"Bəli, həqiqətən də əlaqələr mövcuddur; onlar bir neçə sahədə, bir neçə istiqamətdə qurulub. Mən bunda heç bir sirr görmürəm. Yeni təkliflər var".
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kreml jurnalisti Pavel Zarubinə müsahibəsində Ukrayna danışıqlarına dair sualı cavablandırarkən deyib.
Lakin Putin söhbətin hansı “yeni təkliflər”dən getdiyini deməyib.
Ümumilikdə isə Putin bu müsahibəsində Ukraynaya qarşı işğalçılıq müharibəsini yaxın zamanda dayandırmaq fikrində olmadığını ortaya qoyub.
Məsələn, Putin deyib ki, Moskva "hərbi əməliyyatları yalnız dörd bölgə ilə məhdudlaşdırmaq" təklifləri alıb: Xerson və Zaporojye bölgələri, "DXR" və "LXR". Yəni, Ukrayna qarşılıqlı hava zərbələrini, eləcə də digər sərhədyanı ərazilərdəki hərbi əməliyyatları dayandırmağı və müharibəni sırf cəbhə boyu lokallaşdırmağı təklif edib.
Lakin Putin bu təklifi rədd etdiyini bildirib: "Əgər biz buna razı olsaq, bu, Ukrayna Silahlı Qüvvələrinə qoşunlarını Nikolayev, Dnepropetrovsk, Xarkov və Sumı bölgələrindən, eləcə də dövlət sərhədinin müəyyən hissələrindən çıxarmaq və bu bölmələri yuxarıda qeyd olunan dörd bölgəyə köçürmək imkanı verəcək".
Qeyd edək ki, Putinin bu fikrində müəyyən məntiqsizlik var. Çünki onun sadaladığı cəbhədən kənar ərazilərdə təkcə Ukrayna deyil, Rusiya bölmələri də var. Orada savaş dayandırılsa, təkcə Ukrayna deyil, Rusiya da öz qüvvələrini həmin ərazilərdən yığıb cəbhə xəttinə gətirə bilər. Lakin bunu etmir. Deməli, məqsəd başqadır – həmin ərazilərdəki dinc əhalini, şəhərləri, kəndləri daim bombardman altında saxlamaq, insanları didərgin salmaq və həmişəki kimi, bu yolla Kiyevə təzyiq göstərmək.
Putin növbəti dəfə rəsmi Kiyevin “bu gün - sabah təslim olacağı” görüntüsü yaratmağa çalışıb. Onun sözlərinə görə, Kiyevin müharibəni 4 vilayətdə lokallaşdırmaq təklifi Ukraynanın canlı qüvvəsinin "fəlakətli çatışmazlığı" səbəbindən irəli gəlir.
Bundan əlavə, Putin bildirib ki, Rusiyanın Ukrayna ərazisinin dərinliyinə "cavab zərbələri daha güclü və həssasdır".
Rusiya Prezidenti həmçinin müsahibəsində Donald Trampla Ankoricdə keçirdiyi görüşə toxunub.
O, Rusiyanın Ankoricdə ABŞ ilə heç bir rəsmi razılaşmaya girmədiyini bildirib və qeyd edib ki, Trampla görüşdə müharibənin bitməsi üçün variantlar və Amerika tərəfinin təklif etdiyi kompromislər müzakirə olunub: "Heç kim heç nə imzalamadı, amma biz Ukraynadakı münaqişənin bitməsi üçün müəyyən imkanları müzakirə etdik və müzakirə olunan kompromislər məhz Amerika tərəfinin bizə verdiyi təkliflər idi... Moskva bu kompromisləri qəbul etməyə razı oldu". Yenə də söhbətin hansı kompromislərdən getdiyi açıqlanmır…
Cəbhədəki vəziyyətdən danışan Putin iddia edib ki, Rusiyanın hücumları 15 istiqamətdə “uğurla davam edir": "Ukrayna Silahlı Qüvvələrinin strateji müdafiə xəttinin ən vacib qalalarından biri olan Konstantinovkanın 96%-i bizim əlimizdədir". Qeyd edək ki, Ukrayna tərəfi bu iddiaları təkzib edir.
Putin həmçinin bildirib ki, Krasnıy Liman (Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonundakı Liman şəhəri) faktiki olaraq ələ keçirilib: "Burada azad edilməli 11.000 evdən yalnız 149-u qalıb".
Putinin sözlərinə görə, Rusiya qoşunları Slavyanska doğru da "yaxşı templə" irəliləyir. O əlavə edib ki, Zaporojye istiqamətində Rusiya qoşunları guya "gündə 1 kilometrdən 1 kilometrə 300 metrə qədər geniş cəbhədə irəliləyir". O, həmçinin bildirib ki, Rusiya qoşunları Sumı şəhərindən "təxminən 10,5 kilometr" məsafədədir.
Göründüyü kimi, Rusiya Prezidenti özünün “dünyanın ikinci ordusunun” irəliləyişini “azad edilən” ev sayı ilə ölçür. Əlbəttə ki, burada “azad edilən” yox, “məhv edilən” ifadəsinin işlənməsi daha doğru olardı…
Putin nəhayət, Rusiyanı öz ağuşuna almış yanacaq böhranına da şərh verib. Lakin bu şərh, hətta ən qatı “Z-blogerlər” və müharibə tərəfdarları tərəfindən belə hiddətlə qarşılanıb.
Belə ki, Putin Ukrayna hücumlarının Rusiyada yaratdığı problemləri kritik hesab etmədiyini deyib: "Ümumiyyətlə kritik infrastruktura və xüsusən də enerji infrastrukturuna endirilən zərbələrə gəldikdə isə əlbəttə ki, bu zərbələr problemlər yaradır. Bu, göz qabağındadır; hazırda müəyyən bir defisit görürük, amma bu, kritik deyil."
Görünən odur ki, getdikcə Putinin açıqlamaları real vəziyyətdən daha çox uzaqlaşmağa başlayır və bunun Rusiya üçün nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq getdikcə daha da çətinləşir…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər