Oktyabrın 1-dən ABŞ hökuməti “şatdaun” rejiminə keçib. Buna səbəb federal büdcənin vaxtında qəbul olunmamasıdır. Sentyabrın 30-u maliyyə ilinin son günü idi və köhnə büdcənin müddəti həmin gün başa çatıb. Yeni büdcə təsdiqlənmədiyindən federal qurumların əksəriyyətinin maliyyələşməsi avtomatik olaraq dayandırılıb.
Məlumata görə, təxminən 800 min federal qulluqçu məzuniyyətə göndəriləcək və maaşsız qalacaq. Hava nəqliyyatı dispetçerləri, nəqliyyatda təhlükəsizlik xidməti və digər vacib sahələrdə əməkdaşlar məcburi işləməyə davam edəcəklər, lakin maaşlarını yalnız büdcə qəbulundan sonra ala biləcəklər. Hökumətin özəl şirkətlərlə müqavilələri üzrə ödənişlərin dayandırılması həmin şirkətlərin işçilərinə də təsir edə bilər.
Ekspertlər hesab edirlər ki, “şatdaun” bir neçə gündən çox davam edərsə, bu, ABŞ iqtisadiyyatına ciddi zərbə vura bilər. Yeni büdcənin müzakirələri zamanı demokratlarla respublikaçılar arasında tibbi sığorta məsələsində kəskin fikir ayrılığı yaranıb. Demokratların tələbləri nəzərə alınmadığı üçün büdcə qəbul edilməyib.
Büdcənin qəbul edilməsi üçün Senatda 60 səs tələb olunur. Respublikaçıların isə 53 səsi var ki, bu da kifayət etmir. Prezident Donald Tramp hadisələrdə demokratları günahlandırsa da, onlar məsuliyyətin respublikaçıların üzərində olduğunu bildirirlər.
“Şatdaun” sistemli böhran kimi qiymətləndirilməsə də, daxili siyasi mübarizənin bir hissəsi sayılır. Onun müddəti partiyaların reytinqlərə reaksiyasından asılı olacaq: ictimai rəy kimin əleyhinə formalaşarsa, həmin tərəf güzəştə getməyə məcbur qalacaq.
Fakt odur ki, ABŞ hökuməti maliyyələşmədən kənarda qalıb və “şatdaun” rəsmi olaraq başlayıb.
“AzPolitika.info”

Şərhlər