Rusiya Prezidenti Vladimir Putin ölkə maraqlarına qarşı fəaliyyət göstərən və hazırda xaricdə yaşayan Rusiya vətəndaşlarının əmlakının həbs edilməsini qanuniləşdirən yeni sənədi imzalayıb. Yeni qanun bu ilin 1 sentyabr tarihindən etibarən qüvvəyə minəcək.

Bu təşəbbüs İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur və ölkə hüdudlarından kənarda olan rusiyalıların məsuliyyətə cəlb edilməsi üçün əsas verən maddələrin siyahısını əhəmiyyətli dərəcədə genişləndirir.

Yeni qanunvericiliyə əsasən, mühacirətdə olan şəxslərin aşağıdakı fəaliyyətləri "Rusiya maraqlarına qarşı hüquqpozma" kimi dəyərləndiriləcək və əmlaklarının dondurulmasına səbəb olacaq:

-"Xarici agent" fəaliyyəti haqqında qaydaların pozulması;

-Kütləvi informasiya azadlığından sui-istifadə;

-Terrorizm və ya ekstremist fəaliyyətə açıq çağırışlar;

-Rusiyanın ərazi bütövlüyünün pozulmasına və ölkəyə qarşı sanksiyaların tətbiqinə çağırışlar;

-Rusiya ordusunun "gözdən salınması" (diskreditasiyası).

Qanun təminat tədbiri kimi xaricdəki rusiyalıların Rusiyada qalan əmlakının və bank hesablarının həbs edilməsinə icazə verir. Bu həbs qərarı kəsilən inzibati cərimə tam ödənilənədək qüvvədə qalacaq.

Həbs qoyulan əmlakın dəyəri müəyyən edilmiş cərimənin məbləği ilə məhdudlaşmır və tətbiq edilən cərimədən qat-qat böyük ola bilər.

Xatırladaq ki, sözügedən sənəd layihəsi ilk olaraq 2024-cü ilin oktyabrında Tatarıstan Dövlət Şurası tərəfindən irəli sürülüb və 2025-ci ilin mayında birinci oxunuşda qəbul edilib. İkinci oxunuş ərəfəsində layihə ciddi şəkildə sərtləşdirilib və mühacirlərin təqib olunacağı konkret maddələr bura əlavə edilib. Cari ilin may ayının sonunda isə Rusiya Dövlət Duması qanun layihəsini dərhal ikinci və üçüncü oxunuşda təsdiqləmişdi.

Rasim Əliyev

“AzPolitika.info”