Azərbaycanda yeni çəkilən və ya əsaslı təmir olunan yolların qısa müddət sonra yararsız vəziyyətə düşməsi ilə bağlı şikayətlərə vaxtaşırı rast gəlinir. Sosial şəbəkələrdə yayılan görüntülər, sürücülərin müraciətləri və mediada dərc olunan xəbərlər göstərir ki, bəzi hallarda milyonlarla manat vəsait hesabına inşa edilən yollar bir neçə il keçməmiş deformasiyaya uğrayır, asfalt örtüyü sıradan çıxır və sürücülər üçün böyük bir təhlükəyə çevrilir.
Belə problemlərin yaşandığı son ünvanlardan biri də Xızı–Altıağac avtomobil yoludur. Ötən gün sosial şəbəkələrdə paylaşılan görüntülərdən də aydın olur ki, yolun əksər hissəsi ciddi şəkildə deformasiyaya uğrayıb, asfalt örtüyü dağılıb və bəzi hissələrdə hərəkət etmək çətinləşib. Bildirilir ki, xüsusilə gecə saatlarında yolun vəziyyəti sürücülər üçün əlavə risk yaradır və nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edir.
Maraqlı məqam isə odur ki, sözügedən yolun yenidən qurulmasına 2013-cü ildə başlanılıb və layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb.
Belə ki, uzunluğu 19,8 kilometr olan yolun tikintisi və yenidən qurulması işləri 2017-ci ilin oktyabr ayında başa çatdırılıb. Rəsmi sənədlərə əsasən, Xızı–Altıağac avtomobil yolunun tikintisi və yenidən qurulması üçün ən azı 18 milyon manat dövlət vəsaiti yönəldilib.
Bəs maraqlıdır, yolun qısa müddətdə yararsız hala düşməsinin səbəbi nədir?
Bu barədə nəqliyyat eksperti Raqif Raufoğlu “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda yol və digər infrastruktur layihələri ilə bağlı əsas problemlərdən biri işləri həyata keçirən qurumların sonradan görülən işə görə məsuliyyət daşımamasıdır.

Ekspertin sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrində bu sahədə fərqli yanaşma mövcuddur: “Belə ki, hansı qurum və ya şirkət işi həyata keçirirsə, həmin iş üçün müəyyən zəmanət öhdəliyi də götürür. Bu zəmanət bir, iki, üç il və ya daha uzun müddəti əhatə edə bilər. Əgər həmin müddət ərzində yol yenidən dağılır, çökmə və ya başqa problem yaranırsa, işi görən qurum onu öz hesabına bərpa etməli və ya buna görə məsuliyyət daşımalıdır”.
R. Raufoğlu qeyd edib ki, bəzi hallarda qurumlar yaranmış problemləri hava şəraiti, güclü yağışlar, suyun təsiri və digər amillərlə izah etməyə çalışırlar: “Lakin əgər layihə həyata keçirilərkən belə risklərin mövcudluğu əvvəlcədən məlumdursa, bu barədə ictimaiyyətə və sifarişçiyə məlumat verilməli, risklər nəzərə alınmalı və uyğun texniki həllər tətbiq olunmalıdır”.
Ekspert vurğulayıb ki, problem çox vaxt işlərin keyfiyyətsiz görülməsindən qaynaqlanır: “Sonradan problem yarandıqda isə məsuliyyət məsələsi açıq qalır. Adətən layihələrin sifarişçisi yerli icra hakimiyyətləri, müxtəlif dövlət qurumları və ya aidiyyəti dövlət agentlikləri olur. İşi icra edən tərəf isə başqa bir dövlət qurumu və ya özəl şirkət ola bilər. İnkişaf etmiş ölkələrdə sifarişçi ilə icraçı arasında məsuliyyət bölgüsü dəqiq şəkildə müəyyənləşdirilir. Məsələn, layihənin sifarişçisi bir qurum olur, icraçısı isə başqa qurum və ya özəl şirkət. İş başa çatdıqdan sonra həmin şirkət görülən işin keyfiyyətinə görə məsuliyyət daşıyır və sonradan yaranan problemlərə görə cavabdeh olur”.

R. Raufoğlu bildirib ki, Azərbaycanda əsas problemlərdən biri də məhz təhvil verən və təhvil alan tərəflər arasında məsuliyyət mexanizminin düzgün işləməməsidir: “Problem yarandıqda sifarişçi qurum bildirir ki, işi özü görməyib, icraçı yerinə yetirib. Halbuki həmin işi qəbul edən və təhvil alan da məhz sifarişçi qurumdur. Bu zaman “əgər iş keyfiyyətli deyildisə, onu necə qəbul etmisiniz?” sualı meydana çıxır. Lakin bu suala aydın cavab verilmir. Digər tərəf isə öz növbəsində bildirir ki, işi təhvil verərkən hər şey qaydasında olub, problem sonradan yaranıb. Nəticədə məsuliyyət bir qurumdan digərinə ötürülür və konkret cavabdeh tərəf müəyyən edilmir”.
Ekspert hesab edir ki, bu problemin həlli üçün qurumlar arasında əlaqələri izləyən və nəzarət edən müstəqil tənzimləyici mexanizmə ehtiyac var. “Belə bir qurum sifarişçi ilə icraçı arasındakı münasibətləri nəzarətdə saxlamalı, problem yarandıqda səbəbləri araşdırmalı və məsul tərəfi müəyyən etməlidir. Hazırkı vəziyyətdə problem ortaya çıxanda bir qurum məsuliyyəti digərinin üzərinə atır, digəri isə əks mövqe sərgiləyir. Jurnalistlər və ictimaiyyət də çox vaxt konkret cavab ala bilmir. Buna görə də əsas çatışmazlıq məsuliyyət bölgüsünü və nəzarət mexanizmini təmin edən sistemin formalaşmamasıdır”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, mart-aprel aylarında müşahidə olunan intensiv yağışlar və sel hadisələri nəticəsində bir sıra yollar kimi Xızı–Altıağac avtomobil yoluna da ciddi ziyan dəyib. O, qeyd edib ki, Prezidentin müvafiq sərəncamına uyğun olaraq, sözügedən yol da daxil olmaqla 25 avtomobil yolunda bərpa və yenidənqurma işləri nəzərdə tutulur və hazırda Xızı–Altıağac yolu üzrə layihələndirmə işləri davam etdirilir, eyni zamanda ərazidə ilkin bərpa və təhlükəsizlik tədbirlərinin icrasına başlanılıb.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər