Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Kişinyovda olarkən məlumat verən Zelenski həmin söhbəti "çox müsbət" adlandırıb. Zelenski Trampın nümayəndələrinin “Rusiyanın Ukraynaya qarşı müharibəsinə ən qısa zamanda son qoymaq üçün töhfə vermək istəyini” yüksək qiymətləndirib, lakin onların bunun üçün hansı təkliflərlə çıxış etdiklərini açıqlamayıb. Sadəcə, Trampın adamlarına Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün qarşıdakı həftələrdə mümkün qədər fəal işləmək istəyinə görə minnətdarlıq edib.
Ukrayna Prezidentinin sözlərinə görə, söhbət zamanı o, Uitkoff və Kuşnerə "Moskvanın niyyətləri" barədə məlumat verib. Həmçinin, əlavə edib ki, bu söhbətdən sonra növbəti addımları əlaqələndirmək üçün Fransa Prezidenti Emmanuel Makronla danışıb.
Bu arada ABŞ və Ukrayna rəsmiləri Uitkoff və Kuşnerin Kiyevə mümkün səfərini müzakirə edirlər. Onlar bu səfərin yaxın həftələrdə baş tuta biləcəyini mediaya təsdiqləyiblər. Daha əvvəl Trampın xüsusi nümayəndələri əsasən Rusiya ilə danışıqlar üçün yalnız Moskvaya səfər edirdilər. Bu, Uitkoff və Kuşnerin Ukraynaya ilk birgə rəsmi səfəri olacaq.
Məlum olduğu kimi, buna qədər Ukrayna münaqişəsilə bağlı Uitkoff və Kuşnerin nəzarəti altında aparılan danışıqlar, Vaşinqtonun daha çox İrandakı münaqişəyə diqqət yetirməsi səbəbilə dalana dirənib.
Donald Trampın elçiləri ilə telefon danışığı Böyük Britaniyaya səfərdən qayıdan Ukrayna başçısının Kişinyov hava limanında dayandığı zaman baş tutub. Zelenski Londonda Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra Kiyevə qayıdıb. Bu görüşdə dörd lider Ukraynada davamlı sülh üçün beş şərt irəli sürüb və Rusiya iqtisadiyyatına təzyiqin, Ukraynaya isə hərbi yardımın artırılması məsələlərini müzakirə ediblər. Kreml artıq həmin beş şərti rədd etdiyini bəyan edib.
Xatırladaq ki, söhbət aşağıdakı şərtlərdən gedir:
1. Dərhal atəşkəs. Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatların tamamilə dayandırılmasına razılıq verməlidir.
2. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsi olmalıdır. Sərhədlər güclə dəyişdirilə bilməz və Ukraynanın ittifaq yaratmaq (o cümlədən NATO ilə) suveren hüququna tam hörmət edilməlidir.
3. Ukrayna üçün etibarlı hüquqi təhlükəsizlik zəmanətləri. Bunlar atəşkəsdən dərhal sonra qüvvəyə minməli və Ukraynaya beynəlxalq qüvvələrin yerləşdirilməsini əhatə etməlidir.
4. Rusiya vəsaitləri Rusiya bütün itkiləri kompensasiya edənə qədər dondurulmuş qalacaq.
5. Sülh müqaviləsi Avropanın təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Aİ və NATO ilə bağlı hər hansı danışıqlar Aİ və onun üzv dövlətlərinin, eləcə də NATO müttəfiqlərinin razılığını tələb edəcək.
Bu arada BMT Təhlükəsizlik Şurasının dünən keçirilən xüsusi iclasında Avropa İttifaqı, ABŞ, Çin və digər ölkələrin nümayəndələri atəşkəsə nail olmaq üçün səylərin davam etdirilməsinə çağırıblar. Baş katibin humanitar məsələlər üzrə köməkçisi vəzifəsini icra edən İndrika Ratvatte Təhlükəsizlik Şurası üzvlərinə Rusiyanın Ukraynanın əsas yaşayış məntəqələrinə hücumlarının miqyasını və intensivliyini artırdığını çatdırıb. Debat zamanı Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik bildirib ki, Putin ötən həftə Kreml liderinə göndərilən məktubda yer alan Zelenskinin iki lider arasında görüş təklifini qəti şəkildə rədd edib. Rusiya nümayəndəsi Vasili Nebenzya isə Ukrayna liderinin təklifini "kobudluq və ultimatum" adlandırıb.
Xatırladaq ki, iyunun 4-də Zelenski Vladimir Putinə açıq məktub ünvanlayaraq, müharibəyə son qoymağı və şəxsi görüş keçirməyi təklif edib. Putin ertəsi gün cavabında bildirdi ki, hazırda onların görüşündə "heç bir məna görmür". Üstəlik, Rusiya hərbçilərinə müraciət edərək, "Çalışın, qardaşlar" dedi. Bununla da sülhə, danışıqlara hazır olmadığını, əksinə, eskalasiyanı artırmağa qərar verdiyini göstərdi.
Rusiya ordusu isə Putinin dediyi kimi, müharibənin 5-ci ilində hələ də “çalışır”. Bu “çalışmalar” Ukrayna şəhərlərinin, mülki əhalisinin bombardmanından, cəbhədə qarış-qarış, sürünərək irəliləməkdən və bütün bunlar üçün ayda 30 mindən çox itki verməkdən başqa heç bir ciddi nəticə vermir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər