ABŞ-nin Vitse-prezidenti Cey Di Vens iyunun 21-də İsveçrəyə rəsmi səfərə gəlib. Onun burada regional vasitəçilərin iştirakı ilə İran nümayəndə heyəti ilə kritik danışıqlar aparacağı gözlənilir. ABŞ Vitse-prezidentinin mətbuat katibi Lük Şreder sosial şəbəkə hesabında Vensin Vaşinqtondan İsveçrəyə yola düşməsini əks etdirən rəsmi kadrları artıq paylaşıb.
“AzPolitika” xəbər verir ki, yüksək səviyyəli danışıqlar İsveçrənin Bürgenştok şəhərində baş tutacaq. Artıq İranın və vasitəçi dövlətlərin nümayəndə heyətlərinin şəhərə gəldiyi bildirilir.
Qeyd edək ki, sammitdən bir neçə gün əvvəl İran hərbi komandanlığının bəyanatı danışıqları tamamilə alt-üst etmək təhlükəsi yaratmışdı. Tehran İsrailin Livana etdiyi hücumlara cavab olaraq strateji Hörmüz boğazını bağladığını elan etmişdi.
Lakin Cey Di Vens ABŞ-dən uçmazdan əvvəl verdiyi açıqlamada vurğulayıb ki, hazırda İranın boğazda gəmilərin hərəkətinə real maneə törətdiyinə dair heç bir əlamət yoxdur və bu səbəbdən danışıqlar masasına qayıtmaq mümkündür.
Məlumata görə, İran nümayəndə heyətinə parlamentin rəhbəri Məhəmməd Qalibaf və xarici işlər naziri Abbas Araqçı rəhbərlik edir. ABŞ nümayəndə heyətində isə Vitse-prezident Venslə yanaşı, Prezident Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də yer alıb. Görüşdə əsas vasitəçi qismində iştirak edən Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir, eləcə də Qətər nümayəndələri artıq İsveçrədədir.
Vitse-prezident Vensin sözlərinə görə, bir neçə gün davam edə biləcək danışıqlar iki kritik məsələyə - İranın nüvə proqramına və Livandakı hərbi-siyasi vəziyyətə yönələcək.
Tərəflər arasında bu həftə imzalanmış ilkin memorandum hərbi əməliyyatların, xüsusilə İsrail ilə ABŞ-də terror təşkilatı kimi tanınan "Hizbullah" qruplaşması arasındakı döyüşlərin dayandırılmasını nəzərdə tutur. Sənədə əsasən, İranın nüvə proqramı ətrafında yekun danışıqlar aparmaq üçün tərəflərə 60 gün vaxt verilir. Bu müddət ərzində Tehran Hörmüz boğazını ticarət gəmiləri üçün açıq saxlamalıdır.
Bununla belə, razılaşmanın icrasında ciddi fikir ayrılıqları mövcuddur. İran tərəfi sazişi elə şərh edir ki, İsrail öz qoşunlarını Livanın cənubundan dərhal çıxarmalıdır. Təl-Əviv isə atəşkəsə hazır olduğunu bildirsə də, ölkənin şimalını "Hizbullah"ın hücumlarından qorumaq üçün qoşunları Livan ərazisində saxlamaqda israrlıdır.
Məsələnin diqqətçəkən tərəfi budur ki, son günlər ABŞ administrasiyasının rəsmiləri, o cümlədən Cey Di Vens İsrail rəhbərliyini Livana hücumları davam etdirdiyi üçün açıq şəkildə tənqid edirlər. Bürgenştok danışıqlarının Yaxın Şərqdə böyük müharibənin qarşısını alıb-almayacağı yaxın günlərdə məlum olacaq.
Rasim
“AzPolitika.info”

Şərhlər