Məktəb dərsliklərində uzun illərdir klassik və tanınmış Azərbaycan yazıçılarının əsərlərinə yer verilir. Bununla yanaşı, son onilliklərdə müasir ədəbiyyatda da diqqətçəkən əsərlər ortaya qoyan, geniş oxucu auditoriyası qazanan müəlliflər yetişib. 

Bu isə yeni bir müzakirəni gündəmə gətirir: çağdaş Azərbaycan yazıçılarının əsərləri məktəb proqramlarında daha geniş şəkildə təmsil olunmalıdırmı? Əgər belədirsə, hansı müəlliflərin yaradıcılığı şagirdlərə təqdim edilməyə daha uyğundur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən tanınmış yazıçı, şair Rasim Qaraca bildirib ki, o, orta məktəbdə oxuyarkən bəzi fənlərin lazımsız olması ilə bağlı cəmiyyətdə ümumi bir fikir mövcud idi. 

“Həmin fənlər səthi keçilir, ciddi tələb qoyulmadığı üçün biz də onlara ciddi yanaşmırdıq. Azərbaycan dili, Azərbaycan tarixi və qismən Azərbaycan ədəbiyyatı fənləri bu qəbildən idi. Görünür, bu ənənə indi də davam edir. Dərsliklərlə yaxından tanışlığım yoxdur. Lakin sərgilər zamanı məktəblilərin kitabla davranışından başa düşürəm ki, onların bədii ədəbiyyatla təması demək olar ki, yox dərəcəsindədir. “Azərbaycan dili” dərslərinə “Əşi, onsuz da öz dilimizdir, oxumasalar da olar”, “Ədəbiyyat” fənninə isə nağıl kimi baxan, onu ciddiyə almayan müəllim ordusu yetişib. Əzbərçilik və biliyin test cavablarına çevrilməsi, mənim fikrimcə, düşüncə baxımından kor bir nəslin yetişməsinə səbəb olur”, - deyə o bildirir.

Rasim Qaraca sonda deyib ki, kitab oxumaq vərdişləri sürətlə arxaikləşir: “Buna görə də istər klassik, istərsə də müasir müəlliflərin dərsliklərdə yer tutması və ya tutmaması vəziyyəti dəyişdirmir. Mən razıyam, müasir müəllifləri dərsliyə salmasınlar, amma əvəzində klassikləri yaxşı öyrətsinlər. Məktəbi bitirən gəncin xəyal gücü güclü klassik əsərlərlə qanadlansın”.

Oğuz Ayvaz 

AzPolitika.info