Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, əgər Brüsselin irəli sürdüyü bir sıra şərtlər, o cümlədən etiraz aksiyalarında iştirak etdiklərinə görə məhkum edilmiş şəxslərin azad olunması tələbi yerinə yetirilməzsə, ölkə Avropa İttifaqı ölkələri ilə mövcud vizasız gediş-gəliş hüququndan məhrum edilə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə iyulun 15-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndəsi Kaya Kallas bəyanatla çıxış edib. Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı rəsmi məktub Tbilisiyə göndərilir: “Şərtlərin yerinə yetirilməməsi Aİ-nin Gürcüstanla əlaqələrinə ciddi təsir göstərə bilər. Vizasız rejim bizim tərəfimizdən verilmiş bir imtiyazdır və onun davam etməsi konkret şərtlərin icrasından asılıdır”.

"Azadlıq" radiosunun gürcü xidməti isə məlumat yayıb ki, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimi oktyabr ayında dayandıra bilər.

Xatırladaq ki, son aylar Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinə qarşı geniş etiraz aksiyaları keçirilir və bu aksiyalarda iştirak etmiş bəzi fəallar həbs olunub. Aİ bu prosesləri demokratik dəyərlərə zidd hesab edir və siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

“AzPolitika.info”