Ukrayna Silahlı Qüvvələrinin(USQ) Rusiya paytaxtına dron zərbələri endirməsindən sonra çoxları Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin həmişəki kimi “nüvə dəyənəyi”ni yelləyəcəyini gözləyirdi. Amma bu baş vermədi. Əksinə, ictimaiyyət qarşısında bu zərbələrin effektini kiçiltməyə çalışdılar. Üstəlik, yəqin ki, Kremldə artıq Ukraynanı “qırmızı xətt”, ”nüvə dəyənəyi”, “apokalipsis” kimi anlayışlarla qorxutmağın mənasızlığını anlayırlar...
Hadisələrin inkişafı USQ-nin dron zərbələrinin səmərəsinin getdikcə artdığnı göstərir. Ukrayna artıq Rusiyanın Neft Emalı Zavodları ilə yanaşı, digər həssas obyektlərini də hədəf alır. Məsələn, bir neçə gün öncə Moskva vilayətindəki “Dubna” kosmik rabitə mərkəzi sıradan çıxarıldı.
Kremlin ölkədəki benzin qıtlığının, Krımın havadan mühasirəyə alınmasının, yarımadaya gedən yolların faktiki nəzarətdən çıxmasının qarşısını necə alacağı maraq doğurur. Krıma giriş yolları iflic edildiyindən yarımadaya yanacaq və digər zəruri məhsulların çatdırılması müşkülə çevrilib, dronların zərbələri nəticəsində bəzi neft-qaz və energetika sistemləri məhv edilib. Krımda sosial həyat yavaş-yavaş kollapsa doğru gedir. Belə görünür ki, Kreml Krımın təchizat kəsintisinin qarşısını hərbi yolla almaq iqtidarında deyil. Rusların Ukraynanın Süni İntellekt əsasında işləyən “middle stike” tipli “Hornet” dronalrına qarşı maksimum edə biləcəyi şey radioelektron mübarizə ola bilər.
Döyüş meydanında hər gün yüzlərlə əsgərin ölməsi və ölkənin tədricən tənəzzülə yuvarlanması Vladimir Putini müharibəni dayandırmaq fikrinə salacağı hələlik inandırıcı görünmür. İnternetdəki videomateriallara baxanda Rusiya əhalisnin müharibədən təngə gəlməsi təsəvvürü yaranır. Düzdür, Rusiyada vətəndaşların narazılığı var, amma bu, qətiyyən kütləvi xarakter almayıb. Həm də ki, Rusiya cəmiyyətində etirazçı kütləni bir araya gətirə biləcək siyasi qüvvə yoxdur.
Rusiyada iqtisadi problemlər və inflyasiya olsa da, zəruri tələbat mallarının çatışmazlığı yaşanmır, həyat öz axarı ilə davam edir. Rusiyanın müharibə aparmaq və əhalinin güzəranını təmin etmək üçün pulu var. Ölkə müharibədən öncəki qədər olmasa da karbohidrogenlərin satışından böyük pullar qazanmaqda davam edir. Avropa və ABŞ sanksiyalarına baxmayraq, onun müharibə planları qüvvədə qalır.
Putin Ukraynaya hücum etməmişdən öncə düşünürdü ki, neft-qaz baxımından Rusiyadan asılı vəziyyətə düşümüş Avropa ona qarşı ciddi tədbirlər görə bilməz. Ukraynaya müdaxilə etməmişdən öncə Avropa Rusiyadan il ərzində 155 milyard kubmetr qaz (LNG də bura daxildir) və 115 milyon ton neft alırdı. Ancaq indi bu idxal böyük ölçüdə azaldılıb. Avropa hazırda Rusiyadan illik 10 milyon ton neft, 36 milyard kub metr mayeləşdirilmiş təbii qaz(LNG) alır.

Avropa İttifaqı haliyədə Rusiyadan LNG alsa da, bu yalnız köhnə müqavilələr üzrə tədarükdür və bu ilin sonunda Rusiyadan Avropaya qaz idxalı tamamilə daynacaq. Avropanın Rusiyadan aldığı qaz, onun ümumi idxalının təxminən 12 faizini təşkil edir. Bu illər ərzində köhnə qitə özünü alternativ qazla təchiz etməyi bacarıb. Belə ki, Avropa Norveçdən boru kəməriylə 90 milyard kub metr, ABŞ-dən isə tankerlərlə 75 milyard kub metr mayeləşdirilmiş təbii qaz alır. Britaniya da Avropanı təxminən 13 milyard kub metr qazla təmin edir. Avropa həmçinin Əlcəzair və Tunisdən də 36,7 milyrd kub metr qaz idxal edir.
Xüsusi qeyd edək ki, Azərbaycan da Cənub Qaz dəhlizi vasitəsilə il ərzində Avropaya təxminən 11,3 milyard kub metr qaz verir. Qətərin Avropanın qaz təchizindəki payı isə illik 10 milyard kub metrdən bir qədər çoxdur. Avropa Rusiyadan ümumi qaz asılılığını 45 faizdən 12 faizə kimi endirib və ilin sonunda bu asılılıq da aradan qalxacaq. Avropanın neftə olan tələbatının 27 fazi (illik 115 milyon ton)Rusiyadan ödənilirdi. Rusiyanın Avropaya neft satışı demək olar ki, dayandırılıb. Lakin xüsusi istisna kimi Avropa Komissiyası Macarıstan və Slovakiyanın Rusiyadan boru kəməri ilə neft idxal etməsinə (illik 10 milyon ton) 2027-ci ilin sonuna kimi icazə verib.
Avropanın enerji əldə etməsi daha başa gəlsə də, geostarteji maraqlar iqtisadi maraqları üstələyib. Lakin məsələ ondadır ki, Avropanın Rusiya enerji daşıyıcılarından imtina etməsi Moskvanı tam gəlirsiz qoymayıb. Rusiya Avropa bazarından çıxsa da, istiqaməti Çin və Hindistan tərəfə dəyişə bilib. Öz növbəsində Avropa da Moskvanın enerji şantajından yaxa qurtararıb. Hazırda Rusiya karbohidrogen ixracından ildə təxminən 210-215 milyard pul qazanır. Rusiya Federal Gömrük Xidmətinin və Mərkəzi Bankının verdikləri məlumatlara əsasən Rusiya 2021-ci ildə neft, neft məhsulları və təbii qaz satışından 243 milyard dollar gəlir götürmüşdü. Göründüyü kimi, Rusiya indi təqribən 30 milyard dollar itirib. Lakin bu, Kreml üçün böyük problem deyil, əksinə, Kremldə bəziləri Avropa bazarına alternativ tapdığı üçün eyforiyaya düşüb. Daha anlamırlar ki, Çin Rusiya neft və qazını onun taqətdən düşənə kimi üzücü müharibəni davam etdirməsi üçün alır. Pekin yaxşı görür ki, Rusiya qazandığı pulları ölkənin inkişafına yox, rəhbərinin sonu faciə ilə yekunlaşacaq sərsəm fantaziyalarına xərcləyir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Rusiyanın maliyyə qaynağı kəsliməyincə, Putin müharibəni davam etdirəcək. Rusiyada strateji planlama həyata keçirən kollektiv beyin mərkəzi yoxdur. Ukrayna ilə aparılan müharibədən belə anlaşılır ki, Rusiya hakim elitasında sanki hərə öz hayındadır və hamı məsuliyyətdən yayınmaq üçün bütün taleyüklü qərarların verilməsini Putinə həvala edib.
Ətrafına yığdığı adamlar Putinə deyirlər ki, siz vəziyyəti daha yaxşı təhlil edirsiniz və düzgün qərarlar verirsiniz. Putinin çıxışlarından və davranışlarından anlaşılır ki, o, hələ də Ukraynanı cəbhədə taqətdən salacağına və “sürünərək” Donbası ələ keçirəcəyinə əmindir. Rusiya Prezidentinin düşnəcəsinə görə, bunun üçün milyonlarla rusiayalının ölməsi və ya şikəst olması müharibənin (SVO) şərtlərinə görə tamailə normal haldır. Rusiya Prezidentinin müharibəni davam etdirməkdən başqa hər hansı bir alternativ strateji planı yoxdur. Əgər belə bir plan olsaydı, o, Ukraynanın getdikcə güclənməsinin səbəblərini anlayardı.
Ukraynanın əlində istifadə olunmamış iki güclü kart var. Bunlar Rusiyanın neft ixrac terminallarının məhv edilməsi və özünün hazırlıq mərhələsində olan ballistik və qanadlı raketlərdir.

Rusiyanın neft ixracının təxminən 45 faizi Baltik limanları Primorsk və Ust -Luqanın, 18 fazi isə Qara dənizdəki Novorossiysk və Tuapsenin payına düşür. Ukrayna ordusu bu limanlara bir neçə dəfə zərbələr vursa da, Rusiya neftdoldurma terminalları fəaliyyətini bərpa edə bilib. Ancaq çox güman ki, Ukrayna hansısa həlledici məqamda bu terminalları tamamilə məhv etməyi planlayır və indiki gedişlə bunun baş tutacağına şübhə yoxdur. Belə olan təqirdə, Rusiya gəlirinin 60 faizindən məhrum olacaq...
Ümumiyyətlə, müharibə şiddətlənərsə, ruslar ən krtik məqamlarda durmadan Kyevi dron və raket atəşinə tuta, Zelenskinin iqamətgahını vura bilərlər. Amma bu, vəziyyətdən çıxış yolu deyil, çünki əks zərbələr birbaşa Kremlə, Putinin qərargahlarına yönələcək. Bir çox analitiklər hesab edir ki, Putin müharibəni dayandırmasa, Rusiya taqətdən düşəcək, ölkədəki ictimai sabitlik pozulacaq və yekun nəticədə ölkə nəinki məğlub olacaq, həm də parçalanacaq. Putinin yürütdüyü avantürist siyasi kurs isə Rusiyanı hərbi-iqtisadi cəhətdən tədrici templə kollapsa doğru sürükləyir.
“AzPolitika.info”

Şərhlər