Robert Niqmatulin: “Biz fəlakətə, ikirəqəmli iqtisadi tənəzzülə doğru gedirik…”
“Çinin ən kasıb bölgələrində belə gəlirlər bizim ən kasıb bölgələrimizdəkindən daha yüksəkdir”
Son zamanlar Rusiyadakı tanınmış, nüfuzlu şəxslər tərəfindən Vladimir Putin hakimiyyətini kəskin tənqid edən çıxışlar xeyli artıb.
“AzPolitika” xəbər verir ki, Rusiya paytaxtında keçirilən Moskva İqtisadi Forumunun plenar iclasında çıxış edən tanınmış akademik Robert Niqmatulinin nitqi Rusiyada geniş əks-səda doğurub.
Niqmatulin ölkədə mövcud olan sərt senzuraya və repressiyalara rəğmən, birbaşa Rusiya hakimiyyətini hədəf alan fikirlər səsləndirib.
Akademik Rusiya iqtisadiyyatının potensial olaraq yarıya qədər kiçilməklə "fəlakətə doğru getdiyini" deyib. Mövcud sosial vəziyyəti qiymətləndirən akademik ölkədə həyat səviyyəsinin görünməmiş dərəcədə aşağı düşməsini və demoqrafik azalmanın müşahidə olunduğunu qeyd edib.
Onun dediyi kimi, Rusiyada adambaşına düşən gəlir Avropada ən aşağı səviyyədədir, vəziyyət o qədər acınacaqlıdır ki, bir çox rusların gəlirləri Çinin ən kasıb bölgələrindəki əhalidən də daha aşağıdır: “Mən tam səmimi olaraq deyirəm ki, biz bəladayıq! Avropada adambaşına düşən gəlirlərin ən aşağı olduğu ölkə bizik. Daha nə qədər olar axı?… Sovet hakimiyyəti dövründə biz həqiqətən də kasıb yaşayırdıq, daha kasıb idik… Amma yenə də biz ölkə qururduq! Biz kosmos, nüvə enerjisi qurduq, biz hamıdan qabaqda idik və əlbəttə ki, bunun üçün qurbanlar verirdik. İndi isə hər şeyi itirmişik və yenə də ən kasıbıq, ən kasıb! Hətta Çinin ən kasıb bölgələrində belə gəlirlər bizim ən kasıb bölgələrimizdəkindən daha yüksəkdir. Buna necə sakit baxmaq olar?
Bizdə əhalinin azalması illik 0,6 milyona çatır. Əhalinin sayı hər il azalmağa davam edəcək..
ÜDM artımı. Biz bunu 2015-ci ildən götürdük, 2014-cü ildən 2025-ci ilə qədər, yəni 11 il, ildə cəmi 1,5% artım.
Bəs istehlak qiymətləri, bilirsinizmi, nə qədər artıb? 77%! Bu, “Rosstat”-ın rəqəmləridir. Bunu mən uydurmamışam. “Rosstat”-a görə, bütün bunları cəmləsəniz, ildə 7%, yəni 11 ildə 77 faiz inflyasiya alırsınız…
Ən təəccüblüsü odur ki, 2012-ci ildən bəri iqtisadiyyatla bağlı bir dənə də olsun Prezident fərmanı həyata keçirilməyib və nədənsə Prezident bunu tələb etmir, heç kimi buna görə cəzalandırmır. Hər şey olduğu kimi qalır, amma artıq belə olmaz!
Rusiya investisiya artımında, ÜDM artımında ən kiçikdir, iqtisadiyyat da belədir… Çinin necə inkişaf etdiyinə baxın. Ən böyük investisiya artımına və ən böyük ÜDM artımına malikdir. Yaxşı, bu ÜDM-dir. İndi inflyasiyaya nəzər salaq.
Görürsünüz, Çində inflyasiya 0.27 faizdir, ən aşağı göstəricidir. İnvestisiya artımı isə 1 faizdir. Hətta Polşada da bu göstəricilər bizdəkindən yüksəkdir…
Bəli, əlbəttə ki, investisiyaları artırmalıyıq, amma hər şey çox pis gedir. Bu nə deməkdir? Bütün bu əmsalları - pul kütləsinin səmərəliliyi, ÜDM artımı, bütöv çoxşaxəli iqtisadi göstəriciləri müqayisə etdik. Seçilmiş əlli ölkə arasında əlli birinci yerdəyik! “Böyük Rusiya” əlli ölkə arasında əlli birinci yerdədir! Biz qürur duyuruq böyüklüyümüzlə və sair və ilaxır. Amma biz artıq 30 ildir ki, bütün bunları laqeyd şəkildə izləyirik. 30 ildir!
Sənaye işçilərinin sayına baxın, deyirlər, Putin gəldi və... Baxın, hətta maşınqayırma belə çökür. 1999-cu ildə maşınqayırmada işləyənlərin sayı 4 milyon idisə, indi 440.000-dir. Təxminən on dəfə azalma. Yüngül sənaye - üç dəfə azalma. Amma əvəzində1,5 milyon kuryer və mühafizəçi var. Rusiyada hər 10.000 əhaliyə düşən alimlərin sayı 54-dür, inkişaf etmiş ölkələrdə isə 174 nəfərdir! Bu da sizin üçün səmərəlilik. İndi bu rəhbərliklə, bu ölkəyə, bu dövlətə pul yatırmaq mümkündürmü? Bəli, əlbəttə ki, yox. Buna görə də deyirəm: belə iqtisadiyyat idarə etmək olmaz!

Biz bu ideyanı prezidentə çatdırmalıyıq, çünki hər şey onun üzərindədir. Tanrı onun nüfuzuna xələl gətirməsin… Biz sadəcə kənarda dayanıb buna baxa bilmərik. Hazırkı vəziyyət təhlükəlidir. Və bir də sekvestr (büdcə xərclərinin ixtisarı-red.) var - niyə sekvestr? Bu o deməkdir ki, iqtisadiyyat tənəzzülə uğrayır. Və buna görə böhran uzanacaq; mənim fikrimcə, onu düzəltmək olmayacaq, çünki hər şey dəyişdirilməlidir. Faiz dərəcələrini artırmaq əvəzinə, təcili olaraq işləri düzəltməyə başlamalıyıq…
Bu ağrılara, bəlalara dözməli oluruq. Əlbəttə ki, iqtisadi nizam qurulmalıdır, iqtisadiyyata, eləcə də təhsil və sosial sahəyə rəhbərlik edən edən hazırkı kadrlar yararsızdır! Onları rədd etmək lazımdır! Prezidenti də buna inandırmaq lazımdır. Əlbəttə ki, investisiya artımı vacibdir, lakin səmərəliliyi də artırmaq lazımdır. Bu, böyük məsələdir. Səmərəliliyin artırılması, inflyasiyanın azaldılması böyük məsələdir. Bunları başqa adamlar, başqa qaydalarla etməlidir.
Kiçik bizneslərə əziyyət verməyi dərhal dayandırmalıyıq. İnsanlar öz işlərini, öz istehlakçılarını tapırlar və onlara vergilərlə əzab verməyə ehtiyac yoxdur. İndi deyirlər ki, kiçik və orta ölçülü bizneslərin üçdə biri ixtisar edilib. İnsanlara azadlıq verin. Onlar uyğunlaşacaq və işlərini görəcəklər. Ağıllı insanlarımız var, amma bürokratiya, məmurlar hələ də onlara təzyiq göstərir. Əlbəttə ki, vergi sistemi. Kim vergi ödəməlidir? Vergilər istehsaldan toplanmamalıdır. Vergilər daha yüksək gəlirlərdən toplanmalıdır…
Biz fəlakətə, ikirəqəmli iqtisadi tənəzzülə doğru gedirik. Sizə deyim ki, gecikmişik, həmkarlar, gecikmişik və dünya gözləmir. Vaxt tükənir!”
Qeyd edək ki, müstəqil kanalların yazdığına görə, akademik Niqmatulinin bu çıxışı Kremldə ciddi narahatlıqla qarşılanıb və bu plenar iclası təşkil edənlər buna yol verdikləri üçün sərt şəkildə danlanıb.
E.Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər
Ah rus xalqı! Nə qədər imperialist olsan da, azadlıq istəməsən də, azadlığı xaosa çevirsən də, yenə sənin cəmiyyətində bir mexanizm var və çətin günlərdə hərəkətə gəlir - ağır çəkili ziyalıların (hətta bir ovuc olsa da) çəkinmədən öz sözünü deməsi. Çar dövründə də belə olub, - 19-cu əsr rus realist və nihilist şair və yazıçıları - bu mexanizm işləyib, bolşevik terroru dövründə, hətta Stalin vaxtında da belə idi, Xruşşov və Brejnev vaxtlarının dissidentlərini unutmaq olmaz. İndi də bu, özünü göstərdi. Tamamilə düz deyir və çıxış yollarını da göstərir. Hər bir ölkənin inkişafının əsas şərti sənaye və sənayeləşmədir. O inkişaf edərsə, kənd təsərrüfatı da daxil, başqa sahələri də inkişaf etdirəcək. Çox da Rusiyanın ərazisi böyük, sərvətləri çox olsun. Yerli istehsal, başında da sənaye istehsalı olmasa, nə mənası? Bizdə vəziyyət bundan da bərbaddır. Lakin Azərbaycanda bir ixtisas ziyalısı - lap siyasətdən uzaq olsun - varmı ki, durub peşəkar çərçivələrdən kənara çıxmadan ölkə iqtisadiyyatındakı problemləri, onun səbəblərini və çıxış yollarını göstərsin və hökumətə çatdırsın? Bizdə heç problem görmürlər axı; gərək əvvəlcə problemi qəbul edəsən ki, ondan çıxış yolları məsələsi də gündəmə gəlsin. Bir problem də var. Bu da ondan ibarətdir ki, Azpolitika mənim şərhlərimi bir qayda olaraq vermir; sanki mənə sanksiya tətbiq edib. Bu saytda analitik yazılar çox olduğu üçün son vaxtlar buraya çox meyllənmişəm. Lakin bu şərhimi də verməsə, mən də sanksiya qoymalı olacağam; nə qədər maraqlı və oxunaqlı yazıları olsa da, bir daha bu sayta giriş etməyəcəyəm.
elə biz də bəladayıq
Rusiyanin erazisi17 mln.kv. kilometrden artiqdir, 146 mln. corek vere bilmir; Avropanin umumi sahesi 10mln. kv. kilometrdir, 700mln. artiq adama corek verir, ozude nece!
Biz kefdeyik.
Yer küresinin yeraıtı yerüstü servetlerimon 33%- i Rusiyamın erazisindedir ve bu dövlet ve millet ondan istifade ede bilmir milleti ve dövleti saxlaya bilmir.Meger bu falt özü Sizlere nese deçir bi miılet haqqında.Sonda bu servetıere Şin ve Avropa yiyelenecek.
Belə təhlillər Kremli rahatsız etməz. Son sSRİ Kremli SSRİ və SBni hələ 1986cı ildən *Qərb*dəki özəl sövdəliklərinə buraxacaqlarmış? Hüuqları toxunulmaz dövlətlər maraqlanmasa da bu arqument və aksentləri Gürcüstan, Azərbaycan və Moldava gözlənilməz daxili təxribatlardan duymalı idilər? Varis Kreml nəhayət ki, Ağ Evlə *rəqabətsiz* yenidən bölüşməyə başlayıblar?
Putin heyatı boyu NKVD-KQB memuru olub onun 1 günlük de ustehsalat tecrübesi yoxdur ve bu adam iqtisadiyyat nedir bilmir bilen memurlarsa öz işindedir İvsnkar da vyrmaqda tak çto Rysiyyanın sonudyr