Xaləddin İbrahimli, peofessor
Üç önəmli alışqanlıqdan sonra bir də alışmağın (bu kontekstdə öyrəşmək) faydalı və zərəli tərəflərinə baxmağa çalışaq. Alışmaq bəzən insanın xilası, bəzən isə ruhun səssiz məğlubiyyətidir. Yaşanan travmalar ilk mərhələdə başgicəlləndirici bir şok yaradır; lakin günlər, həftələr keçdikcə insanlar sanki yenidən alışmağa/öyrəşməyə başlayırlar.
Psixologiyada “hedonik adaptasiya” kimi tanımlanan bu hadisəyə görə, başımıza gələn ən müsbət və ya ən mənfi hadisələr belə zamanla adi hala çevrilir. Lotereyada böyük məbləğ udan bir insanın illərlə davam edəcəyi düşünülən xoşbəxtliyi qısa müddətdə normal səviyyəyə qayıdır; iflic keçirən bir insanın ilk ayda yaşadığı ümidsizlik də zamanla azalır. Deməli, insan beyni emosional yüksəliş və enişlərdən sonra öz “tarazlıq nöqtəsi”nə, daha dəqiq ifadə etsək dəngəyə, fizioloji terminlə ifadə etsək homeostaza geri dönməyə meyillidir.
Bu fitri adaptasiya (uyum sağlama) qabiliyyəti bəzən bir qurtuluş kimi işləyir. Məsələn, dəhşətli bir zəlzələ və ya pandemiyadan sonra milyonlarla insanın həyatı iflic vəziyyətinə düşə bilər. Başlanğıcda hər kəs panika içində olur: ağlayan uşaqlar, narahat, bəzən də tamam yox olan ailələr, tərk edilmiş evlər, şəhərlər... Amma zaman keçdikcə insanlar ağrılarına alışır, gündəlik yaşamlarına qayıtmağa çalışırlar. Xalq sağlamlığı üzrə mütəxəssislər də məhz buna görə travmadan sonra normal həyata qayıtmağın vacib olduğunu bildirirlər: “gündəlik yaşama davam etməyiniz həm sizin, həm də ailənizin qorxu, narahatlıq və çarəsizlik duyğularının sakitləşməsinə kömək edəcəkdir.”
Erkən saatlarda çalan həyəcan siqnalları susduqda, bədən və zehin yenidən öz “dəngəsini” qurmağa çalışır. Bu baxımdan, alışmaq/öyrəşmək həyatda qalma instinktinin bir hissəsidir və ruhu qoruyub gücləndirir.
Digər tərəfdən, adaptasiyanın qaranlıq bir tərəfi də var. Addım-addım normallaşan faciələr zamanla artıq fərq edilməyəcək hala gəlir. Kamyunun “Taun” romanında Oran şəhərində taun sürətlə əvvəlki gündəlik həyatın bir parçasına çevrilir; ölümlər belə sıradan statistik göstəricilər olur.
Eyni şəkildə bu gün özümüzə sual verməliyik: bir bombardmanın səsinə belə artıq dönüb baxmayacaq hala gəlməmişikmi? Kütləvi haqsızlığa göz yummaq kimi bir etinazslığın əsiri olmamışıqmı?
Mütəxəssislər bu vəziyyəti də izah edirlər: ruh hər şeyə alışmağa
öyrəşməyə başladıqda fəlakət ortadan qalxmır, sadəcə daxili dünyamızı keyləşdirməyə başlayır. Əsl təhlükə də buradadır: fəlakətə alışmaq/öyrəşmək fəlakəti yüngülləşdirmir, sadəcə gözlərimizi kor edir. Bu, bizi yavaş-yavaş duyarsızlaşdırır, “bu da həyatın bir parçasıdır” deyərək hər şeyi ötüşdürməyimizə səbəb olur.
Bu uyğunlaşma prosesinin bir ölçüsü olmalıdır. Psixoloji dayanıqlılıq ədəbiyyatında böhrandan sonra dəngəni yenidən bərpa edən adaptasiya qabiliyyəti müsbət qiymətləndirilir. Lakin bu sərhəd aşıldıqda həmin mexanizm sağlamlıqdan uzaqlaşır. Əgər insan hər pisliyə “belə də olmalıdır” deyərək gözlərini yumarsa, alışdığı/ öyrəşdiyi şeylə mübarizə aparmaq əvəzinə onun bir parçasına çevrilər. Bir tərəfdən həyatı qəbul edib irəliləmək lazım gələ bilər; digər tərəfdən isə insan ruhu hər şeyə boyun əyməməlidir.
Bəlkə də Kamyunun mesajı budur: əsas məsələ alışmaq/öyrəşmək deyil, nəyə alışdığımızdır. Hər yeni gün ümidə sarılmaq, fəal şəkildə mübarizə aparmaq yaşamağın mahiyyətidir. İnsan bir faciə qarşısında sarsıla bilər, tədbir görə bilər, psixologiyasını qorumaq üçün qısa müddətlik gündəlik yaşam ritmlərinə sığına bilər. Lakin ədalətsizliyi, haqsızlığı qəbul edərək yaşamamalıyıq. İçində yaşadığımız “normal” həyatın bir parçasına çevrilməli olan yeganə şey müqavimət və mətanət olmalıdır.
Nelson Mandelanın həyatı da düşündürücü bir nümunədir. Mandela 27 il həbsdə qaldı. O, həbsxananın ağır şərtlərinə müəyyən mənada uyğunlaşmalı idi; çünki insan yaşamaq üçün bəzən şəraitə dözməyi öyrənir. Amma Mandela həbsxanaya alışsa/öyrəşsə də, ədalətsizliyə alışmadı. O, gündəlik məhrumiyyətləri qəbul etdi, lakin aparteid rejimini “normal” saymadı. Məhz bu fərq onu sındırmadı. Onun həyatı göstərir ki, insan bəzən çətin şəraitə dözərək özünü qoruyur, amma haqsızlığı adi hal kimi qəbul etdiyi anda ruhən məğlub olur, insani keyfiyyətini itirir.
Nəticə etibarilə, insanı xilas edən şey hər şeyə alışmaq/öyrəşmək deyil, nəyə alışdığını ayırd edə bilməsidir. Ağrıdan sonra ayağa qalxmaq qurtuluşdur; haqsızlığı və fəlakəti “normal həyat” kimi qəbul etmək isə ruhun səssiz məğlubiyyətidir. Fəlakətə qarşı müqaviməti buraxmadan vicdanımızın səsini də dinləməliyik.
“AzPolitika.info”

Şərhlər