Rusiya qoşunları Ukraynanın şərqindəki strateji əhəmiyyətli Konstantinovka şəhərinə daxil olub və hazırda onu tam mühasirəyə almağa çalışır. Ukrayna hərbçilərinin sözlərinə görə, bütün şəhər faktiki olaraq heç kimin nəzarətində olmayan "boz zona"ya çevrilib.

"AzPolitika" xəbər verir ki, bu barədə BBC-yə cəbhə xəttində döyüşən ukraynalı hərbçilər məlumat verib. 

Təhlükəsizlik səbəbindən adını gizli saxlayan ukraynalı pilotsuz uçuş aparatı (PUA) pilotu vəziyyətin kritik olduğunu bildirib: "Onlar arxamıza sızırlar və şəhər şəraitində rusları oradan sıxışdırıb çıxarmaq son dərəcə çətindir".

Konstantinovka bütün Donbas regionunun "qapısı" hesab olunur. Əgər bu şəhər süqut edərsə, Rusiya qüvvələri Ukraynanın şərqdəki sonuncu qalaları olan Kramatorsk və Slavyansk şəhərlərinə doğru irəliləyə biləcəklər. Bu isə Kremlin bu müharibədəki əsas hədəflərindən biri olan Donbasın tamamilə ələ keçirilməsini xeyli yaxınlaşdıracaq.

Aylardır ki, Rusiyanın Ukraynadakı genişmiqyaslı müharibəsi cəbhə xətti boyu dalana dirənmişdi. Hətta Ukrayna komandanlığı bu il itirdiklərindən daha çox ərazini geri qaytardıqlarını, Moskva ilə işğal olunmuş Krım arasındakı kritik təchizat yollarını kəsdiklərini bəyan edirdi. Rusiya tərəfindən Krıma təyin edilmiş qondarma rəhbərlik yanacaq qıtlığı səbəbindən əhaliyə yanacaq satışını dayandırmaq məcburiyyətində qalmışdı.

Eyni zamanda, Kiyevin Moskva, Sankt-Peterburq və digər şəhərlərdəki neft emalı zavodlarına endirdiyi ardıcıl zərbələr müharibənin ağrısını cəbhədən uzaq olan ruslara da hiss etdirmişdi. Son olaraq Moskvanın ən böyük neft emalı zavoduna edilən hücumdan sonra paytaxt sakinləri "qara yağış" yağmasından şikayətlənirdilər.

Lakin cəbhədə, xüsusən də Kontantinovkada Rusiya ordusu irəliləməyə nail olub. Rus əsgərləri şəhərə cənubdan daxil olaraq, artıq şimal kənarlarına qədər çatıblar.

Rusiya Müdafiə Nazirliyi şəhərin cənub-qərb hissəsində sürətlə irəlilədiklərini və Ukrayna bölmələrini mühasirəyə aldıqlarını iddia edir və bununla bağlı kadrlar paylaşır.

Kiyev isə bu iddiaları rəsmən rədd edir. Şəhərin müdafiəsinə cavabdeh olan Ukrayna Silahlı Qüvvələrinin 19-cu korpusunun komandiri, briqada generalı Oleksandr Bakulin israr edir ki, "vəziyyət nəzarət altındadır və düşmən heç bir uğur qazanmayıb". Bununla belə, general şəhərin daxilində hələ də 130-a yaxın rus əsgərinin qaldığını etiraf edir.

Lakin Kostyantınivka daxilində döyüşən ukraynalı zabit BBC-yə reallığın rəsmi bəyanatlardan daha ciddi olduğunu vurğulayıb: "Şəhərdə hələ də təmizləmə və hücum qruplarımız var, lakin ruslar ora getdikcə daha çox canlı qüvvə toplamağı bacarırlar. İsti yay aylarında ağaclar onlara əlavə sığınacaq yaradır. Biz düşmən PUA pilotlarını hədəf almağa vaxt tapmadığımız üçün onlar sərbəst hərəkət edir, mövqelərimizi aşkarlayır və bizi geri çəkilməyə məcbur edirlər. Cəbhə xətti bu cür hərəkət edir".

Rusiya ordusu Konstantinovkada da daha əvvəl Pokrovsk və digər böyük şəhərləri ələ keçirərkən istifadə etdiyi eyni taktikaya əl atıb: cinahlardan irəliləyərək şəhəri mühasirəyə almaq və təchizat yollarını kəsmək. Rusiya Müdafiə Nazirliyi artıq şəhərin qərbindəki kəndləri tutduğunu elan edib.

Ukraynalı dron pilotu xəbərdarlıq edir ki, vəziyyət artıq "böyük böhrana" çevrilib. Rus qüvvələri mövqelərimizə o qədər yaxınlaşıb ki, uzaq uçuş mənzili olmayan ucuz Çin dronları ilə asanlıqla Ukraynanın dron buraxılış məntəqələrini aşkarlayırlar. Şəhərə quru yolları ilə yardım çatdırmaq demək olar ki, qeyri-mümkün olub.

Ukraynanın cəbhə xəttini izləyən nüfuzlu "DeepState" monitorinq layihəsi bəyan edib ki, Kostantinovkanın süqutu "an məsələsidir". Layihənin hesabatına görə, bu baş verərsə, regionda logistik əməliyyatlar mürəkkəbləşəcək və hətta Kramatorsk şəhərində qalmaq belə "son dərəcə təhlükəli" olacaq.

Şəhərdə döyüşən digər bir ukraynalı əsgər isə canlı qüvvə çatışmazlığından gileylənib: "İtkilərimizi kompensasiya etmək üçün lazımi kömək ala bilmirik. Komandirlərimiz isə itirilmiş mövqelər barədə yuxarıya məruzə etməkdən qorxurlar. Çünki məruzə etsələr, dərhal geri almaq əmri gələcək. Əlimizdə olanı saxlamağa adamımız yoxdur, nəinki hücum təşkil etməyə... Əgər rusların logistikasını vurmasaq və yanaşmamızı dəyişməsək, onlar irəliləməyə davam edəcəklər".

Ekspertlərin fikrincə, Kremlin Konstantinovkanı nəyin bahasına olursa-olsun tez bir zamanda mühasirəyə alıb zəbt etmək istəyi, Ukraynanın Rusiya daxilindəki neft zavodlarına vurduğu ağır zərbələri və Krımdakı yanacaq böhranını gündəmdən düşürmək məqsədi daşıyır.

Rasim Əliyev

"AzPolitika.info"