Rusiyanın maliyyə-iqtisadi bloku hərbi xərclərin azaldılmasını tələb edir; Putin isə orduya toxunmadan digər sahələri ixtisar etməyi tapşırıb.
Rusiyanın yüksək rütbəli maliyyə və bank rəsmiləri ölkə iqtisadiyyatının çöküş həddinə yaxınlaşdığı barədə xəbərdarlıq ediblər.
"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özünün mötəbər mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankının rəhbər şəxsləri Prezident Vladimir Putinə xəbərdarlıq ediblər ki, hərbi xərclərin hazırkı səviyyəsi büdcə kəsirinin təhlükəli dərəcədə böyüməsinə səbəb olur. Agentlik qeyd edir ki, maliyyə blokunun müdafiə xərclərini azaltmaq təklifinə Putinin reaksiyası birmənalı olmayıb. O, hərbi ehtiyaclara toxunmadan, qənaəti büdcənin digər maddələrində axtarmağı tapşırıb.
Analitiklər bunu Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasından bəri Rusiya rəhbərliyində daxili ixtilafların və fikir ayrılıqlarının ən ciddi təzahürü adlandırırlar.
Mənbələrin qiymətləndirməsinə görə, təkcə Müdafiə Nazirliyinin büdcə kəsiri 3 trilyon rubla çata bilər. Maliyyəçilərin planları isə tamamilə fərqli olub. Rusiya rəsmiləri 2025-ci ilin yayında Alyaşkada Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən danışıqlardan sonra müharibənin başa çatacağını hesablayıblar. Bu ssenari hərbi xərclərin azaldılmasını nəzərdə tuturdu. Lakin gözləntilər doğrulmayıb və hərbi maşın büdcəni udmaqda davam edir.
Müdafiə Nazirliyi və Kremlin bir hissəsi isə xərclərin azaldılmasının iqtisadiyyata daha böyük zərbə vuracağını iddia edirlər. Onların fikrincə, Rusiyada bir çox iri sənaye müəssisələri və zavodlar birbaşa müdafiə sifarişlərindən asılı vəziyyətdədir.
Kəsir artıq 6 trilyon rubla yaxınlaşır
Maliyyə naziri Anton Siluanovun hələ fevral ayında hökumətə göndərdiyi və hərbi sahədən başqa bütün maddələr üzrə xərcləri təxminən 3 trilyon rubl azaltmağı təklif etdiyi məlum olub. Nazir xəbərdarlıq edib ki, bədbin ssenari reallaşarsa, ixtisarlar daha da böyüyə bilər.
Yaxın Şərqdəki münaqişələr fonunda dünya bazarında neftin qiymətinin artması da Rusiyanı xilas edə bilmir. Nə "Bloomberg", nə də "Financial Times"ın analitikləri bu gəlirlərin müharibə xərclərini örtməyə yetəcəyini düşünmürlər. Rusiya büdcəsində builki kəsir rəsmən 3,8 trilyon rubl nəzərdə tutulsa da, artıq ilk rübdə bu rəqəm 6 trilyon rubla yaxınlaşıb ki, bu da müharibə dövrünün ən bərbad göstəricisidir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər