Hazırda Bakıda kiçik dükanlarda mal ətinin kilqoramı 17 manatdır. Quzu əti isə 21-22 manata təklif olunur. 

Satıcılar “AzPolitika”nın əməkdaşına bildiriblər ki, yaxın günlərdə qiymətlərin bahalaşacağı qaçılmazıdr.

“Rayonlarda mal əti artıq 16-17 manata çatıb. Ona görə Bakıda da qiymətlərin qısa müddətdə artacağına şübhə yoxdur”, - Bayılda yerləşən ət dükanlarından birinin satıcısı deyib.

O, qiymət artımına səbəb kimi isə kəsim üçün bazara çıxarılan heyvanların az olmasını göstərir: “Əvvəl, Bərdə, Ağcabədi, Beyləqana rayonlarındakı həftəsonu bazarlara tutalım, 100 baş heyvan çıxarılırdısa, indi 40-50 baş civarına düşüb. Kəndlini qınamıram, indi heyvan bəsləyib, ondan qazanc götürmək çox çətindir. Çünki yemin, otun qiyməti çox bahadır, 5-7 aylıq dövründə xərc o qədər çox çıxır ki, satanda ona bir şey qalmır, ona görə də qiymətləri artırmaq məcburiyyətindədirlər”.

Xatırladaq ki, kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli yaxın dövrdə mal ətinin qiymətinin artacağı barədə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, Qazaxıstan və Qırğızıstan diri heyvan ixracını dayandırıb: "Digər ölkələrin də belə addımlar atacağı gözlənilir. Azərbaycan ətə olan tələbatının 20 faizini idxal edilən diri heyvanların kəsimi hesabına təmin edirdi. İdxal olunan heyvanların əti isə statistikada daxili istehsal kimi göstərilirdi. Gedişat onu göstərir ki, diri heyvanların idxalı kəskin şəkildə azalacaq. Nəzərə alsaq ki, ölkədə heyvanların baş sayı azalaraq kritik həddə çatıb, deməli, Azərbaycanda ciddi ət qıtlığı gözlənilir". 

Rasim Əliyev

“AzPolitika.info”