Menu

Ukrayna Rusiyanın strateji obyektlərinə hücum edib – Zavodlar, neft terminalları vurulub

25.11.2025, 16:00
Ukrayna Rusiyanın strateji obyektlərinə hücum edib – Zavodlar, neft terminalları vurulub

Ukraynanın Baş Qərargahı gecə saatlarında Rusiyanın bir sıra strateji hərbi və sənaye hədəflərinə “Bars” tipli pilotsuz uçuş aparatları (PUA) və “Neptun” qanadlı raketləri ilə zərbələr endirildiyini açıqlayıb. Məlumata görə, hücumlar həm Qara dəniz sahilini, həm də ölkənin dərin arxa ərazilərində yerləşən obyektləri əhatə edib.

Baş Qərargahın verdiyi məlumata əsasən, Taqanroq şəhərində yerləşən “Beriyev” aviasiya zavodu və burada fəaliyyət göstərən PUA istehsalat sahələri vurulub. İlkin məlumatlara görə, zərbələr xüsusi təyinatlı aviasiya komplekslərinin istehsalına ciddi ziyan vurub. Bundan əlavə, mənbələr "A-60" hərbi təyyarəsinin məhv edilməsi ehtimalının yüksək olduğunu bildirir.

Novorossiysk limanında yerləşən Şesxaris neft terminalı da hədəfə alınıb. Ukrayna mənbələri qeyd edir ki, terminalın bir neçə texniki qurğusuna ziyan dəyib və fəaliyyət qismən dayandırılıb. Eyni zamanda ərazidə yerləşən Rusiya ordusunun "S-400" hava hücumundan müdafiə sistemi də zədələnib.

Baş Qərargah həmçinin Rusiyanın Tuapse şəhərindəki neft emalı zavoduna hücum həyata keçirildiyini təsdiqləyib. Zavodun bir neçə bölməsində yanğın və partlayışların baş verdiyi bildirilir. Rusiya tərəfi hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb, lakin yerli teleqram kanalları zavodda fövqəladə vəziyyət elan olunduğunu yazır.

Ukrayna bu hücumları “Rusiyanın hərbi potensialını azaltmaq və müharibə logistikası üzərində nəzarəti zəiflətmək” məqsədi daşıyan əməliyyatlar kimi qiymətləndirir.

Rəsmi Moskva isə hələlik yalnız bəzi obyektlərdə “partlayış səslərinin eşidildiyini” təsdiqləyib, lakin dağıntılarla bağlı məlumatları inkar edir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol