Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının sədri vəzifəsindən də uzaqlaşdırılıb.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bununla dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq sədri bu ay  üçüncü vəzifəsini itirib.  Hər yerə özünü "calayan" Ramiz Mehdiyev bir neçə gün əvvəl Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü vəzifəsindən və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini postundan da azad olunub.

Qeyd edək ki, Prezidenti yanında Heraldika Şurası 2006-cı ildə yaradılıb. Şuraya hələlik sədr müavini olan  akademik Akif Əlizadə rəhbərlik edəcək. 

Şuranın üzvləri aşağıdakı şəxslərdir: Fərəh Əliyeva, Elçin Bağırov, Şahin Əliyev, Əbülfəs Qarayev, İsa Həbibbəyli,  Ömər Eldarov, Gülçöhrə Məmmədova, Fərhad Xəlilov, Elbay Qasımzadə, Çingiz Abdullayev, Yaqub Mahmudov, Nailə Vəlixanlı.

Onu da qeyd edək ki, Heraldika Şurası müstəqil Azərbaycan dövlətinin rəmzlərinin mahiyyətini əks etdirən əsas heraldika atributlarının müəyyənləşdirilməsi, Azərbaycanın indiki orden, medal və döş nişanlarının heraldika nəzəriyyəsi baxımından təhlili və onların yeni tərtibatına aid təkliflərin hazırlanması, Azərbaycan dövlətinin bonistika (kağız pul) ilə bağlı əsas heraldika prinsiplərinin, medalyer sənətinə (medal, jeton, plaket və s.) dair konsepsiyanın və faleristika (orden, döş nişanı və s.) ilə bağlı başlıca heraldika prinsiplərinin, habelə Azərbaycanda qiymətli kağızların, digər xüsusi əhəmiyyət kəsb edən mühüm sənədlərin hazırlanması və çapı ilə əlaqədar ornamentlərdə əsas heraldika prinsiplərinin müəyyən olunması kimi məsələlərlə məğluldur.

Xatırladaq ki,  Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Səbail rayon Məhkəməsinin qərarı ilə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hələ də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi qalır. Həmçinin YAP-ın da Ağsaqqallar Şurasının üzvü olaraq saxlanılır. 

Başqa hansı vəzifələri zəbt edib, çıxarılanda biləcəyik! 

***

Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini vəzifəsindən azad olunub.

"Azpolitika" xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam noyabrın 12-də imzalanıb.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilib.

***

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib. Nəticədə Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində sadəcə adi üzv kimi qalıb.

Beləliklə, 12 noyabr 2025-ci il tarixli Sərəncamla R.Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin adi üzvlüyündən də çıxarılıb.

Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sonuncu tərkibi dövlət başçısının 1 noyabr 2018-ci il tarixli 636 nömrəli Sərəncamı ilə təsdiqlənib.

Hazırda Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyevdir.

Redaksiya heyəti sədrinin müavinləri Akif Əlizadə (AMEA-nın həqiqi üzvü), İbrahim Quliyev (AMEA-nın həqiqi üzvü) və Anar Rzayevdir (Xalq yazıçısı).

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru İsa Həbibbəyli (AMEA-nın prezidenti), məsul katibi Tofiq Nağıyevdir (AMEA-nın vitse-prezidenti).

Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.