Xəbər verdiyimiz kimi Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının lideri Kir Starmer vəzifəsindən istefa verdiyini rəsmən elan edib. Cəmi iki il əvvəl leyboristləri böyük qələbə ilə hakimiyyətə gətirən Starmer, partiya daxilindəki təzyiqlərdən sonra bu qərarı qəbul etdiyini açıqlayıb.
"AzPolitika" xəbər verir ki, Starmer Dauninq-stritdəki iqamətgahının qarşısında xalqa müraciət edərək geniş vida çıxışı edib. Kral III Çarlza istefa qərarını təqdim etdiyini bildirən Baş nazir, yeni lider seçilənə qədər vəzifəsində qalacağını bəyan edib. O, çıxışında leyboristlərin iki illik hakimiyyəti dövründə əldə olunan uğurlardan bəhs edib və partiyanın gələcəyi naminə geri çəkildiyini vurğulayıb.
"Təşəkkür edirəm. İki il əvvəl bu küçə ilə addımlamaq həyatımın ən qürurlu anı idi. 14 ildən sonra ilk Leyboristlər hökuməti qurulurdu. Ölkəmizin tarixində illərlə davam edən məyusluq və ümidsizlikdən sonra yeni bir səhifə açılırdı.
Milyonlarla insanın həyatını yaxşılığa doğru dəyişmək şansı qazanmışdıq. Mən siyasətə məhz buna görə gəlmişdim. Amma bura qədər gələn yol asan olmadı. Altı il əvvəl mən Leyboristlər Partiyasını siyasi, maliyyə və mənəvi cəhətdən iflas etmiş bir vəziyyətdə təhvil aldım. Mənə təkrar-təkrar partiyamın bitdiyini, tarixə qovuşduğumuzu deyirdilər. Ümumi seçkilərdə çoxluq qazanmağın, xüsusən də böyük fərqlə qalib gəlməyin qeyri-mümkün olduğunu iddia edirdilər. Lakin biz bu insanlara yanıldıqlarını sübut etdik, çünki partiyamızı dəyişdik. Antisemitizm zəhərini kökündən qazıdıq, iqtisadiyyat, müdafiə və milli təhlükəsizlik sahəsində etimadı bərpa etdik. Milli bayrağımıza qarşı deyil, onunla fəxrlə yan-yana dayanan bir partiyaya çevrildik. Bu çətin dəyişiklik prosesinin yeganə məqsədi var idi: sadəcə hakimiyyət xatirinə hakimiyyət yox, Britaniyanı daha yaxşıya doğru dəyişmək.
Hər kəsin göründüyü və dəyər verildiyi, ləyaqət və hörmətə əsaslanan daha ədalətli bir ölkə qurmaq istəyirdik. Sərvət və imkanların yalnız imtiyazlı azlığın yox, hər kəsin olması üçün çalışdıq. Və cəmi iki il ərzində nələrə nail olduğumuza baxın!

İqtisadiyyatımız indi daha güclüdür və tərəfdaşlarımızdan daha sürətlə böyüyür. Hakimiyyətə gəldiyimiz gündən bəri hər ay maaşlar inflyasiyanı üstələyir. İnvestisiyalar təmin edilib, infrastruktur qurulur. Sərt qənaət tədbirlərinə son qoyulub, Milli Səhiyyə Sistemində (NHS) növbələr son 17 ilin ən sürətli tempilə azalır.
İşçi və kirayəşin hüquqlarında son bir nəslin ən böyük irəliləyişinə nail olduq. Soyuq müharibə dövründən bəri müdafiə xərclərində ən böyük artımı təmin etdik. Kiçik qayıqlarla qanunsuz miqrant keçidləri azaldı, sığınacaq otelləri bağlandı, gənclərimiz sosial medianın zərərli təsirlərindən qorundu və qəbul etdiyim qərarlar sayəsində yarım milyon uşaq yoxsulluqdan xilas edildi.
Britaniyanın dünyadakı nüfuzu bərpa olundu, ölkəmiz yenidən ləyaqət, hörmət və qanunun aliliyinin müdafiəçisinə çevrildi. Yeni ticarət sazişləri imzalandı, Ukraynanın yanında qətiyyətlə dayandıq, dəyərlərimizi qoruduq və Avropadakı müttəfiqlərimizlə münasibətləri yenidən qurduq. Leyboristlər hökuməti dəyişiklik vəd etdi, bu dəyişiklik üçün mübarizə apardı və onu reallaşdırdı.
Lakin bilirəm ki, indi verilən sual leyboristləri dəyişməyə, bizi hakimiyyətə gətirməyə kimin daha yaxşı hazır olması ilə bağlı deyil. Bu suallar artıq cavabını tapıb. İndi partiyamın verdiyi sual budur: növbəti ümumi seçkilərdə bizə rəhbərlik etmək üçün ən doğru namizəd mənəmmi? Mən parlamentdəki partiyamın bu suala verdiyi cavabı eşitdim. Və bu cavabı hörmətlə, ləyaqətlə qəbul edirəm. Hər bir qərar sevdiyim ölkəni birinci yerə qoymaqla bağlı olub. Məhz buna görə də Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa verirəm. Bu səhər qərarım barədə Əlahəzrət Krala məlumat vermişəm.
Mən Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsindən yeni liderin seçilməsi üçün qrafiki müəyyən etməyi xahiş edəcəyəm. Namizədliyin irəli sürülməsi 9 iyulda başlayacaq və parlamentin yay tətilinə qədər başa çatacaq. Rəqabət yaranacağı təqdirdə, bu qrafik parlament sentyabrda yenidən fəaliyyətə başlayana qədər yeni liderin hazır olmasını təmin edəcək.
Seçki prosesi başa çatana qədər Baş nazir vəzifəmi icra etməyə davam edəcəyəm. Hakimiyyətin nizamlı şəkildə təhvil verilməsi üçün əlimdən gələni edəcəyəm.
Məndən sonrakı xələfimə tam və qeyd-şərtsiz dəstək verəcəyəm. Çünki bilirəm ki, o, iki il əvvəl mənim təhvil aldığımdan daha güclü, daha ədalətli, qarşıdakı çağırışlara daha hazır və Leyboristlər Partiyasının ikinci müddətə hakimiyyətdə qalmasını təmin etməyə daha qadir bir Britaniyanı miras alacaq.
Son altı il ərzində yanımda olan bütün dostlarıma və həmkarlarıma göstərdikləri inanılmaz fədakarlıq, xidmət və dəstəyə görə təşəkkür etmək istəyirəm. Dauninq-strit 10-un möhtəşəm komandasına və ölkəmizin fədakar dövlət qulluqçularına minnətdaram.
Və mən ölkənin bu ən böyük vəzifəsindən ayrıldıqdan sonra, zamanımı həyatımın ən vacib işinə sərf edəcəyəm: yaxşı və pis günlərimdə hər zaman yanımda dağ kimi duran möhtəşəm həyat yoldaşım Vik üçün ən yaxşı ər, mənim qürurum və sevincim olan gözəl övladlarım üçün ən yaxşı ata olmağa çalışacağam”.
Rasim
"AzPolitika.info"

Şərhlər