Nikol Paşinyan seçkidən əvvəl verdiyi vədləri yerinə yetirməyə başlayıb. Bu vədlərdən biri rusiyapərəst "Çiçəklənən Ermənistan" Partiyasının lideri, iş adamı və kriminal aləmə yaxın biri kimi tanınan Qaqik Tsarukyana qarşı hüquqi tədbirlərin görülməsilə bağlı idi.
“AzPolitika” xəbər verir ki, Ermənistan mediası Tsarukyanın bu gün Zvartnots hava limanı vasitəsilə Ermənistanı tərk etməyə çalışdığını yazıb. Tsarukyanın aeroportdakı görüntüləri də yayımlanıb. Lakin hüquq-mühafizə orqanları onun getməsinə imkan verməyib.
Bu gün Ermənistan Baş Prokurorluğu Tsarukyana qarşı külli miqdarda vergi ödəməkdən yayınma ittihamı ilə cinayət işi açıb. Qabaqlayıcı tədbir olaraq onun ölkədən çıxışına qadağa tətbiq edilib.
Tsarukyanın partiyası 7 iyun parlament seçkilərində 4%-lik həddi keçə bilməyib və səslərin 3,99%-ni toplayıb. Partiya bu nəticə ilə razılaşmır və Mərkəzi Seçki Komissiyasına müraciət edərək səslərin yenidən sayılmasını tələb etmək niyyətində olduğunu bildirir.
Göründüyü kimi, seçkidəki məğlubiyyətdən sonra vəziyyətin qətiyyən onun xeyrinə dəyişməyəcəyini anlayan Tsarukyan Ermənistandan qaçmaq istəyib. Amma Paşinyan buna imkan verməyib.
“AzPolitika.info”

Şərhlər