“Ramil müəllim (Təhlükəsizlik Şurasının katibi Ramil Usubov – red.) bu gün də mənim dostumdur. Hər kəsin bir xarakteri var. Hər kəsin hər hansı bir hüquqi faktı öz yanaşması var. Bizim yanaşmamız tamamilə fərqli idi. Ramillə mənim aramda o qədər də ziddiyyət yox idi. Əsas mənimlə Eldar Həsənov arasında ziddiyyət var idi. Bu ziddiyyətin kökündə də həqiqət, ədalətə münasibət dururdu”.
“AzPolitika” xəbər verir ki, bu sözləri Konstitusiya Məhkəməsinin hakimi, Baş prokurorun keçmiş birinci müavini İsa Nəcəfov “Yeni Sabah”a müsahibəsində keçmiş Baş prkuror Eldar Həsənov və Ramil Usubovla münasibətlərinin pis olmasının səbəbləri haqda sualı cavablandırarkən deyib.
İ.Nəcəfov davam edir: “Eldar Həsənov polisdən gəlmişdi. Prokurorluq isə tamamilə başqa bir təşkilatdır. Prokurorluğun 80 illiyində Ulu Öndər prokurorluğu cəmiyyətin elitar bir orqanı, dövləti qoruyan əsas sütun adlandırırdı. 1990-cı illərdə baş vermiş siyasi hadisələrlə əlaqədar bütün yük prokurorluğun üstünə düşdü. Qanunçuluğu yaratmadan cəmiyyətdə əmin-amanlıq qorumaq mümkün deyil. Aristotelin “Siyasət” kitabında yazılıb ki, “əgər cəmiyyət qarışırsa, sən qanunlarla idarə et”.
Onun yolu başqa idi. Bizim məsələmizi müzakirə edəndə mən neçə qəsdən adam öldürmə faktını nümunə gətirdim ki, bu qətllərin üstü açılmadığı halda, istintaqını dayandırıblar. Qatilləri həbs etmək əvəzinə, buraxıblar. Onları təqib etməyiblər. Ədalət mühakiməsi həyata keçirilməyib. Nə var-nə var, ölənlər kimsəsiz və yaxud müdafiəsiz insanlar olublar. Mən ona (Eldar Həsənova) həmişə deyirdim ki, qanunu tapdalamaq olmaz. Çünki qanun bir gün işləyəcək, iti bıçaq kimi kəsəcək. O mənimlə razılaşmırdı. O, son illər artıq hakimiyyət uğrunda mübarizə aparırdı.
- Eldar Həsənovun hakimiyyət uğrunda mübarizəsini nədə görürdünüz?
- Onun hərəkətlərində. Kifayət qədər kütləvi informasiya vasitələrini əlinə almışdı. Bir çox mətbuat orqanları onun əlində idi.
- Mətbuat üzərində təsir imkanları, Sizə görə, hakimiyyət iddiasıdır?
- Bəli, bu, hakimiyyət iddiası idi. Ulu Öndər bizim məsələmizi müzakirə edəndə ona bir sual verdi. Soruşdu ki, “Eldar Həsənov, tutan sənsən, alan sənsən, amma sən jurnalistlərin dostu olursan, mən düşməni. Bu nə məsələdir?””
İsa Nəcəfov müxalifət mediasının E.Həsənovla əlaqələrindən bəhs edib: ““Azadlıq” qəzeti var idi. O vaxt qəzetin baş redaktoru Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli idi. Gündüzün qardaşı bir gün idmanda mənimlə görüşdü, söhbət elədik. Onun bir problemi var idi, kömək elədim. Sonra Gündüzü mediadan uzaqlaşdırdı. Dedim niyə? Dedi, Eldar ona filan qədər pul göndərirdi, deyirdi İsa haqqında yaz. Sonra mən bir dəfə Gündüzlə görüşəndə dedim, yekə kişisən, pul alırsan, heç olmasa, düzünü yaz, yalan yazma.
25 qəzet hər gün əleyhimə yazırdı. 3-5 qəzet də məni müdafiə edirdi. Kütləvi informasiya, insanları ələ alma vasitəsidir. Unutmaq olmaz ki, insanların müəyyən qismi pulu sevəndir. Pul xətrinə nə desən edəndir”.
O, 1992-ci ildə “Ədalət” qəzetində bir məqalə ilə bağlı baş vermiş qalmaqallı hadisəni yada salır: “Məqalədə yazılmışdı ki, Heydər Əliyev ermənilərlə separat sülh müqaviləsi bağlayıb, Rəsul Quliyev də avstriyalı erməni əsilli bir şəxsə külli miqdarda yanacaq satıb ki, ermənilər Naxçıvana müdaxilə etməsinlər. Bu yazını verdilər mənə. O vaxtlar mən Respublika Baş Prokurorluğunun ümumi nəzarət idarəsinin prokuroru idim, mətbuata mən baxırdım. Aqil Abbası çağırdım. Dedim, bu iki informasiyanı haradan götürmüşünüz? Axı, qanunda yazılıb ki, yoxlanılmadan, həqiqət müəyyən olunmadan heç nəyi mətbuatda çap edə bilməzsən. Yalan məlumatlar çap etmək qanun pozuntusudur. Aqil Abbas “xəbərin əsasını gətirərəm” deyib getdi. Bir həftədən sonra ondan xəbər çıxmadığını görüb zəng edib, xatırlatdım. Yenə gətirəcəyəm deyib, vaxt istədi. Ona 3 gün vaxt verdim. Qəzetin təsisçisi Adil Minbaşıyev zəng edib dedi ki, İsa müəllim, bəlkə biz bu yazını bir az qüvvətləndirək? Dedim mənə qüvvətləndirmək yox, xəbərin həqiqətə uyğun olduğunu sübuta yetirmək lazımdır. Üçüncü dəfə Aqil Abbası çağıranda aləm qarışdı bir-birinə. Dedilər ki, baş prokuror Murad Babayev göstəriş verib ki, materialları İsa Nəcəfovun əlindən alın. Materiallar məndən alındı, sonra necə oldu bilmirəm.
- Heç bu məsələni Eldar Həsənovun özü ilə müzakirə etmişdiniz?
- Bir-iki dəfə söhbətimiz düşəndə demişdim ki, sənin adamların mənə qarşı yazırlar, bunu eləmə. Həmişə də söz verib ki, bu olmayacaq. Amma yenə davam edib.
- Eldar Həsənov həbsdə olduğu dövrdə ya sizin, ya da onun tərəfindən təmaslara cəhd olubmu?
- Yox, belə bir cəhd olmayıb. Mən onun haqqında bu gün heç nə demək istəmirəm. Çünki o, qapıları bağlı olan yerdədir, mən azadlıqda. Allah onun qapısını açsın. Amma bir insan sonsuz olaraq qanunları poza bilməz.
- Eldar Həsənovun şikayəti Konstitusiya Məhkəməsinə daxil olsa, müzakirə zamanı hakim kimi mövqeyiniz necə olar?
- Hər bir halda, əgər belə bir şey baş versə, mən o müzakirədə iştirak edə bilmərəm. Onunla konfliktim olduğuna görə, o prosesdə iştirak etməyə mənim haqqım yoxdur”.
İsa Nəcəfovun müsahibəsində sensasiyalı məqamlar 2003-cü ildə Prezident İlham Əliyevə su-qəsd hazırlığı, Ramiz Mehdiyevin oynadığı oyunlar barədədir: “2003-cü ildə respublikada müəyyən siyasi problemlər yaşandı. Problemlərin kökü o idi ki, prezident seçkilərində ola bilsin ki, prezidentliyə namizəd olan hörmətli İlham Əliyevə sui-qəsd olsun. Bəli, belə bir əməliyyat məlumatı var idi. O məlumatı mən kökündən bilirdim. Bununla əlaqədar olaraq, Ramiz Mehdiyev də Heydər Əliyevin ölkədə olmamasından istifadə edib görüşlər keçirdi. Görüşlərdə bəzi inzibati orqanların rəhbərlərini yanına dəvət edib, vəziyyəti izah edir və təklif edirdi ki, belə bir şəraitdə biz seçkiyə bir namizədlə yox, iki namizədlə getməliyik. Çünki, əgər İlham Əliyevə qəsd olsa və o, həyatda olmasa, hakimiyyəti biz əldən verməyək. Bununla bağlı olaraq, Seçkilər Məcəlləsinə müəyyən dəyişiklik elədilər. Amma bu dəyişikliyə baxmayaraq, bizə də müraciət olundu ki, prezident seçkilərini dayandırılıb, yenidən elan olunsun. Biz isə qərar qəbul elədik ki, prezident seçkilərini dayandırmaq olmaz. Konstitusiya Məhkəməsi qərar verdi ki, elan olunmuş prezident seçkiləri davam etdirilməlidir. Yəni ikinci dəfə prezident seçkiləri elan etmək üçün heç bir zərurət yoxdur. O zaman Konstitusiya Məhkəməsi milli dövlətçiliyimizə sədaqətlə xidmət elədi.
Digər tərəfdən, Konstitusiya Məhkəməsi çox sayda vətəndaşların hüquqlarının pozulmasına dair müraciətlərinə baxıb və onların hüquqlarını bərpa edib. Biz pozulmuş hüquqları bərpa etməklə Avropa İnsan Haqları Məhkəməsinə gedən şikayətlərin sayını azaltmışıq. Yəni Konstitusiya Məhkəməsi hakimiyyətin mühüm qollarından biridir və öz funksiyasını ləyaqətlə yerinə yetirib.
- Bəhs etdiyiniz sui-qəsdin daxili, yoxsa xarici qüvvələrlə bağlı olduğu ilə haqqında məlumat var idimi?
- Bəli. Prezident seçkilərindən sonrakı proseslər göstərdi ki, verilən məlumat həqiqətə uyğundur.
- Sui-qəsd təhlükəsi hansı istiqamətdən idi? Xaricdən idi bu təhlükə?
- 2003-cü ilin iyun ayının sonlarında qəzet redaktorlarından biri mənə zəng edib dedi ki, ömürlük cəzadan həbsdən azad olunan bir şəxs sizinlə görüşmək istəyir.
Onunla görüşmək üçün mən Ulu Öndərə zəng edib məlumat verdim. O da dedi ki, get, görüş. Mən də həmin adamla görüşdüm. Həmin adam çox geniş və yüksək səviyyədə əlaqələri olan şəxs idi. O dedi ki, mənə xarici bir ölkənin xüsusi xidmət orqanlarında işləyən bir general zəng edərək Azərbaycanda prezident seçkiləri keçirilənədək İlham Əliyevə xarici ölkələrdən birində sui-qəsd olacağını deyib. Həmin general mənimlə görüşən adama deyib ki, İlham Əliyevin 3 ölkəyə səfəri nəzərdə tutulub. Biri Moldova, biri Ukrayna, üçüncü ölkə yadımdan çıxıb. O adam generala istinadən mənə dedi ki, bu ölkələrdən birində İlham Əliyevə sui-qəsd olacaq, bundan sonra ölkədə ara qarışacaq. Buna görə də ona təhlükəsizliyi üçün ölkəni tərk etmək təklif olunub.
Görüşümüz iyun ayının sonuncu cümə günü idi. Həmin görüşdən sonra mən Prezidentə məruzə elədim. Görüşlə bağlı məlumatı Ulu Öndərə verdim. Prezidentin birinci sualı bu oldu ki, məlumat ciddidir, yoxsa yox. Mən də dedim ki, ciddidir. Dedi, sabah saat 12-də gələrsən yanıma. 6-cı gün, iyunun 28-də onun yanında oldum. Prezidentə məlumat verdim, yarım saat söhbət elədik və ordan ayrıldım.
- O zaman Heydər Əliyevin səhhəti necə idi?
- O vaxt artıq xəsarət almışdı. Amma ağrıkəsici vurduraraq işə gəlirdi. 10 gündən sonra Ulu Öndər Amerikaya getdi.
- O vaxt İlham Əliyev ARDNŞ-nin birinci vitse-prezidenti idi?
- Bəli.
- Sui-qəsd xarici qüvvələr tərəfindən hazırlanmışdı?
- Xarici, ya daxili qüvvələr olduğunu bilmirəm, amma onu bilirəm ki, prezident seçkiləri başa çatandan sonra bizim müxalifət başladı ABŞ Prezidenti Corc Buşu söyməyə. Bundan artıq, mən heç bir şey deyə bilmərəm. Görünür, xaricdən gözlədikləri dəstəyə nail ola bilməmişdilər”.
“AzPolitika.info”

Şərhlər
Ədalətdən danışırsan amma bir gün İlahi ədalətdə sənin nə qədər ədalətli olduğunu göstərəcək ..
Deyirsiniz ki, "Unutmaq olmaz ki, insanların müəyyən qismi pulu sevəndir. Pul xətrinə nə desən edəndir”, siz özünüz necə pulu sevmirsiniz???...deyilənə görə "Tusi" Klinikası sizindir, sevməsəydiniz, o boyda klinikanı neynirdiniz???... Məncə maaşınız dolanışığınıza tam yetərlidir...
İnsan adeten yaşkaşanda yeni Ağsaqqal olanda Edaleti esas götürür Sülh yaratmaq teşebbüsünde olur.Bizde şse eksinedir.Yaşkarı 70-80- ı keçmiş Mehdiyev İsa Necefıv,Eldar Hesenov ve bir çoxları intriqa etmekle hakimiyyet dünya malı uğrunda mübarize aparırlar .Bes bu yazuq xalq ne vaxt canını boğazına keçmiş bu "Ağsaqqallardan" canını qurtaracaq???
Dərin Hörmətli Müəllim, əsrlərdir Aristotelsiz bir çox siyasi-hüquqi demokrat, sırf Kapitalist (avropa və d.) dövlətlər konstitusion adekvat-vətəndaş hüquqları şəraitində kənara müraciət etmədən məmnun yaşayırlar! *Prokurorluq, Cəmiyyətin ən operativ-fədakar nizamçısıdır!* postulatınız Azərbaycanın 1987-1991 və 1992-2020ci il tarixlərini yada saldı. Əski DQMV terrorBaşları niyə uzun müddət həbs edilməyib və edilmir də???
Möhtərəm İsa Nəcəfov Allah sizdən razı olsun
Demeli, bugunku hakimiyyetin berqerar olmasinda feal ishtirak edib; eger yaxshi ish gorubse halal olsun, yoxsa Allah bilen yaxshidir!
kərəm həsənovun məni qanunsuz olaraq işdən azad etməsi barədə konstitutusiya məhkəməsinə verdiyim şikayətə siz baxmışdınız və hansısa Məmmədov familiyalı bir şəxsə verdiyiniz cavabı da mını göndərib 100 faiz düzgün şikyətimi təmin etmədiniz.çünki qarşı tərəf güclü idi.ondan danışın
İsa Nəcəfov vicdanli insandir
İsa Nəcəfov birinci müavin vəzifəsində ədalətə xidmət edirdi
İsa baş prokuror olmaq üçün hakimiyyətə nə qədər yalnmanlandı, yaltaqlandı, çalışdı-vuruşdu amma nə sirrdirsə onu baş prokurur təyin etmədilər. Görünün buna etibar etmirdilər.. Sanki o nə vizual, nə xarakter, nə savad baxımından tutduğu mövqelərə uyğun deyil...
Yıxılanana balta vurmaq zərifliyin əlamətidir.
Bir az nağıla oxşayır. İndi hamı qəhrəman oıur. Ramil Usubovu Heydər Əliyev vəzifəyə gətirsədə o, Ramiz Mehdiyevə can başla xidmət edirdi. Səbəbini dostu İsa daha düzünü bilər.
Bu Şexsin danışığı ve mentiqi Prokuror mövqeyine heç uyğun deyil.
Hüqyq mühafize orqnlarında bur nefer de Melek olmadığından bu Şexse de denek olmaz ki melekdur o cümleden Eldar Hesenov cenablarına.Maraqlıdır baş prokurorla müavini niye yola getmeyibler neyi böle bilmirlermiş axı bunlar Qaninkarın yerine yetirilmesine nezaret etmeli olan irqanı rehberleri olublar.
Bunun söylədiklərində heç bir səmimiyyət hiss olunmadı.Hər cümləsindən sonra xoruzun quyruğu çöldə qaldı. Ümumiyyətlə nədənsə İsa Nəcəfovun haqqında əsasən mənfi danışılıb, onun haqqında xoş bir söz eşitmək çətindir. İntriqant biri kimi yadda qalıb..