Türkiyənin ana müxalifət partiyası olan CHP-də daxili gərginlik yeni mərhələyə keçib. CHP-nin Mərkəzi İdarə Heyəti (MYK) partiya sədri Kemal Kılıçdaroğlunun rəhbərliyi ilə keçirilən iclasda bir sıra tanınmış partiya funksionerlərinin intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.
"AzPolitika" xəbər verir ki, partiya sözçüsü Müslim Sarı MYK iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, 9 partiya üzvü CHP Nizamnaməsinin müvafiq maddələrinə əsasən ehtiyat tədbiri tətbiq edilməklə partiyadan qəti xaric edilmə tələbi ilə İntizam Komissiyasına göndərilib.
Sarı qeyd edib ki, CHP-nin keçmiş sədri Özgür Özəlin vəziyyəti ilə bağlı qərar isə daha sonra veriləcək: “Özgür Özəllə bağlı qiymətləndirmə sonrakı mərhələdə aparılacaq.”İntizam komissiyasına göndərilən şəxslərin siyahısında CHP rəhbərliyində və parlament fraksiyasında təmsil olunan nüfuzlu simalar da yer alır:
-Balıkəsir millət vəkili Ensar Aytekin;
-CHP parlament qrupunun sədr müavini, Mersin millət vəkili Ali Mahir Başarır;
-CHP parlament qrupunun sədr müavini, İstanbul millət vəkili Gökhan Günaydın;
-CHP sədrinin müavini, Bursa millət vəkili Nurhayat Altaca Kayışoğlu;
-CHP sədrinin müavini, İstanbul millət vəkili Özgür Karabat;
-Ankara millət vəkili Umut Akdoğan;
-Malatya millət vəkili Vəli Ağbaba;
-İstanbul millət vəkili Turan Taşkın Özer;
-CHP sədrinin müavini, Adana millət vəkili Burhanettin Bulut
Məlumata görə, Kemal Kılıçdaroğlu MYK iclasında çıxışı zamanı partiya daxilində “şübhə və iddialarla bağlı aydınlıq gətirilməsi” zərurətini vurğulayıb.
O, partiyada “arınma” prosesinin davam etdirilməsinin vacibliyini qeyd edərək bildirib: “Şübhə altında olan hər kəs özünü təmizə çıxarıb geri gəlsin. Partiyanı hüquqi baxımdan mübahisəli vəziyyətə salan qurultayda pul məsələlərinə qarışan, haqqında şübhələr olan hər kəs əvvəlcə öz adını təmizləsin, sonra partiyada fəaliyyətini davam etdirsin.”
Siyasi müşahidəçilərin fikrincə, son qərar CHP daxilində Kemal Kılıçdaroğlu tərəfdarları ilə Özgür Özələ yaxın qrup arasında uzun müddətdir davam edən qarşıdurmanın daha da kəskinləşdiyini göstərir. Xüsusilə partiyanın rəhbər strukturlarında və parlament fraksiyasında təmsil olunan tanınmış simaların intizam məsuliyyətinə cəlb edilməsi CHP-də daxili siyasi böhranın yeni mərhələyə keçdiyini göstərir.
İntizam Komissiyasının verəcəyi yekun qərarların yaxın günlərdə Türkiyə siyasi gündəminin əsas mövzularından biri olacağı gözlənilir.
Elman
"AzPolitika.info"

Şərhlər