Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.
Bu barədə Prezident İlham Əliyev 13 aprel 2026-cı il tarixində Sərəncam imzalayıb. O, bu vəzifədə 2025-ci ilin fevralında işdən azad edilmiş Azər Qasımovu əvəz edib.
"AzPolitika" xəbər verir ki, O.Səttarov bu təyinata qədər Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. Əvvəllər isə o, "Vestnik Kavkaza" agentliyində müxtəlif vəzifələrdə işləyib. Onun agentliyin Azərbaycan bürosunun rəhbəri kimi direktor müavini vəzifəsində çalışdığı da bildirilir.
Orxan Səttarov 2023-cü ilin dekabrında Çində keçirilən Dünya Media Sammitində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.

O.Səttarov Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur. Rəcəb Səttarov əvvəllər Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Rəcəb Səttarov Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən etibarən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. BDU-nun fəlsəfə kafedrasının dosentidir.
Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.
"AzPolitika.info"

Şərhlər