2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatında bir sıra yeni qaydalar ilk dəfə rəsmi şəkildə tətbiq olunacaq.

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qərarına əsasən, matçların tempini artırmaq və oyun fasilələrini azaltmaq məqsədilə bir neçə yenilik qüvvəyə minəcək.

Yeni qaydalara görə, qapı zərbələri və aut atışları zamanı vaxtın uzadılmasının qarşısını almaq üçün hakimlər 5 saniyəlik geri sayım tətbiq edəcəklər. Aut atışı müəyyən olunmuş müddətdə yerinə yetirilməzsə, top rəqib komandaya veriləcək. Qapı zərbəsinin gecikdirilməsi halında isə rəqib komanda künc zərbəsi qazanacaq.

Futbolçuların əvəzlənməsi prosesi də sürətləndiriləcək. Dəyişiklik 10 saniyə ərzində başa çatdırılmalıdır. Müəyyən edilmiş vaxt aşılarsa, meydana daxil olmalı olan futbolçu oyun növbəti dəfə dayanana qədər gözləyəcək və komandası həmin müddətdə azlıqda çıxış edəcək.

Yeni tətbiqlər zədə alan oyunçulara da şamil olunacaq. Oyunun dayanmasına səbəb olan və meydanı tərk edən futbolçu yenidən oyuna qayıtmazdan əvvəl ən azı bir dəqiqə gözləməli olacaq.

İntizam qaydalarında da sərtləşdirmələr nəzərdə tutulub. Hakimlər futbolçular arasında mübahisə zamanı üzünü əl, qol və ya forma ilə örtən oyunçulara qırmızı vərəqə göstərə biləcəklər. Həmçinin hakim qərarına etiraz olaraq meydanı tərk edən futbolçular və ya oyunçuları buna təşviq edən komanda rəsmiləri də qırmızı vərəqə ilə cəzalandırıla biləcəklər.

VAR sistemi ilə bağlı qaydalarda da dəyişiklik edilib. Bundan sonra səhv təyin olunmuş künc zərbələri və ikinci sarı vərəqə ilə bağlı epizodlarda Video Köməkçi Hakim sistemindən istifadə olunacaq. Bundan əlavə, qol və ya penalti ilə nəticələnən hücumların başlanğıcında təyin edilən künc və ya cərimə zərbələrindən əvvəl hücum edən komandanın qayda pozuntusu edib-etmədiyi VAR vasitəsilə yoxlanıla biləcək. Pozuntu aşkar edilərsə, müvafiq intizam tədbiri görüləcək və epizodun təkrarlanmasına qərar verilə biləcək.

"AzPolitika.info"