Turizm və ictimai iaşə sektoru son illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatında mühüm rol oynayan sahələrdən biri kimi qiymətləndirilir. 

Buna baxmayaraq, 2025-ci ilin göstəriciləri gözlənilən proqnozlarla faktiki nəticələr arasında müəyyən fərqlərin olduğunu ortaya qoyub. Rəsmi qiymətləndirmələrə görə, sektor il ərzində 8,5 faiz real artım nümayiş etdirib, lakin bu rəqəm əvvəlki proqnozlardan bir qədər aşağı olub.

Azərbaycanın turizm potensialının tam reallaşmasına hansı amillər mane olur? Turizm sektorunda mövcud problemlər hansı istiqamətlərdə özünü daha çox göstərir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən “İngiltərə Kral İqtisad Cəmiyyəti”nin üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib ki, Azərbaycanın turizm və ictimai iaşə sektoru son illərdə iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilsə də, mövcud potensial hələ tam şəkildə reallaşdırılmayıb.

Onun sözlərinə görə, 2025-ci ildə qeydə alınan artım müsbət nəticə hesab olunsa da, sektorda hələ də müəyyən problemlər qalmaqdadır: “Turizm potensialının tam reallaşmasına mane olan əsas amillərdən biri bəzi regionlarda nəqliyyat və logistika infrastrukturunun kifayət qədər inkişaf etməməsidir. Xüsusilə turizm baxımından cəlbedici olan dağlıq və kənd ərazilərində yolların, ictimai nəqliyyatın və xidmət infrastrukturunun məhdudluğu turist axınının genişlənməsinə mane olur.

Digər mühüm problem isə turizm xidmətlərinin mövsümilikdən asılı olmasıdır. Turist səfərlərinin əsasən yay və bayram dövrlərində cəmləşməsi ilin digər aylarında otellərin, restoranların və digər xidmət müəssisələrinin doluluq səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu isə sektorun gəlirlərinin sabitliyinə mənfi təsir göstərir”.

A.Əzimzadənin fikrincə, turizm sektorunda xidmət keyfiyyəti və peşəkar kadr hazırlığı da diqqət tələb edən əsas istiqamətlərdəndir: “Bəzi bölgələrdə beynəlxalq standartlara uyğun xidmət səviyyəsinin tam formalaşmaması, xarici dil bilən əməkdaşların çatışmazlığı və müasir turizm menecmenti bacarıqlarının məhdud olması turist məmnuniyyətinə təsir edir”.

Ekspert əlavə edib ki, marketinq və beynəlxalq tanıtım sahəsində də müəyyən çətinliklər mövcuddur: “Azərbaycanın zəngin təbiəti, mədəniyyəti və qastronomiya imkanlarına baxmayaraq, bəzi xarici bazarlarda ölkənin turizm məhsulları kifayət qədər tanınmır. Bu səbəbdən turist bazarlarına çıxış imkanlarından tam istifadə olunmur.

Sadalanan problemlər yalnız xarici turist axınına deyil, daxili turizmə də təsir göstərir. Xüsusilə regionlarda 2 və 3 ulduzlu otellərin azlığı qiymət artımına səbəb olur. Nəticədə bəzi hallarda regionlarda istirahət etmək xarici ölkələrdə istirahətdən daha baha başa gəlir. Bu isə ciddi və struktur xarakterli problem hesab olunur”.

A.Əzimzadə sonda vurğulayıb ki, Azərbaycanın turizm potensialından daha səmərəli istifadə olunması üçün regionlarda infrastrukturun inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, peşəkar kadr hazırlığının gücləndirilməsi, turizm məhsullarının diversifikasiyası və beynəlxalq tanıtım fəaliyyətlərinin genişləndirilməsi vacibdir: “Bu tədbirlər sektorun dayanıqlı inkişafını təmin etməklə yanaşı, qeyri-neft iqtisadiyyatının artımına da mühüm töhfə verə bilər”.

Oğuz Ayvaz

AzPolitika.info