Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) son üç gün ərzində ikinci dəfə ilhaq edilmiş Krım yarımadasına və Rusiyanın Krasnodar diyarına kütləvi zərbələr endirib. Hücumlar nəticəsində yarımadanın bir çox böyük şəhərlərində işıqlar sönüb, strateji neft terminalları və limanlar alova bürünüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları, "Krımski veter" (Krım küləyi) layihəsi və NASA-nın yanğınları qeydə alan "FIRMS" peyk xidməti məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi də hücumu dolayısı ilə təsdiqləyərək, ölkə ərazisi və Krım üzərində ümumilikdə 141 Ukrayna PUA-sının məhv edildiyini bəyan edib.
Gecə saatlarında Feodosiya, Kerç, Krasnoperekopsk və Şyolkino şəhərlərində güclü partlayış səsləri eşidilib.
Hərbi mənbələrin və peyk görüntülərinin təhlilinə görə, Ukrayna dronları Krımın təchizatı üçün həyati əhəmiyyət kəsb edən Kerç limanındakı neft bazasını, neft məhsullarının saxlanılması və daşınması ilə məşğul olan "TES-Terminal" kompleksini, həmçinin Kerç boğazının Rusiya tərəfində yerləşən "Kavkaz" limanını təkrarən vurub.
"Krımski veter" kanalı peyk şəkillərinə istinadən xəbər verir ki, "Kavkaz" limanındakı neft terminalının ərazisində yeni böyük yanğın ocaqları yaranıb. Bundan əlavə, Kerçdəki "Nasosnaya-2" yarımstansiyasında, "Yujnaya" dəmir yolu vağzalında və Arşintsevo yaxınlığındakı İstilik Elektrik Mərkəzində (TEM) də güclü yanğınların başladığı qeydə alınıb.
Kerç və liman infrastrukturuna endirilən bu dağıdıcı zərbələrdən dərhal sonra Krımın böyük bir hissəsində, xüsusən də Evpatoriya və Cankoy şəhərlərində elektrik enerjisinin verilişi tamamilə kəsilib.
İşğalçı administrasiyanın nəzarətində olan "Krımenergo" şirkəti kütləvi qaranlığı rəsmən təsdiq etsə də, bunun PUA zərbələri ilə deyil, bəzi "texnoloji pozuntularla" bağlı olduğunu iddia edib. Qondarma qurum enerjinin 24 saat ərzində bərpa olunacağını vəd etsə də, yerli sakinlər vəziyyətin daha kritik olduğunu bildirirlər.
Ukrayna ordusu iyunun 21-nə keçən gecə də Kerç və "Kavkaz" limanına analoji ağır zərbələr endirmişdi. Həmin hücumdan sonra yarımadada benzinin azad satışı dayandırılmış, yanacaq qıtlığı başlamış və kütləvi elektrik kəsintiləri tətbiq olunmuşdu. Hətta rusiyalı uşaqların Krımdakı yay düşərgələrinə gəlişi ləğv edilmiş, Krım körpüsündə kilometrlərlə uzanan tıxaclar yaranmışdı. Son zərbələr yarımadanın logistik izolyasiyasını daha da dərinləşdirib.
Rusiya hərbi rəhbərliyi Krım administrasiyasının susduğu bir vaxtda genişmiqyaslı hücumun coğrafiyasını açıqlayıb. Rəsmi məlumata görə, Ukrayna PUA-ları təkcə Krımı deyil, eyni zamanda Rusiyanın daxili vilayətlərini də hədəf alıb.
Rusiya hava hücumundan müdafiə sistemlərinin Krım, Belqorod, Bryansk, Kursk, Kaluqa, Smolensk, Tula, Oryol vilayətləri, Krasnodar diyarı, Moskva regionu, həmçinin Qara və Azov dənizləri akvatoriyasında aktiv işlədiyi bildirilir. Rusiya tərəfi hələlik itkilər və xəsarət alanlar barədə məlumat verməyib.
Rasim Əliyev
"AzPolitika.info"
***

Şərhlər