Rusiya hökuməti neft və qaz gəlirlərinin kəskin şəkildə azalmasından əziyyət çəkən federal büdcə üçün təcili olaraq əlavə gəlir əldə etməyə çalışır.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” Rusiya hökumətinə yaxın mənbələrə istinadla məlumat verib.
Nəşrin verdiyi məlumata görə, Rusiyanın hökumət rəsmiləri büdcə kəsirini azaltmaq üçün 1,2 trilyon rubl yeni vəsait axtarırlar. Məlumata görə, Kreml Ukrayna ilə sülh danışıqlarında uğur qazanacağına ümid etmir və hakimiyyət orqanları bu il hərbi xərclərin ilkin planı (12,9 trilyon rubl) üstələyə biləcəyini düşünür.
“Bloomberg” mənbələri bildirir ki, bu arada, büdcənin dörddə birini təşkil edən neft-qaz gəlirlərinin, neft satışlarının azalması və rublun gözlənilmədən möhkəmlənməsi səbəbindən büdcə gəlirləri gözləniləndən xeyli aşağı ola bilər.
Yanvar ayında Rusiyanın “Urals” xam neftinin qiyməti bir barel üçün 35 dollara düşüb (büdcədə 59 dollar nəzərdə tutulub), dolların məzənnəsi isə Maliyyə Nazirliyinin proqnozlaşdırdığı 92,2 rubl yox, 80 rubldan da aşağıdır. Nəticədə, büdcə ümumilikdə 2,2 trilyon rubl itirə bilər.
ƏDV artımından cəmi bir ay keçməsinə baxmayaraq, Maliyyə Nazirliyi artıq kazinoların leqallaşdırılmasını və onların gəlirlərinin 30%-nin alınmasını, brilyantlara ixrac rüsumlarının tətbiq edilməsini təklif edib. Eləcə də Təbii Sərvətlər Nazirliyi ətraf mühit vergilərinin kəskin şəkildə artırılacağını elan edib - metallurglar üçün 9-20 dəfə, qızıl mədənçiləri üçün 15-25 dəfə, neft və qaz sektoru üçün 5 dəfə.
Rusiya Maliyyə Nazirliyi 2026-cı il büdcəsində 3,2 trilyon rubl gəlir artımı proqnozlaşdırıb ki, bunun 1,2 trilyonu yeni ƏDV-dən, daha 200 milyardı isə kiçik biznes üçün vergi islahatlarından gələcək. Bu da yüz minlərlə sahibkarı sadələşdirilmiş vergi sistemindən məhrum edəcək. Bundan əlavə, 1 sentyabrda avadanlıq və elektronikaya texnologiya vergisi tətbiq olunacaq və hökumət bundan üç il ərzində daha 200 milyard rubl əldə etməyi planlaşdırır.

Lakin mütəxəssislərin hesablamalarına görə, gəlirlərin azalması nəticəsində 2026-cı ildə Rusiyanın büdcə kəsiri ötən ilki ÜDM-in 2,5-2,7%-nə çata bilər. Bu o deməkdir ki, hökumət və Maliyyə Nazirliyi borclanma proqramını 5,5 trilyon rubldan 6,5-6,7 trilyon rubla qədər artırmalı, həmçinin Milli Rifah Fondunu açmalı və ondan 1,1-1,4 trilyon rubl çıxarmalı olacaq.
Rusiya Mərkəzi Bankın keçmiş sədr müavini və Londondakı NEST Mərkəzinin baş elmi işçisi Sergey Aleksaşenko qeyd edir ki, Rusiya iqtisadiyyatı yeni ilə üç tərəfdən sıxışdırılmış şəkildə qədəm qoyur. Hərbi münaqişə maliyyə, maddi və insan resurslarını tükəndirməyə davam edir; yüksək faiz dərəcələri və mülki büdcə xərclərinin azaldılması biznesə və məcmu tələbə təzyiq göstərir; texnologiya və avadanlıqlara çıxışa sanksiyalarla bağlı məhdudiyyətlər isə istehsal güclərinin köhnəlməsinə səbəb olur: "Belə bir vəziyyətdə iqtisadiyyatın böyüməsini təsəvvür etmək çox çətindir".
E.Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər
Tarixi 9 May 1945ci il qələbəsi SSRİni dünyaya ən Ədalətli və güclü xalq dövləti kimi tanıtmışdı! Dəmir iradəli təvazökar İ.V.Stalin məxarici və daxili atmacasız 1953cü ilə qədər daha 10 illik tam strateji ərzaq və hərbi ehtiyatlara nail olmuşdu! 20 illik tam təminatını gözləyən ölkə 1963-1975ci illərin defisitini elə həmin ehtiyatla ödəyirdilər. Ölkəmizin durumü özünə çoxlu düşmən qazanmış RFdan heç də üstün deyil?
Problem deyil. Ölməmişik ki. Beynəlxalq bankda nə qədər istəsən pulunuz var. Putin Xəzərdən gəmi ilə gəlməyi kifayətdir ki, pulu yükləyib göndərərik... Devalvasiyaya isə eybi yox öyrəşmişik. Canınız həmişəki kimi çıxar dözərik. Dözümlüyük axı...