"Ankaranın Moskvadan əsas istəyi Rusiya hakimiyyətinin Ermənistana təzyiq etməsi və bunun nəticəsində ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasını təmin etməsidir"
Ankara Qarabağ probleminin həlli istiqamətində fəallaşır. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftə Vaşinqtonda amerikalı həmkarı Con Kerri ilə Qarabağla bağlı fikir mübadiləsi apardı. Ankara Qarabağ məsələsində Vaşinqtonun nəbzini yoxlayırdı. Kerrinin Əliyevlə Sərkisyanın Vyana görüşündən öncə hər iki prezidentə zəng edərək Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparmasında da Ankaranın diplomatik payı var.
Əlbəttə, uzun fasilədən sonra amerikalı yüksək rütbəli rəsminin belə bir addım atması Azərbaycan və Ermənistanda “Vaşinqton da oyuna daxil olur” kimi mülahizələrə yol açıb. Ancaq Vaşinqtondan Bakı və Yerevana oxşar telefon zəngləri əvvəllər də olurdu və bu, ABŞ-ın münaqişənin həllində artan roluna dəlalət etmirdi. Misal üçün, Kerri Davudoğlu ilə birgə mətbuat konfransında İraqı 24, Suriyanı 16, İranı 6 dəfə xatırladıb, Qafqaz və Qarabağın adını isə cəmi 3 dəfə çəkib. Bu statistikanın özü də göstərir ki, Vaşinqton üçün Qarabağ probleminin həlli prioritet deyil. Vaşinqton Qarabağ münaqişəsinin həllində ciddi impuls olmadan prosesə fəal qoşulmayacaq.

Ankaranın Moskvadan əsas istəyi Rusiya hakimiyyətinin Ermənistana təzyiq etməsi və bunun nəticəsində ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasını təmin etməsidir. Əslində sülh müqaviləsinin imzalanması və regional əməkdaşlığa start vermək üçün 5 rayon (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) açar rolunu oynayır. 5 rayonun azad olunması aşağıdakı proseslərə start verəcək:

Azərbaycan Ermənistanla kommunikasiya xətlərini açacaq;
Türkiyə Ermənistanla sərhədi açacaq, bu ölkə ilə diplomatik münasibətlərini bərpa edəcək;
Ermənistan regional layihələrə qoşulacaq.
Beləliklə, Dağlıq Qarabağ probleminin həllində dördlü formatın (Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan) konturları görünür. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması paralel prosesə çevrilə bilər.
Türkiyə-Azərbaycan-Ermənistan üçlü formatında da görüş və müzakirələrin başlaması mümkündür. Misal üçün, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının 12 dekabrda Ermənistanda keçiriləcək yığıncağına dəvət olunublar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in dekabrın əvvəllərində Kiyevdə keçirəcəyi toplantıdan bir neçə gün sonra prosesi Yerevanda da davam etdirə bilərlər. Bu, Dağlıq Qarabağ münaqişəsinin 25 illik tarixində yenilik ola bilər. İndiyə qədər Azərbaycan və Ermənistan rəsmiləri birbaşa olaraq nə Bakıda, nə də Yerevanda müzakirə aparıblar. Yerevandakı müzakirələrə Türkiyə xarici işlər nazirinin qatılması ehtimalı isə Ermənistan-Türkiyə normallaşması prosesinin Dağlıq Qarabağ danışıqları prosesi ilə paralel getdiyinə işarə olardı. Doğrudur, Yerevan bu iki prosesin paralel aparılmasının əleyhinədir. Ancaq Moskva Ankaranın danışıqlar prosesinə qatılmasına yaşıl işıq yandırarsa, Yerevan buna etiraz edə bilməyəcək. Demək, hər şey Ərdoğanla Putinin razılaşmasından asılıdır.
Moskva həm Dağlıq Qarabağ, həm də Türkiyə-Ermənistan dialoqunda müsbət rol oynamaq üçün bu prosesdən dividendlərini əvvəlcədən müəyyənləşdirməlidir. Moskvanın Ermənistanı Qarabağ ətrafındakı 5 rayonu boşaltmağa 2 dividend həvəsləndirə bilər. Birinci dividend – Moskva Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibinin əsasını təşkil etməlidir. İkinci dividend – Azərbaycan və Türkiyə Gömrük İttifaqına doğru addım atmalıdırlar.

“Atlas” Araşdırmalar Mərkəzi(mediaforum.az)


Şərhlər