İlhaq edilmiş Krım yarımadası yanacaq böhranı ilə yanaşı elekrik kəsintisilə də üz-üzə qalıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Ukrayna dronlarının gecə hücumu və Sovetski rayonundakı böyük elektrik yarımstansiyasının vurulması yarımadanın qərb və şimal bölgələrində elektrik kəsintilərinə səbəb olub. Bu barədə “Krımenerqo” da rəsmi məlumat yayıb və "elektrik şəbəkəsində texnoloji fasilələr" olduğunu bildirib. Kəsintilər Yevpatoriya, Saki, Krasnoperekopsk və Cankoy şəhərlərini, eləcə də ətraf rayonları əhatə edib.

Yerli media orqanları yazır ki, Krımda əhali kütləvi şəkildə bank şöbələrinə üz tutaraq nağd pul çıxarmağa çalışırlar. Çünki mağazalarda elektrik kəsintisi olduğundan hesablaşmalar nağd yolla aparılır. Yerli hakimiyyət orqanları elektrikin 24 saata bərpa olunacağını vəd etsə də, buna inam azdır. Çünki Ukraynanın PUA hücumları dayanmır.

Qeyd edək ki, dünən gecə Ukrayna Krımdakı hədəflərə daha bir kütləvi dron hücumu həyata keçirib. Digər hədəflərlə yanaşı, yarımadadakı böyük Nasosnaya-2 elektrik yarımstansiyası da vurulub və stansiyada yanğın baş verib.

Ötən həftənin sonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Krım artıq qismən elektriksiz qalmışdı. Yeni zərbə isə vəziyyəti daha da ağırlaşdırıb. Yarımadanın Rusiya tərəfindən təyin olunmuş başçısı Krım sakinlərini kondisionerləri və digər elektrik cihazlarını söndürməklə enerji istehlakını məhdudlaşdırmağa çağırıb.

Bundan öncə Ukraynanın Müdafiə naziri Mixail Fyodorov Ukrayna Silahlı Qüvvələrinin Krımı Rusiyadan ayırmaqla məşğul olduğunu bəyan etmişdi: "Krım dronlar tərəfindən təcrid olunur və görünür ki, tezliklə adaya çevriləcək. Bu, ruslar üçün çox gözlənilməz nəticələrə səbəb ola bilər".

“AzPolitika.info”