Rusiya Kommunist Partiyanın seçkiqabağı qurultayında partiya sədri Gennadi Zyuqanov qalmaqallı təkliflə çıxış edib. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Zyuqanov büdcə kəsirini və iqtisadi problemləri həll etmək üçün vətəndaşların əmanətlərinin və müəssisələrin banklara yatırılan vəsaitlərinin müsadirə edilməsini təklif edib.

"Bu gün banklarda 67 trilyon rubl pulunuz var. 67 trilyon rubl və 63 trilyon rubl da müəssisələrin pulu. Cəmi 130 trilyon. Bu, üç dövlət büdcəsidir. Bu pullar banklarda yatır və bankirləri varlandırır", - Zyuqanov deyib.

“Kommunist lider”in sözlərinə görə, təxminən 30 trilyon rubl dərhal müsadirə oluna bilər: "Onlar istehsala və ya başqa bir şeyə - hətta qələbə üçün belə qoyulmur. Bu problem asanlıqla tez bir zamanda həll edilə bilər. Əgər mən prezident olsaydım, bunu tək bir fərmanla həll edərdim. Müharibə şəraitində onun buna hüququ var; o, baş komandandır".

Beləliklə də Zyuqanov açıq şəkildə hökumətə rusiyalıların əmanətlərini müsadirə etməyi təklif edib. Təbii ki, belə çağırışlar insanların kütləvi şəkildə banklara axışması və öz əmanətlərini geri götürməsilə nəticələnə bilər. Bu isə onsuz da çətin duruma düşən Rusiya iqtisadiyyatına, yüksək inflaysiya da daxil olmaqla, ağır zərbə vurar.

Zyuqanovdan fərqli olaraq bunu anlayan Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin rəhbəri Anatoli Aksakov “kommunist lider”in açıqlamalarını "təxribat" adlandırıb. Hətta iddia edib ki, bu cür çağırışlar Ukraynadan və ya Qərbdən qaynaqlanır: “Belə açıqlamalar vermək sadəcə, məsuliyyətsizlikdir. Kimsə Zyuqanovdan qəsdən istifadə edir".

Aksakovun sözlərinə görə, rusların əmanətlərinin müsadirə edilməsi "sadəcə olaraq məntiqsizdir": "Əmanətlər və sair pullar iqtisadiyyata kredit vermək, maliyyə əməliyyatları aparmaq üçün bir resursdur. Əgər biz onu dondursaq, ələ keçirsək, bu, iqtisadiyyatı vəsaitlərdən məhrum etmək deməkdir ki, bu da heç kimin - nə hökumətin, nə də biznesin marağında deyil. Buna görə də, bu deyilənlər cəfəngiyatdır".

“AzPolitika.info”