ZİYA MƏMMƏDOVUN YERİNƏ ZAUR HÜSEYNOV? - Oliqarxiya

Metro rəisinin nəqliyyat naziri postuna hazırlandığı bildirilir

Yadınızdadırsa, hamımızın sevimlisi Tağı Əhmədovun metropoliten rəisi postundan kənarlaşdırılması barədə məlumat yayılanda çoxları buna inanmamışdı. Heç hörmətli Tağı müəllim özü də... Bundan sonra o kişinin başına nələr gəldi, nələr... bunlar başqa söhbətin mövzusudur və ən azı hələlik kişinin qulağı dincdir, buna da şükür!

Amma olan oldu və bu məlumat nə qədər gözlənilməz idisə, ixtisasca heç də metropoliten işçisi olmayan, uzun müddət mühasib işləmiş və “Bakıelektrikşəbəkə”nin sədr müavini postunda çalışan, siyasi və inzibati dairələrdə demək olar ki, tanınmayan Zaur Hüseynovun Bakı Metropoliteninin rəisi vəzifəsinə gətirilməsi də, bir o qədər gözlənilməz və müəmmalı oldu. Ancaq bura Azərbaycandır və xüsusilə də vəzifə təyinatlarını əvvəlcədən proqnozlaşdırmaq çətin məsələdir. Burada ixtisaslı kadr olmaqdan daha çox imtiyazlı kadr olmaq vacibdir!

Hörmətli Zaur müəllim metropoliten rəisi postuna yeni təyin olunanda “Azpolitika”ya daxil olan məlumatda deyilirdi ki, bu vəzifə Z.Hüseynov üçün hakimiyyət nərdivanında tramplin rolu oynayır. O zaman yeni rəisi hansı vəzifə gözlədiyi barədə dəqiq bir şey deyilmirdi. Ancaq bu təyinatdan heç bir il keçməmiş hakimiyyət dairələrində Zaur Hüseynovun nəqliyyat naziri postuna gətiriləcəyi barədə söz-söhbət yayılmağa başlayıb. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz - belə məlumatların bəzi hallarda təsdiqini tapması təcrübəsinə də rast gəlinir. Elə reallıq və müşahidələr də bu məlumatın ciddi əsasları ola biləcəyini deməyə əsas verir.

Olimpiya oyunları – həqiqət anı...

Hələ ki, nəqliyyat naziri vəzifəsini daşıyan Ziya Məmmədovun hakimiyyətdaxili oyunlarda adının tez-tez hallanması, bu vəya digər klanın üzvü olması barədə məlumatlar tez-tez mətbuatın gündəminə çıxır. Bu şəxs başqa irili-xırdalı məsələləri demirik, yalnız “nəqliyyat qoçuları” kimi tanınan, sözün əsl mənasında qanunsuz və başıpozuq bir dəstəni xalqın canına salmaqla, Nəqliyyat Nazirliyinin olan-qalan hörmət və nüfuzuna elə bir zərbə vurub ki, tək bunu ardan qaldırmağa illər lazımdır. Oğlu Anar Məmmədov, deputat qardaşı Elton Məmmədov və onun avtoş oğlu da ki, necə deyərlər, bir başqa aləmdilər. Mətbuatda jurnalist döydürməkdən tutmuş, müxtəlif bahalı əyləncələrə qədər, bir çox qalmaqallarda adı hallanan bu şəxslər Azərbaycanda məmur və məmur övladlarının özbaşnalığının simvolu kimi təqdim olunmaqdadırlar. Biz mətbuatda öz əksini tapmış bu məqamların doğru ya yalan olduğunu dartışmaq fikrində deyilik, sadəcə belə bir fakt danılmazdır ki, yuxarıda adı çəkilən hörmətli nazir və onun yaxınları ən azı mediada hakimiyyəti gözdən salan çevrə kimi təqdim edilməkdə və qınaq obyektinə çevrilməkdədir. Azərbaycanın indiki hakimiyyəti isə, adətən ağrımayan başına dəsmal bağlamağı sevmir və belələrinin nazı ilə nəyinsə xatirinə yalnız bir nöqtəyə qədər oynayır. Bu nöqtə isə deyəsən çox yaxınlaşıb və bizə daxil olan məlumatda da sözügedən nazirin ətrafından qurtulmaq üçün çox baş sındırmadan bu çevrənin başında duran nazirin özünü qarşıdan gələn Avropa Olimpiya Oyunlarından sonra bu postdan kənarlaşdırıb, yerinə Zaur Hüseynovun gətiriləcəyi deyilir. Ona görə olimpiya oyunlarından sonra ki, bu tədbirlə bağlı bir çox layihələrin icrası ona tapşırılıb və o, bu işləri başa çatdırmalıdır.

Mətbuatda “Bakı klanının” təmsilçisi kimi təqdim olunan Zaur Hüseynovun nəqliyyat naziri postuna mümkün təyinatı isə həm hakimiyyət iyerarxiyasındakı mövcud reallıq, həm də cəmiyyətdə oliqarx kimi tanınmayan bu tip məmurlara münasibətin nisbətən normal olduğu nəzərə alınmaqla, müəyyən qədər inandırıcı görünür.

Lakin biz onun da fərqindəyik ki, Azərbaycanda kadr dəyişiklikləri ilə bağlı proqnoz vermək perespektivsiz iş sayılır və nazir kürsüsündə oturduğu illərdə Ziya Məmmədovun “vurulacağı” barəsində yayılan saysız-hesabsız şayiələrin heç biri özünü doğrultmayıb. Bu baxımdan, istisna deyil ki, Zaur Hüseynovun nəqliyyat naziri postuna hazırlandığı barədə söz-söhbətlər də bundan uzağa getməyəcək.

TAHİR

AzPolitika.info

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar