Donald Trampın ziddiyyətli davranışları və açıqlamaları bir tərəfdən onun barəsində qeyri-ciddi imic yaradırsa, digər tərəfdən də bütün bunların hansısa gizli ssenarilərin, planların tərkib hissəsi olduğu barədə şübhələrə yol açır - konspirasiya nəzəriyyəsini kimsə ləğv etməyib…
Doğrudan da, savadlı, təcrübəli, bacarıqlı siyasətçilər sarıdan heç vaxt qıtlıq çəkməyən ABŞ-nin başına, sanki onlar qeyb olubmuş kimi, Tramp kimi birisinin gətirilməsi, ardınca da onun verdiyi, bəşəriyyətin, dünya nizamının axarına təsir edən qərarlar, istər-istəməz bütün bunların arxasında hansısa gizli əllərin və niyyyətlərin olduğuna dair ehtimallar yaradır.

Məsələn, tanınmış rusiyalı politoloq, London Universitet Kollecinin fəxri professoru Vladimir Pastuxov bu mövzuyla bağlı maraqlı paylaşım edib. O deyir: "Şəxsən mən ən çox hazırda Yaxın Şərqdəki müharibə ilə bağlı bir neçə mücərrəd sualla, yəni "yerdəki" vəziyyətlə birbaşa əlaqəsi olmayan suallarla məşğulam:
1. Tramp sadəcə təlxək rolunu oynayır, yoxsa o, həqiqətən təlxəkdirmi?
2. Trampın komandası vəziyyətin kritikliyini başa düşürmü, yoxsa bütün komanda uzun müddətdir situasiyanın girovundadır?
3. Amerika rəhbərliyində kimsə Tramp üçün bu müharibədə "Yoruldum - gedirəm" kimi bir həll yolunun mövcud olmadığını başa düşürmü? Burada Getmək = Məğlubiyyətə.
4. Əvvəlki suala davam edək: Tramp administrasiyasında kimsə başa düşürmü ki, bütün bunlardan sonra İrandakı məğlubiyyət ("sadəcə getmək") Vyetnam müharibəsindəki məğlubiyyətə bərabər nəticələrə səbəb olacaq və hətta onu (impiçment daxil olmaqla) üstələyəcək?
5. Moskva və Pekin Trampın İrandakı məğlubiyyətinin ABŞ-ni üç il müddətinə “axsaq ördək” statusuna salacağını başa düşürlərmi və onlar geosiyasi ambisiyalarını maksimum dərəcədə artırmaq üçün mövcud vəziyyətdən - istifadə etmək istəyəcəklərmi?
6. Avropa bunu başa düşürmü ki, gözlədiyindən daha tez öz problemləri ilə təkbaşına qala bilər?”
Olduqca maraqlı və təcili cavab axtaran suallardır. Doğrudan da Trampın nitqi kimi pərakəndə və başıpozuq siyasəti “bir dəli bir quyuya daş atdı…” misalını xatırlatmırmı və doğrudanmı hansısa bir ABŞ Prezidentinin bu cür “şıltaqlıqlar” etməsinə asanlıqla icazə verilir?
NATO-nun düşürüldüyü acınacaqlı vəziyyəti, Avropanın gözdən salınmasını və s. bu kimi məqamları gizlətmək mümkün deyil. Ancaq daha maraqlı olanı ABŞ-nin bu başabəla Prezidentinin tək öz ölkəsini, NATO-nu, Avropanı yox, İsraili də uduzdurmasıdır. Bəli, İrana edilən hücum hər nə qədər İsrailin uğuru kimi qələmə verilsə də, reallıq və gələcək perspektiv bunun əksini deməyə əsas verir. Bu təsadüfdürmü, yoxsa əvvəldən hər şey bu cür planlaşdırılıb?
Məsələ ondadır ki, İrana qarşı hücumun ilk günləri ABŞ və İsrail üçün uğurlu sayılsa da, hadisələrin gedişi getdikcə onların, xüsusilə İsrailin əleyhinə işləməyə başladı. Tramp bu savaşdan çəkiləndən sonra (çəkilməməsi mümkünsüz görünür) İsrail zəifləmiş, lakin tam məğlub edilməyən və daha qəzəbli, daha ekstremist, daha aqressiv İrana qarşı tək qalacaq. İranın isə əl-qolunu bağlayan heç nə qalmayacaq. İran öz nüvə potensialını bərpa etməklə daha çox maraqlanacaq, çünki nüvə silahına sahib olmağın vacibliyi indi İran rejimi üçün kəskin şəkildə artır.
Müharibəyə könülsüz qoşulan Körfəzin ərəb ölkələrinin İsrailə münasibəti bir qədər də kəskinləşəcək.
Üstəlik, bu müharibə İsraili bəlkə də nüvə silahı qədər vacib silahdan məhrum edir – ABŞ cəmiyyətinin, seçici elektoratının, elitasının dəstəyindən. Bəli, məhz ABŞ-dəki yəhudi lobbisi və lobbiçilik fəaliyyəti İsrailin bu nəhəng supergücü yəhudi dövlətinin maraqlarından çıxış etməsinə kömək edirdi. Lakin əvvəlcə Qəzzadakı savaş, qətliam, daha sonra isə İrana ötən yay və indiki müdaxilələr ABŞ-də İsrailə münasibəti mənfi mənada kəskin dəyişib. Bu hadisələr ABŞ-dəki ən qatı israilpərəst seçiciləri belə silib-süpürməkdədir.
Co Bayden başda olmaqla, demokratlar devriləndən sonra Trampın gəlişinə israillilər çox sevinmişdi. Çünki Demokratlar İsrailin nazı ilə oynasalar da, hərbi avantüralardan qaçırdılar. Tramp isə əksinə, ilk imkandaca ABŞ-nin hərbi gücünü İsrailin maraqlarının təminatına yönəltdi, hər zaman meylli olduğu avantüraya getdi. Özü də ABŞ mətbuatının da yazdığı kimi, bu prosesdə onun əsas iki köməkçisi, məsləhətçisi və “diplomatı” – Stiv Uitkoff və kürəkəni Cared Kuşner önəmli rol oynadılar. Onlarınsa hər ikisi yəhudidir. İndi amerikalı seçicinin və elitanın Trampla yanaşı, bu adamları da görməyə gözü yoxdur...

İsrail eləcə də artıq tamamilə itirdiyi Avropa ilə üz-üzə qalacaq. Avropada zatən İsrailə münasibət Fələstin məsələsinə görə mənfi idi. İndi isə İspaniya və Fransa kimi ölkələr NATO müttəfiqləri olmalarına baxmayaraq, öz ərazilərindəki bazalardan İrana qarşı istifadəyə, hətta İsrailə və İrana üz tutan təyyarələrin öz hava məkanlarından keçməsinə belə icazə vermirlər.
Beləliklə, Trampın acı nəticələrə, qana, dağıntılara gətirən “təlxəkliyi” ABŞ ilə yanaşı, ondan istifadə etməyə çalışan İsrailin də başında çatlaya bilər. Bu isə bir daha göstərir ki, müasir dünyada geosiyasi problemlərin hərbi həll yolu özünü tükəndirib. Dünyanın sülh, əmin-amanlıq, inkişaf, təhlükəsiz siyasi düzən gətirən yeni liderlərə ehtiyacı var – yeni hitlerlərə, çarlara, krallara, “siyasi təlxəklərə”, işğalçılara, soyqırım “həvəskarlarına”, saxta məzhəbçi dini liderlərə, diktatorlara və digər zir-zibilə yox...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
İlkin onu deyə bilərəm ki, həqiqətən də Amerikanın timsalında dünya imperializmi artıq çürümə aşamasında. Bir də, bildiyimiz qədər, NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 1949-cu ildə yaradılmış, üzv dövlətlərin azadlığını və təhlükəsizliyini siyasi və hərbi vasitələrlə qoruyan müdafiə ittifaqıdır. Əsas məqsədi üzvlərinə qarşı hərbi təhdidlərin qarşısını almaq, kollektiv müdafiəni (5-ci maddə) təmin etmək, demokratiya və sabitliyi Avro-Atlantik məkanda müdafiə etməkdir. Bəs əcaba, onda bu qızılı telli oğlan, yəni Tramp NATO -nu hansı əsasla hədələyə bilər ki, onun ölkəsinə təhdid yox hücum yox ki, NATO-ya üzv dövlətlər onun müdafiəsinə qalxsın. İrana hücum edən də Amerika, kilide düşəndə Amerika. Görünən o ki, dünya, xüsusən də amerikalılar bu "telli oğlanı" ram etməsələr, dünya həm iqtisadi, həm sosial və həm də təhlükəsizlik baxımından daha böyük fəlakətlərə məruz qalacaq. Xüsusən də Körfəz ölkələri və İran ətrafı ölkələr. Amma 36 günlük müharibə onu göstərir ki, bütün hallarda Amerika İranda ilişib qalsa, Veyetnamda düşdüyü vəziyyətlə (xüsusən də quru əməliyyatlara başlasa) , bəli İranda da üzləşə bilər. O da Fövqalədə bir həmləyə əl atmasa əgər (onu da yenə allah qorusun). Bir də görünən o ki, Tramp İranın 85 milyonluq xalqının rejimə kilidlənib bir nəfər kimi ölməyə hazır olduqlarını hesablamamışdır. O sanırdı ki, kiçik bir müdaxilə ilə xalq rejimi devirəcək.
Məsələnin kökünə baxmaq lazımdır: Tramp (konspirologiya diskursunda: onu hakimiyyətə gətirənlər) kimdir? Fərdi inkişaf keyfiyyətləri baxımından formalaşan siyasi-ideoloji bucaqdan nəzər salındıqda. Son 50 ildə bəşəriyyət qarşısında duran ümdə məsələ budur: qloballaşan, mürəkkəbləşən dünyada ictimai inkişaf sosiallaşmaya, yəni daha çox insana xidmət etməyə yönəldiləcək, yoxsa “qızıl milyardın” maraqlarını ödəyən qullar yığımına. Tramp ifrat sağçı, sosial yönümlü iqtisadi siyasətin qatı əleyhdarı (bu mənada, hətta ABŞ demokratlarına “kommunistlər” deyir!!! Baxmayaraq ki, hələ 19-cü əsrdə deyilib ki, Amerika burjuaziyası (“kapitalistlər”) öz hakimiyyətinin dünya siyasi reyimləri sırasında ən “uğurlu” variantını reallaşdırıb: seçkilərdə onu sağ əldən sola, sol əldən isə sağa ötürürlər)), yeni qitəni qırğın-soyqırımlarla fəth edən artıq ənənəvi olan Amerika sayağı əxlaqın (“Fayda həqiqətin, ədalətin meyarıdır“ şüarlı fəlsəfi təlim olan praqmatizm, “həqiqət güclüdədir”, “Kolt-u (tapancanı) kim tez çıxardısa, o düzdür, həqiqət onundur” və s.), yəni faktiki mizantropiyanın (insana nifrətin, zəif insana) tərəfdarı, çoxsimalı dinin (məbəd-kilsənin) özünün görünüşünə, vicdansızlığına (vicdan sözü bu halda yersizdir) uyğun “həqiqətlərinin” hər addımında işlədən məxluq. Təbii ki, belə ideoloyi paradiqma, yanaşma “daş dövrünə qaytarmaq” hədələri ilə nəticələnir. Digər səbəblər: “Epşteyn koalisiyası”, dini ekstremizm, Allah tərəfindən seçilməsi və yönəldilməsi - bunların bəlkə də əhəmiyyəti var, lakin fundamental olanlar yuxarıda qeyd edilənlərdi.