Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krım yarımadası və ona bitişik əraziləri atəş nəzarətinə götürməkdə davam edir. 

“AzPolitika” xəbər verir ki, ötən gün ərzində Krımın özünə və yarımadaya gedən yollara endirilən zərbələrlə bağlı sosial mediada çoxlu sayda məlumatlar və videogörüntülər yayımlanıb. Bu dəfə quru yollar, körpülər, neft bazaları ilə yanaşı, yarımadaya müxtəlif təyinatlı məhsullar, o cümlədən yanacaq daşıyan gəmilər də vurulub. Vəziyyət o yerə çatıb ki, Krımın Rusiya tərəfindən təyin olunan başçısı Sergey Aksyonov yarımadada yanacaq satışının dayandırıldığını və onun yalnız xüsusi xidmət və föqvəladə hallar qüvvələrinə veriləcəyini bəyan edib.

Rusiya tərəfinin məlumatıan görə, Ukraynanın ötən gün Krasnodar diyarındakı və ilhaq edilmiş Krımdakı dəniz limanlarına hücumu nəticəsində beş nəfər həlak olub. Aksyonovun sözlərinə görə, onlardan dördü Kerçdə həlak olub, o, həmçinin 28 nəfərin yaralandığını bildirib.

Gecə Ukrayna dronları neft məhsullarının saxlanması və daşınması üçün istifadə edilən Kerç Ticarət Limanındakı neft anbarına da zərbə endirib. Bu obyekt gəmilərə və Krım-Qafqaz bərə xidmətini yanacaqla təmin edir.

Regional əməliyyat qrupunun məlumatına görə, Krasnodar diyarının Temryuk rayonunda Kerç bərə keçidinə edilən hücum zamanı "Panaqiya" bərəsinə dəyən hücum nəticəsində daha bir nəfər həlak olub, bir nəfər yaralanıb. Dron hücumları Çuşka kəndindəki neft terminalının da yanmasına səbəb olub. Bu obyekt Rusiyanın cənubundakı ən böyük nəqliyyat və logistika mərkəzlərindən biri olan Kavkaz liman infrastrukturunun bir hissəsidir. Liman Krıma yük daşımalarını, ixracı və bərə xidmətini həyata keçirir.


Hücumdan sonra Kerç bərə keçidində bərə xidməti dayandırılıb. Ağır nəqliyyat vasitələrinin Krım körpüsündən istifadəsi qadağan edildiyindən, sürücülərə alternativ quru yolu - Rostov, Taqanroq, Mariupol, Melitopol və Simferopoldan keçən R-280 magistral yolunu seçmələri tövsiyə edilib. Lakin bu yol da Ukrayna Silahlı Qüvvələrinin atəş nəzarəti altındadır.

Bir sözlə, Ukrayna hərbi rəhbərliyinin bəyan etdiyi kimi, ilhaq edilmiş Krım yarımadadan adaya çevrilir.

“AzPolitika.info”