Rusiya hakimiyyəti xarici ölkə vətəndaşlarını Ukraynadakı müharibəyə cəlb etmək üçün qanunvericiliyi daha da stimullaşdırır. Rusiya Dövlət Duması bu gün miqrantlarla bağlı növbəti qalmaqallı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

"AzPolitika" Rusiya mediasına istinadən xəbər verir ki, yeni qanun Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq döyüş əməliyyatlarında (xüsusilə Ukraynada) iştirak edən əcnəbilərin ölkədən deportasiya edilməsini rəsmən qadağan edir.

Yeni qanunvericiliyə əsasən, cəbhəyə yollanan xaricilərə qarşı aşağıdakı güzəştlər tətbiq olunacaq:

-Onların Rusiyaya girişinə qadağa qoyula bilməz;

-Onlara patent, iş icazəsi, müvəqqəti yaşayış icazəsi və ya oturum rəsmiləşdirilməsindən imtina edilməsi qadağandır;

-Onların ölkədə qalmasının arzuolunmazlığı və ya qalma müddətinin qısaldılması barədə qərarlar çıxarıla bilməz.

Ən diqqətçəkən məqamlardan biri isə qanunun geriyə qüvvəsinin olmasıdır. Belə ki, sənəd müharibə iştirakçısı olan əcnəbilər barəsində 24 fevral 2022-ci ildən bəri çıxarılmış bütün deportasiya və məhdudiyyət qərarlarını qüvvədən salır.

Bu addım Rusiyada miqrasiya qanunvericiliyinin kəskin şəkildə sərtləşdirilməsi fonunda atılır. Müdafiə Nazirliyi əcnəbiləri orduya cəlb etmək üçün həm rəsmi təşviqat vasitələrindən, həm də inzibati təzyiqlərdən istifadə edir.

Elə bu gün Dövlət Duması digər bir qərarla Rusiyada yaşayan əcnəbilər üçün sənədlərin rəsmiləşdirilməsi rüsumlarını 5 dəfədən 12 dəfəyədək artırıb. Bununla da, qanuni yollarla ölkədə qalmaq xərclərini dözülməz həddə çatdıran Kreml, miqrantları faktiki olaraq seçim qarşısında qoyur: ya ağır rüsumlar və deportasiya qorxusu, ya da cəbhəyə yollanaraq "güzəşt" qazanmaq.

Bundan əvvəl qəbul edilmiş qanunlarla Müdafiə Nazirliyi ilə müqavilə imzalayan əcnəbilərin cinayət təqibi üçün digər ölkələrə verilməsi (ekstradisiya edilməsi) də qadağan olunmuşdu.

Rusiya bu qanunlarla miqrantları qorumağa çalışsa da, onların öz vətənlərində vəziyyət tamamilə fərqlidir. Bir çox postsovet ölkələrində, xüsusən də Qazaxıstan, Özbəkistan və Qırğızıstanda başqa bir dövlətin ordusunda müharibəyə qatılmaq "muzdluluq" hesab olunur və ağır cinayət məsuliyyəti yaradır.

Artıq Ukraynadakı müharibədən qayıdan bir neçə Mərkəzi Asiya respublikası vətəndaşının öz ölkələrində həbs olunduğuna dair məhkəmə hökmləri mövcuddur. Hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, Rusiyanın bu addımı əcnəbi işçiləri qanuni sığınacaq adı altında real ölüm bətninə sürükləmək məqsədi daşıyır.

Rasim Əliyev

"AzPolitika.info"