Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etməyə hazırlaşdığı yeni sanksiyalar siyahısında 42 nəfərin adı var.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, adı siyahıda olanlar sırasında “Lukoil” rəhbəri Vahid Ələkbərov da var. İndiyə qədər Aİ onun adını sanksiyalara məruz qalanalar siyahısına salmamışdı. Bu dəfə qurum Ələkbərovu Vladimir Putinə yaxın şəxs kimi təqdim edərək, onu “qara siyahı”ya salmağa qərar verib.
Aİ-nin daxili sənədində Ələkbərovun Ukraynanın tammiqyaslı işğalının ilk günlərində Vladimir Putinlə görüşdə iştirak etdiyi vurğulanır. Sənəddə deyilir: "Onun bu görüşə dəvət olunması Vladimir Putinin yaxın çevrəsinə yaxınlığını göstərir... Vahid Ələkbərov Krımın ilhaqına və Ukraynanın qeyri-sabitliyinə görə cavabdeh olan Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən iqtisadi sektorlarda iştirak edir".
Ələkbərovla yanaşı, yeni siyahıda Patriarx Kirill, Rusiyanın keçmiş baş nazir müavini, hazırda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Rusiyanın idman naziri Mixail Deqtyaryov, Putinin köməkçisi Vladimir Medinski, rusiyalı oliqarxlar İskəndər Mahmudov, Mixail Qutseriyev, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili, 2024-cü ilə qədər Rusiya Olimpiya Komitəsinə rəhbərlik etmiş Stanislav Pozdnyakov və digərləri var.
Qeyd olunur ki, buna kimi Macarıstanın keçmiş baş naziri Viktor Orban yuxarıda qeyd edilən şəxslərin siyahıya daxil edilməsinə qarşı çıxıb. İndi isə bu maneə artıq yoxdur. Onu da qeyd edək ki, yeni sanksiyalar paketi Aİ liderləri tərəfindən yekdilliklə təsdiqlənməlidir.
“AzPolitika.info”

Şərhlər