Son illərdə Azərbaycanda güclü yağışlardan sonra subasmalar, infrastruktur problemləri daha geniş miqyasda müşahidə olunur. Buna rəğmən paradoksal olsa da, aidiyyatı dövlət qurumlarının təbii hadisələrə daha “təmkinli”, bəzən vecsiz reaksiyası ilə üzləşirik.
Son həftədə Bakıda, Xirdalanda, ətraf qəsəbələrdə, eləcə də Şimal, Şimal-Qərb rayonlarında evlərə, təsərrüfatlara ciddi ziyan dəyib, yollar su altında qalıb, bəzi yerlərdə çökmələr baş verib, bölgələrdə sel suları körpüləri uçurub, kənd və qəsəbələrin yollarını bərbad hala salıb.
Dövlət qurumları bildirirlər ki, iqlim normasından artıq yağıntı düşüb, problemin səbəbi budur. Bəs normadan artıq yağıntı mütləq bu cür biabırçı mənzərə yaratmalıdırmı? Yaxşı, bəs vəziyyəti düzəltmək üçün hansı addımlar atılır?
Ümumiyyətlə, Nazirlər Kabineti baş verən təbii fəlakətin nəticələrini müzakirə edibmi, hansısa araşdırma komissiyası, operativ qərargah yaradıbmı, köməksiz qalan vətəndaşların evakuasiyası, yerləşdirilməsi, zəruri ehtiyaclarının qarşılanması, eləcə də dağılan infrastrukturun bərpası üçün vəsait ayırıbmı? Bu sualların cavabı mənfidir.
İctimailəşən kadrladan bir neçə vəzifəli şəxsin, o cümlədən nazir Kəmaləddin Heydərovun subasma, çökmə yerlərinə baş çəkdiyini, bəzi ərazilərdə polis və FHN əməkdaşlarının vətəndaşları sudan çıxardığını, ADSEA nümayəndələrinin evləri, obyektləri, küçələri sel sularından təmizləməyə çalışdığını gördük.

Amma işlər çox kiçik miqyasdadır, əlaqələndirilmiş birgə fəaliyyət yoxdur, sanki belə də olmalıdır. Məsuliyyət hiss edən, təşəbbüs göstərən dövlət qurumu yoxdur. Sanki hamısı tapşırıq gözləyir, halbuki, Nazirlər Kabineti vəziyyəti dəyərləndirib koordinasiyalı fəaliyyəti təşkil etməyə birbaşa məsul qurumdur.

Yaranmış vəziyyət iki mühüm problemi ortaya qoyur:
Əvvala, yağış nəticəsində əhalinin köməksiz duruma düşməsi, paytaxtda və bölgələrdə infrastrukturun dağılması yalnız təbii fəlakətin miqyası ilə əlaqələndirilə bilməz. Problemin əsas səbəbi şəhərin alt yapısına, eləcə də regionlarda infrastruktur quruculuğuna yatırılmiş milyardlarla dövlət vəsaiti və xarici kreditlərin səmərəsiz xərclənməsi, korrupsiya yeminə çevrilməsidir.

Görülən işlər ya yarımçıqdır, yaxud keyfiyyətsizdir, nəticədə ümumilikdə şəhər təsərrüfatı bərbad vəziyyətə düşüb. Həmçinin, paytaxtda və ətraf qəsəbələrdə bir qrup məmura külli miqdarda varidat qazandıran tikintilərin necə gəldi aparılması öz fəsadlarını verməyə başlayıb. Bəzi ərazilərdə su, kanalizsiya sistemləri primitiv səviyyədədir, yağış sularını daşıyacaq kollektorlar ümumiyyətlə mövcud deyil.
İkincisi, bəzi hökumət qurumlarının əhalinin problemlərinə reaksiyası ən ölüvay həddə çatıb. Məmurlar vətəndaşın nə yaşadığını görüb, hiss etmir, hərəkət etməyə cəhd belə göstərmirlər.

Bu, həm də nəzarət orqanlarının effektsiz fəaliyyəti ilə yanaşı hökumət qurumlarının, məmur korpusunun parlamentin, müstəqil ekspertlərin və medianın tənqid hədəfindən kənarda qalması ilə bağlıdır. Nəticədə dövlət qurumu, məmur özünü suda (oxu: korrupsiya gölməçəsində) üzən balıq kimi hiss edir...
Vəziyyət belə davam edərsə, əhali və dövlət daha ciddi problemlərlə üzləşə bilər. Bu günlərdə baş verənlər hökumətə açıq siqnaldır ki, məmurların bu qədər məsuliyyətsiz, vecsiz davranışı günün birində daha ciddi böhrana çevrilə, daha ağır nəticələrə, hətta faciələrə səbəb ola bilər...
E.Rüstəmli
“AzPolitika.info”

Şərhlər
Oxucu Carlos bildirir ki, problem memurlarda deyil yagisin ozundedi cunki normadan artiq yagir. nazirlikler 24 saatliq qrafikle islediler ve en yeni texnologiya ile yəni traktorla suyu dagitdilar. Bu vəziyyətdən çıxış yolu deyil. Bəli, belə fəsadlar dünyanın hər yerində baş verir və hökumət bütün qurumları səfərbər edib bu fəsadlardan çıxış yolunu axtarırlar, daha dəqiq desək onlar bu hadisələrə hazır olurlar və bizdəki kimi ağızlarını açıb kimisə gözləmirlər. Normal, sivil ölkədə Hökumət, Bakı şəhər icra hakimiyyəti istefa verməli idilər. Niyə vermirlər? Çünki belə bir mədəniyyət bizim məmurlarda yoxdur. Yoxdursa, ən azından ölkə başçısı onlara good bye deməli idi. Fəaliyyətsiz hökumət kimə lazımdır? Unikal dövlət.
Nəzirlər Kabinetinin əsas vəzifəsi yüksək səmərə naminə çevik-texnoloji kompleksləri qurub, yerli İH və bələdillərlə, kommunal xidmətlərin faydalı (qazanclı və imtinasız) əbədi-saz istifadəsinə təhvil verməkdir. Belə qarşılıqlı vəzifə borcları *özgə*lərə daha yüksək dəyər-sərmayədən çox, öz vacib işlərinə çalışan əbədi səmərəli vahid məsləhətli dövlət qurğusudur.
Sizinlə tamam razıyam .ancaq təəsüflər olsun ki,bele de davam edir.Faciələrdən sonra vəzifə sahibləri şəkil çəkdirib guya problemləri nəzarərdə saxladıqlarını nümayiş etdirirlər.Bu vəziyyətdə təkçə nazirlər kabineti yox,yerli icra hakimiyətləri o cümlədən adını belədiyyə adlandıran qurumlarda məsuliyyət daşıyırlar.Bələdiyyə dediyimiz bu qurum isə qapı-qapı gəzərək əhalidən əmlak vergisi adı ilə pul toplayırlar.Əmlak dağılanda ., batanda isə bələdiyyə yoxa çıxır.Mənə elə gtəlir ki, bu sahədə ciddi islahatlara ehtiyac var.Belə davam edə bilməz.
ÇŮNKI HEÇ KESDEN QORXMURLAR....ÇEKINMIRLER.....
Nazirlər Kabineti? Güldürməyin. Ora "bekarlar" "vurulmuşlar" kabineti demək daha düzgün olardı. .... 17000 maaş alır. Nəyinə lazımdır ....
Problem memurlarda deyil yagisin ozundedi cunki normadan artiq yagir.nazirlikler 24 saatliq qrafikle islediler ve en yeni texnologiya ile yəni traktorla suyu dagitdilar
Baki meri ve rayon icra bascilari gelib suyun yaninda sekil cekdirib metbuata ötürüb getdiler bu da bir isdi
Cox yerində yazılmış bir məqalədir . Mənim də həyətyanı sahə kanalizasiya sistemlərinin nasazlıgı ucbatından su dolmuşdur.Aidiyatı qurumlara etdiyim müraciət cavabsız qalıb,suyun içərisində yaşayırıq.
Nazirlər Kabineti susmayıb nə edəcək?Oranı elə komplektləşdiriblər ki.susmayıb nəedəcəklər.O boyda Prezident Aparatı qatrşısında Əli Əsədov( pensiyaşı.azərbaycan dilində düz əməlli danışa bilməyən,miliyyəti şübhəli.) kimdir ki?
Kadrlar yerində deyil.
Biabırçılıq Kimə lazım belə nazirlər kabineti Lazım olmayan yerlərdə necə gəldi tikilən bu evlərə görə kim məsuliyyət daşıyır.Həmin şəxslər aşkar edilib bütün kanalizasiya sistemi yenidən qurulmasi onları məcbur etmək lazımdır