
Bu günlərdə Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO) ilə ABŞ neft nəhəngi Exxon Mobil qrupu arasında Böyük Orta Doğunu yenidən şəkilləndirmə potensialı daşıyan memorandum imzalanıb. İmzalanan sənəddə Aralıq dənizi, Qara dəniz akvatoriyalarında və digər əhəmiyyətli beynəlxalq ərazilərdə iki dövlətin birgə neft-qaz hasilatı nəzərdə tutulur. Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar özünün “X” hesabında paylaşıb.
“Digər əhəmiyyətli beynəlxalq ərazilər” dedikdə, söhbətin Liviya, Suriya, İraq, Somali, Nigeriya kimi zəngin enerji hövzələrindən getdiyini Qərb və türk mətbuatı geniş şərhə yer vermədən, quru texniki məlumatlar arasında yerləşdiriblər. Qeyd edək ki, Exxon Mobil dünya neft sektorunda ABŞ-ni təmsil edən ən nəhəng şirkətdir və bu sektorda Birləşmiş Ştatların maraqlarının əsas təmsilçisidir. D. Tramp ilə V. Putin arasında Alyaskada keçirilən Ankoric görüşündə də məhz Exxon Mobilin yenidən Rusiya enerji sektoruna buraxılması iki prezident tərəfindən razılaşdırılmışdı.
Neftin Birləşmiş Ştatlar üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığını izah etməyə ehtiyac yoxdur. Ağ Evin uzun illərdir “Böyük Orta Doğu” adlandırılan coğrafiyada qurduğu bütün oyunların ana səbəbi neftdir. Sual yaranır: nə baş verir ki, ən yaxşı bildiyi iş pul saymaq olan Tramp Türkiyəni böyük neftə şərik edir?

Trampın açıqlamalarını yada salaq: “Öncə Amerika”, “Monro doktrinasını əsas götürməli və Amerika qitəsinə fokuslanmalıyıq”, “Suriyadan, İraqdan çəkilirik” və s. Yəni Birləşmiş Ştatlar Amerika qitəsindən başqa dünyanın qalan hissəsindən çəkilmək məcburiyyətindədir. O cümlədən “Böyük Orta Doğu”dan. Artıq bütün dünyanın jandarmı olmağa Amerikanın gücü yetmir. Amma yerini də xaotik şəkildə boşaldıb çıxmır.
Regiona nəzarəti addım-addım Türkiyə ilə bölüşür. Sübutlar göz önündədir. Liviyada, Suriyada, İraqda, Qəzzada, Yəməndə, Somalidə bir nömrəli müttəfiqi olan İsrailin deyil, Türkiyənin dediyini deyir. Qərb düşüncə quruluşlarının açıq hesabatlarına görə, hər addımda İsrailin maraqlarını arxa plana ötürüb, Türkiyənin maraqlarından çıxış edən Ağ Ev Ankara ilə çox əhəmiyyətli işbirliyində qərarlıdır. Və bu işbirliyi dünyanın ən zəngin regionunun neft-qaz yataqlarının birgə istismarına qədər uzanır.
Ağ Ev heç bir dövlətə, heç bir beynəlxalq quruma göstərmədiyi isti münasibəti rəsmi Ankaraya göstərir. Tramp Avropa ölkələrini yeri gəldi-gəlmədi qamçılayır, Çini düşmən elan edir, Rusiyanı gah tərifləyir, gah da “kağız pələng” adlandırır və s. ABŞ liderinin bir tək Türkiyə və Ərdoğan sevgisi qəti və dəyişməzdir.

Ağ Evin Türkiyəyə yanaşmasının mahiyyətini Trampın Ərdoğan haqqında səsləndirdiyi iki sadə cümlə tam şəkildə açır: “Ərdoğanı sevirəm. Ərdoğan çətin adamdır”.
Bu iki cümlə ABŞ–Türkiyə münasibətlərinin o qədər də qüsursuz olmadığını və Ərdoğanın Türkiyənin maraqlarından bircə addım da geri çəkilmədiyini göstərir. Birləşmiş Ştatlar da daha böyük maraqlar naminə Türkiyəyə xeyli məsələdə güzəştə gedir.
Məlum məsələdir ki, Trampın Ərdoğan sevgisinin əsl səbəbi Türkiyə dövlətinin sahib olduğu real gücdür. Möhtəşəm ordu, modern hərbi-sənaye kompleksi, son dərəcə effektiv diplomatiya, bölgənin iliklərinə qədər işləmiş xüsusi xidmətlər şəbəkəsi, ən əhəmiyyətli ticarət yollarına nəzarət və digər üstünlüklər Türkiyə Cümhuriyyətini təkcə regionda deyil, dünya çapında çox böyük oyunçuya çevirir.

Birləşmiş Ştatlar Türkiyə ilə bağlı hər zaman iki seçim arasında vurnuxub: ya Ankaranı qarşısına almalı və enerjisini onunla mübarizəyə sərf etməli, ya da Türkiyə ilə çətin, amma sərfəli işbirliyinə getməlidir. Türkiyə gücləndikcə, Amerikanın seçimi də konkretləşir və praqmatik Tramp Ərdoğanla işbirliyini seçir.
Hadisələri bir qədər qabaqlayaraq belə bir geosiyasi kombinasiyanı nəzərdən keçirək. Tramp İranı vurmağa hazırlaşır. Əsas səbəb, əlbəttə ki, hansısa etirazçıların öldürülməsi deyil, İran neftidir. İran əhalisinin yarısı türkdür və Türkiyənin İran üzərindəki potensial təsir imkanları hər keçən gün artır. Deməli, İranda Türkiyəsiz addım atmaq risklidir. Exxon Mobil də region neftini Türkiyə Petrolları AO ilə bölüşmə memorandumu imzalayıb. Maraqlıdır, bu memorandum İran neftinə də şamil edilə bilərmi?
“AzPolitika.info”

Şərhlər
Bir reallığı görmək lazımdır ki, 21-ci yüz illiyin evveli, dünya gücleri tərəfindən dünyanın yenidən dizayın edilməsi, yəni bölüşdürülmesi prosesi ilə başladı. Bu baxımdan da dünya çalxalanır, çalxalandıqca ölkələr saflarını seçir, seçə bilməyən də axmaq dövlət rəhbərləri tərəfindən ölkəsini ya tapdaladır, ya oyundan devre dışı buraxır, ya da yürtdüyü yanlış daxili və xarici siyasətdən dolayı çökdürür. Ona görə də bu oyunlarda Türkiyənin Avrasiya qitəsində və xüsusən də yaxın şərqdə güclü aktörə çevirilməsi bütün türk dünyasını və xüsusən də bizləri sevindirir (isalm aləmini deyə bilmərəm, onların çoxunun ipinin üstünə odun belə yığmaq olmaz) . Təbii ki, bu da sayın Erdoğanın liderliyi sayəsində mümkün olur. Di gəl bunu, Türkiyənin özündə kəndilərini sözdə Atatürkçü adlandıran və gecə- gündüz dış göclere köpeklik edən zehniyyətə anlat.
Namiq qardaşımız istiqametli tehlil etmiş.Tebrikler !!!
Bu yazını sevdim. Maraqlıdı, təşəkkürlər.