ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistan və ardınca Azərbaycana reallaşdırılan səfərinin əsas məqsədlərindən biri ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinin irəli aparılması və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramının təşviqinə töhfə vermək idi.

Bu səfər Azərbaycan və Ermənistan üçün sülh gündəliyində hansı real irəliləyiş vəd edir? “TRIPP” proqramı Azərbaycan və Ermənistan üçün hansı iqtisadi imkanlar aça bilər?

Mövzunu “AzPolitika”ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Cey Di Vensin Azərbaycana və Ermənistana səfəri zamanı müzakirə edilən əsas məsələ “Tramp yolu”nun qısa müddətdə istismara verilməsi olub.

Politoloqun sözlərinə görə, bu layihənin sürətləndirilməsinə ciddi ehtiyac var: “Hazırda Ermənistanda hələlik tikinti işlərinə başlanılmayıb, yalnız texniki və maliyyə məsələləri müzakirə olunur. Bu isə prosesin uzanmasına səbəb olur. Hətta tikinti işlərinə başlanılsa belə, mövcud hesablamalara əsasən, layihənin 2028-ci ildə tamamlanacağı ehtimal edilir. Halbuki işlər daha tez başlasa, inşaat prosesini daha qısa müddətdə yekunlaşdırmaq mümkündür. Bu isə həm region ölkələrinin, həm də ABŞ-nin maraqlarına uyğundur.

ABŞ-də və region ölkələrində belə bir fikir formalaşıb ki, Rusiya və İranda müəyyən dairələr bu layihənin reallaşmasına müxtəlif yollarla mane olmağa cəhd göstərə bilərlər. Hətta bəzi çevrələr bunu açıq şəkildə etiraf edirlər ki, sözügedən layihə nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Məhz bu səbəbdən Vensin səfəri çərçivəsində əsas müzakirə mövzusu məhz bu layihə olub”.

Politoloq əlavə edib ki, ABŞ həm Azərbaycanla, həm də Ermənistanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır: “Bu çərçivədə Azərbaycana hərbi texnikanın satışı da gündəmdə olan mövzulardan biri ola bilər. Vensin səfəri, eləcə də ötən ilin 8 avqustunda Vaşinqtonda Ağ Evdə imzalanan sənəd göstərir ki, ABŞ Cənubi Qafqazda, o cümlədən Azərbaycan və Ermənistanda faktiki mövqelərini möhkəmləndirib”.

E.Şahinoğlu sonda vurğulayıb ki, bu proses ABŞ-nin maraqlarına tam uyğundur: “Çünki Cənubi Qafqaz və Mərkəzi Asiya zəngin təbii resurslara malik bölgələrdir və ABŞ bu zənginliklərdən iqtisadi fayda əldə etmək imkanlarını genişləndirir. Eyni zamanda, Cənubi Qafqaz üzərindən Mərkəzi Asiyaya çıxış əldə olunur. Bu isə region ölkələrinin də maraqlarına cavab verir. Belə ki, onlar müxtəlif istiqamətlərdən yarana biləcək təhlükələrin qarşısının alınmasında ABŞ-nin dəstəyini qazanmağa çalışırlar”.

Oğuz Ayvaz