “Lans”ın ələ keçirilməsinə yönələn ekspansiyadan sonra əsl müharibə gedir. Nazirin klanının nümayəndələri, xüsusən də onun oğlu keçmiş kampanyonu Hafiz Məmmədovun obyektlərini, şirkətlərini bir-birinin ardınca ələ keçirir. Məlumatlara görə H.Məmmədova həmçinin ultimatum verilib ki, “Bakı” futbol klubunu və eyni adlı idman bazasını  da A.Məmmədova təhvil versin.

H.Məmmədovun yaxın ətrafındakı mənbələr də təsdiq edirlər ki, nazirlə “Hafka” arasında əsl müharibə gedir. Oliqarx kapitulyasiya razılaşmasını imzalamaqdan imtina etsə də nazirin oğlunun adamları onun imzasını saxtalaşdırmaqdan belə çəkinməyiblər. Bundan əlavə, “Hafka”ya növbəti ultimatum verilib-əgər ayın sonuna qədər “Bakı”nın idman bazası (dəyəri on milyonlarla dollardır) nazirin oğluna təhvil verilməsə o zaman obyekt ekskavatorlarla dağıdılacaq. Hafiz Məmmədov özü isə nazirə qarşı kompromat müharibəsi başlatmağa hazırlaşır...

Saytımız bu səs-küylü qalmaqalı izləməkdə davam edir. Yaxın vaxtlarda iki oliqarx arasında müharibənin yeni təfərrüatlarını çatdırmağa çalışacağıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar