Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil forması üzrə təhsil haqqı artırılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Məlumata görə, Hüquq fakültəsində ikinci ali təhsil üzrə illik təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb. Beləliklə, illik ödəniş 2100 manat artıb.
Qeyd edək ki, sözügedən ixtisas üzrə təhsil müddəti 3 ildir. Əvvəlki tariflərlə tələbələr üç il ərzində ümumilikdə 16500 manat ödəyirdilər. Yeni qiymətlərə əsasən isə bu məbləğ 22800 manat təşkil edəcək. Başqa sözlə, təhsil müddəti ərzində ümumi ödənişdə fərq 6300 manat olacaq...
Təhsil eksperti: “Universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır”
Bu barədə təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya şərhində bildirib ki, Bakı Dövlət Universitetinin təkrar ali təhsil üzrə hüquq fakültəsində təhsil haqqını birdən-birə 5500 manatdan 7600 manata qaldırması sadəcə iqtisadi bir tənzimləmə deyil, təhsilimizin fəlsəfəsinə və əlçatanlığına vurulan növbəti ağır zərbədir: “Bir ildə qiymətin 2100 manat, yəni təxminən 40 faizə yaxın süni şəkildə artırılmasının arxasında hansı real xərc amilinin dayandığını heç bir məntiqi və elmi arqumentlə izah etmək mümkün deyil. Universitet rəhbərliyi yəqin ki, bu artımı bazar iqtisadiyyatı, tələb-təklif qanunauyğunluğu və ya hüquq ixtisasına olan həddindən artıq böyük maraqla əsaslandırmağa çalışacaq, lakin unudurlar ki, universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır”.

Ekspert qeyd edib ki, əgər biz tələbəyə gələcəyin ziyalısı, dövlətin kadr potensialı kimi yox, sadəcə universitet büdcəsini dolduran bir “müştəri” kimi baxmağa davam edəcəyiksə, onda təhsilin keyfiyyətindən və milli inkişafdan danışmağımıza dəyməz: “Ölkədə ikinci ali təhsil almaq istəyən şəxslər onsuz da həyatda müəyyən yer tutmuş, öz sahəsini dəyişmək və ya hüquqi biliklərə yiyələnərək dövlətə xidmət etmək istəyən vuruşan, çalışan gənclər və vətəndaşlardır. Biz isə onların önünə elə bir fantastik rəqəm qoyuruq ki, orta statistik azərbaycanlı ailəsi gərək bir il ərzində yeməsin, içməsin, yaşamasın və bütün qazancını gətirib universitetin kassasına ödəsin”.
Ə. Həsənlinin sözlərinə görə, məsələnin digər və ən ağrılı tərəfi həm də bu qiymətin təyin olunmasının verilən təhsilin keyfiyyəti ilə nə dərəcədə üst-üstə düşməsidir: “Gəlin tam dürüst olaq, bir illik təhsil haqqı 7600 manat olan bir fakültə tələbəyə hansı beynəlxalq standartları, unikal imkanları vəd edir? Bu gün dünyada hamının həsəd apardığı aparıcı universitetlərdə belə qiymətlər tənzimlənərkən tələbənin gələcək qazanc potensialı, elmi laboratoriyaların səviyyəsi və auditoriya şəraiti nəzərə alınır. BDU-da qiymət 2100 manat artırılarkən mühazirələr birbaşa kosmosdan yayımlanmağa başlayacaq, yoxsa tələbələrə qızıldan partalar veriləcək? Əlbəttə ki, yox. Tədris proqramı eyni, metodika eyni, binanın şəraiti eynidir”.
“Bu təhsil haqqını ödəyib məzun olan gənc sabah hansı maaşla, neçə ilə universitetə tökdüyü bu sərmayəni geri qaytaracaq? Biz təhsili belə fantastik qiymətlərlə əlçatmaz etməklə savadlı gənclərin intellektual xəyallarını baltalayırıq və diplomu sadəcə varlı təbəqənin ala biləcəyi bir lüks əşyaya çeviririk. Əgər rəqəmlər kosmosa uçursa, amma dərsliklərin keyfiyyəti, praktiki imkanlar və təhsilin idarə olunması hələ də yerində sayırsa, deməli burada məqsəd təhsil keyfiyyətini qaldırmaq yox, sadəcə vətəndaşın cibinə girməkdir. Biz hər zaman vurğulayırıq ki, dövlətin və millətin gələcəyi elmin əlçatanlığından asılıdır, universitetləri gəlir mənbəyinə çevirmək isə təhsilimizin reallığı ilə tamamilə ziddiyyət təşkil edir və bu süni artım dərhal yenidən nəzərdən keçirilməlidir”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, məsələ ilə bağlı Bakı Dövlət Universitetinə ünvanladığımız sorğu cavabsız qalıb.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Dövlət Universitetinin təkrar ali təhsil üzrə hüquq fakültəsində təhsil haqqı illik 25.000 manatdan az olmamalıdır. Hamı bilir ki , bu təhsil yox DİPLOM almaqdır...
Gündə bir ekspert peyda olur. MM-də, dövlət orqanlarında maaşlar 3-5 dəfə artanda çoxbilmişcəsinə susanlar, özəl məktəblərdə təhsil haqqının 10-25 min manat arasında olduğunu sinirənlər BDU-da təhsil haqqının, özü də ikinci təhsildə məbləğin artmasına üsyan edirlər. A bala, ikinci təhsilə adamları güclə tutub gətirmirlər e... adam baxır ki, istəyi ilə imkanı üst-üstə düşür, onda qərar verir. Və həmin qərar da hələ hər şey demək deyil, irəlidə ciddi imtahan da var.
BUNA DƏRƏBƏYLİK DEYƏRLƏR. DÖVLƏTİN MALİYYƏLƏŞDİRDİYİ ALI MƏKTƏBDƏ TƏHSİL HAQQINI REKTOR YOX DÖVLƏT SOSİAL YÖNÜMLÜ ETMƏLİDİR.
Bu biabırçılıqlara son qoymaq.Azərbaycanda pullu təhsili universitelərdə və orta məktəbədə aradan qaldırmaq və təhsilin səviyyəsini yüksəltmək günün vacib məsələsi olmalıdır.Axıdövlət üdcəsindən təhsilə lazımi vəsait ayrıldığıhalda bu pullu təhsil nə deməkdir.Bu yalnız təhsil möhtəkirlərini varlandırnağa və təhsilin sadə vətəndaşlar üçün əl çatmazlığını təmin etməyə yönələn antixalq hərəkəti olduğundan aradan qaldırılmalıdır